Arif Alışanov 2016-cı ili 1937-ci illə dəyişik salıb – VİDEO

Arif Alışanov 2016-cı ili 1937-ci illə dəyişik salıb – VİDEO

Qulu Məhərrəmli – Arif Alışanov qalmaqalına kənardan ötəri baxış

Xəbər verildiyi kimi, fevralın 14-də Azərbaycanda televiziyanın kütləvi yayıma başladığı günün 60 illiyi qeyd edildi. Düzdür, bu qeydedilmə ölkədə fəaliyyət göstərən  12 televiziyadan yalnız AzTV-nin payına düşürdü, çünki 1956-cı ildə məhz bu televiziya yayımlanırdı. Elə təbrik məktubları, xoş sözlər alanlar da bu televiziyada çalışanlar və onun 10 illik sədri Arif Alışanov oldu.

Ancaq tanınmış telejurnalist Qulu Məhərrəmlidən alınan və ölkə qəzetlərinin birində yayımlanan “Alışanov insan yaramazlığının tükənməz potensiala malik olduğunu göstərdi” adlı müsahibə o təbrik məktublarının və xoş sözlərin üstündən qara bir xətt çəkdi. Və hər şey də bundan sonra başladı. Ancaq başlamaya da bilərdi. Sadəcə AzTV-nin sədri Arif Alışanov və yaxud onun mətbuat xidməti müsahibədə yer alan məqamlara cavab vermək üçün ölkə jurnalistlərindən birini və yaxud bir neçəsini dəvət edib açıqlama verə bilərdi. Bunun üçün isə AzTV-nin kifayət qədər maddi-texniki bazası var.

Soruşula bilər. Bunu Arif Alışanov niyə etməyib? Çünki o, bir cümləni bir cümlənin arxasınca düzüb danışa bilmir (Milli Məclisin bundan əvvəlki çağırışında o, 5 il deputat olub və bir dəfə də olsun iclaslarda növbəyə yazılaraq söz danışmayıb). Belə olan halda jurnalistlərə necə müsahibə verə bilərdi? Yəqin onun kadrı hesab edilən mətbuat xidməti də Qulu Məhərrəmliyə köklü cavab verə bilməzdi.

İndi gəlin, Qulu Məhərrəmlinin müsahibəsində Arif Alışanovu qıcıqlandıran məqamlara toxunaq.

Tanınmış jurnalist 60 yaşlı AzTV-nin tarixində adları qızıl hərflərlə yazılan sədrlərin arasında Arif Alışanovun adını çəkməyib.

Onun fikrincə, 2006-cı ildə sədr kreslosuna əyləşən Arif Alışanovun içi bom-boşdur, çox bəsitdir, yaradıcı qabiliyyəti, idarəçilik mədəniyyəti, adi savadı, ümumi səviyyəsi və elementar dünyagörüşü yoxdur.

Qulu Məhərrəmli hesab edir ki, Alışanov mahiyyətcə yaradıcılıqdan çox uzaqdır və dağıdıcı adamdır. Buna görə də o, Arif Alışanovu AzTV tarixinin qara ləkəsi adlandırıb.

Teleaparıcı bildirir ki, Arif Alışanovun düşüncəsi feodaldır, idarəçiliyi əcaibdir, insanlarla davranışında kobud və məkrlidir, şərə xidmət edir, qeyri-adekvat və impulsiv davranışları var: “O, göstərdi ki, insan xisləti nə qədər mürəkkəbdir və yaramazlıq tükənməz potensiala malikdir”.

Qulu Məhərrəmli qeyd edir ki, Arif Alışanov gəncləşdirmə adı ilə AzTV-yə xeyli naşı və təfəkkürsüz adamları doldurub: “O, bu televiziyanı sanki eksperimental studiyaya, oyuncağa çevirib, strukturla bağlı tez-tez qeyri-ciddi, diletant və bəzən də əcaib addımlar atır, mənasız kadr dəyişiklikləri edir. Rəhbərin qeyri-sabit, dəyişkən və qərarsız olması istənilən televiziya üçün təhlükədir.  Ən pis olan isə AzTV-nin kommersiyalaşması və özəl kanalları yamsılamasıdır. Yəni bu qədər yaradıcı qüvvəsi və pulu olan bir TV-nin özəl kanalların artığına göz dikməsi, oradan layihə və aparıcı gətirməsi biabırçılıqdır. Nəticədə 60 illik tarixi olan bir televiziya zövqsüzlüyün, bəsitliyin və özfəaliyyətin qurbanına çevrilir”.

Tanınmış jurnalist fikrinin sonunda vurğulayır ki, AzTV-dəki kriminal barədə ölkədə hamı danışır: “Deyilənə görə, hətta İTV-nin kadr və maliyyə məsələsini də bu qoçaq həll edir. Belə olan halda AzTV-də vəziyyətin necəliyini, o cümlədən kriminallaşmanın miqyasını aydın təsəvvür etmək olar”.

Danışıq qabiliyyəti olmayan Arif Alışanovun əvəzinə 20 jurnalist danışdı

Arif Alışanov isə bunun cavabını vermək üçün ən primitiv “üsula” əl atıb. Və sanki 1937-ci ildə olduğu kimi ona “qulluq” edən 20-dən çox jurnalisti növbə-növbə bir otağa çağıraraq Qulu Məhərrəmlini təhqir etdirib.

O videonu isə görənlər az deyil. 2 saat 44 dəqiqə 27 saniyəlik video Eldar Yunusov adlı Youtube istifadəçisi tərəfindən yayımlanıb.

Azərbaycanın tanınmış diktoru Eldost Bayramovun giriş sözlərilə başlayan “total hücum”da Məqsəd Nur, Vəli Əkbər, Sadıq Elcanlı, Telman Nəzərli, Fikrət Adıgözəlli, Telli Pənahqızı, Ramiz Həsənoğlu, Şəfəq Sultanlı, Varis, Faiq Hüsiyev, Tahir Talıblı, Fərman Orucov, Hikmət Yaqubov, Elnur Orucov, İlham Alışanov, Sakit Ocaqlı, Bəxtiyar Qaraca, Faiq Sadıxov, Məhərrəm Bədirzadə, İlham Rəhimli, Ramiz İsmayılov, Arzu Məhərrəmov və digər AzTV-çilər öz “ürək sözləri”ni deyiblər. Sonluğa isə redaktor Fizuli Mustafayev yekun vurub və əl-qol ata-ata and-aman edib ki,  deyilənlər iftira və yalandır, Arif Alışanov yaxşı, mədəni, qanacaqlı, müasir düşüncəli və televiziyanı bilən bir şəxsdir…

Bu yerdə yazıya yekun vurmaq olardı, ancaq bir məqama toxunmaq yerinə düşər. Büdcədən ayrılan pullarla alınan video kamera, ştativ, mikrofon və montaj kompüterindən belə “istifadə etmək” tapşırığını görəsən Arif Alışanova kim verib? Yəqin ki, heç kim. Belə “nadir” tapıntı yalnız onun özünə məxsus ola bilər.

Təbii ki, onu da bir sədr və iş adamı kimi yuxarı dairələrdə yaxından dəstəkləyənlər və bir sözünü iki eləməyənlər az deyil.

Ölkənin əsas nazirlik və komitələrindəki struktur dəyişiklikləri AzTV-nin də kandarından içəri daxil olacaq və o zaman Arif Alışanovdan AzTV, İdman Azərbaycan, Mədəniyyət və İTV-yə necə “rəhbərlik” etdiyinin sirrləri öyrəniləcək.

Yəqin Qulu Məhərrəmlini təhqir edən o 20 jurnalist də müsahibə vermək üçün yenidən növbəyə duracaq …

Zahid Səfərov

AzToday.az

P.S. Repressiya yazıçılarından –  Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Tağı Şahbazi, Ruhulla Axundov və Ömər Faiqi də yəqin bu “üsulla” ləkələyiblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.