ƏMİRXEYİR

Əmirxeyir (1991-ci ildən Kalavan) kəndi Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə, Qaraqoyunlu dərəsində azərbaycanlıların yaşadığı kənddir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olub. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulublar.

1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7-8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi.

Əmirxeyir kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradılıb. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qalıb. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradılıb.