«Türkiyənin ssenarisi heç yaxşı görünmür»

«Türkiyənin ssenarisi heç yaxşı görünmür»

«Türkiyənin ümidsiz durumu real təhlükələrdən xəbər verir». «The Washington Post» qəzetində Liz Sly yazır ki, Türkiyə şəhərlərində bombalar partladıqca, düşmənləri sərhədə yaxınlaşdıqca, müttəfiqləri tələblərini rədd etdikcə, ölkə strateji bir qarabasmayla üz-üzə qalır. Dörd il öncə Türkiyə «Ərəb baharı»nın ən böyük qaliblərindən biri idi, Qərb onu bir model kimi alqışlayır, yeni patronlar və idarəçilik formaları istəyən region isə ona qucaq açırdı. Ancaq ərəb inqilablarının iflasından, geosiyasi mənzərədəki dəyişikliklərdən və Suriya müharibəsindən sonra hər şey havaya sovruldu.

«Türkiyə çoxüzlü faciəylə üzləşib», – Ankaranın İpek Universitetində beynəlxalq münasibətlər üzrə professor Gökhan Bacık deyir. «Bu ölkənin keçmişdə də problemləri çox olub, ancaq indi baş verənlər Türkiyənin həzm qabiliyyətini aşır».

İstanbulun Kadir Has Universitetinin beynəlxalq münasibətlər professoru Soli Özel-in fikrincə, Türkiyə indi tam təcrid olunmuş durumdadır: «Hər kəsi elə uzaqlaşdırıb ki, heç kəsi nəsə etməyə inandırma bilməz. Artıq bu ölkənin sözünün çəkisi yoxdur, öz maraqlarını belə qoruya bilmir. Hamıyla, müttəfiqləri ilə də ziddiyyətli durumdadır».

Müəllif yazır ki, Ankara, eyham vurduğu kimi, Suriyaya əsgərlər göndərərsə, Rusiya ilə qarşıdurmaya gedər və uduzar. Elə ötən ilin noyabrında Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulması da bir yanlış idi.

Suriyaya müdaxilə etməmək isə Suriyanın şimalında muxtar kürd anklavının yaranması və üsyançıların məğlubiyyəti demək olar. Türkiyə onların Assad-ı devirəcəyinə, ərəb dünyasında Türkiyənin nüfuzunu qoruyacağına ümid edirdi. Əksər müşahidəçilər Türkiyənin müdaxiləsini, azından, indilik real saymırlar. Suriyada müharibəyə ölkə ictimaiyyəti, orduda da dəstək görünmür. Ancaq Erdoğan da hədələyici bəyanatlarından qalmır.

«Erdoğan ölkəsində bəzi ambisiyalarını həyata keçirməkdən ötrü proqnozlaşdırılmayan çətinliklərlə üzləşərsə, Türkiyənin yanlış addımları da istisna olunmur. Məsələn, Erdoğan prezident səlahiyyətini artırmaq üçün ölkə konstitusiyasını dəyişmək istəyir», – professor G.Bacık deyir. «Demirəm ki, Türkiyə başını itirib, müharibə istəyir. Ancaq Ankara qəribə bir mövqedə dayanıb və sürprizlər ola bilər. Suriyadakı proseslər Erdoğan-dan ötrü ölüm-qalım məsələsidir və nəyisə istisna etmək olmaz. Bundan sonra Türkiyənin ssenarisi heç yaxşı görünmür».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.