Kataloniya azərbaycanlının gözü ilə: Barselona

Kataloniya azərbaycanlının gözü ilə: Barselona

Hər il sentyabrın ikinci yarısında İspaniyanın Kataloniya əyalətində ənənəvi La Merse və Santa Tekla (Müqəddəs Tekla) bayramları keçirilir. Şənliklər bir neçə gün davam edir və əzəmətli küçə yürüşləri, atəşfəşanlıqla müşayiət olunur. Bundan başqa, Barselona və Tarraqona şəhərlərinin mərkəzi meydanlarında yüzlərlə adam bir yerə yığışaraq canlı piramida düzəldir.

AZƏRTAC-ın müxbiri bu hadisələrin mərkəzində olmaq, Kataloniya və kataloniyalılarla yaxından tanış olmaq imkanı qazanıb.

Araqon krallığından bu günədək

“Hola” (“ola”) – Kataloniya torpağına ayaq basan kimi bu sözü hər addımda eşidəcəksiniz. Son dərəcə qonaqpərvər və xeyirxah ispanlar bir-birini sadə tərzdə məhz bu cür salamlayır. Dərhal qeyd edim ki, İspaniyanın bu muxtar bölgəsinə Kataloniya Turizm Agentliyinin lütfkar dəvətilə gəlmək imkanı qazana bilmişəm. Bu agentlik keçmiş İttifaqın bir sıra ölkələrindən olan jurnalistlər üçün “Kataloniya: ənənəvi bayramlar – La Marse və Santa Tekla” adlı press-tur təşkil edib.

Kataloniya – İspaniyanın şimal-şərqində yerləşən muxtar vilayətdir. Əyalətin paytaxtı Barselona şəhəridir. 7,5 milyon sakini olan bu bölgədə əhalinin 35 %-ini etnik katalonlar təşkil edir. Katalonların dövlət statusuna malik dili və özünəməxsus ənənələri var. Bir vaxtlar qüdrətli Araqon krallığının mərkəzi olmuş Kataloniya hazırda İspaniyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş bölgələrindən biri sayılır.

Kataloniyanın əsas şəhəri qədim Barsino, yaxud Barselonadır. O, mühüm liman şəhəri və dünyanın hər yerindən olan turistlər üçün ən cazibədar məkanlardan biri sayılır. Bu şəhərdə Dali, Miro, Pikasso kimi məşhur rəssamlar, habelə Antoni Qaudi kimi görkəmli arxitektor yaşayıb-yaratmışdır. Əslində, Barselona bu gün açıq havada nəhəng muzeydir və bu muzeyin eksponatları ehtişamlı binalar, meydanlar, parklar və fəvvarələrdir.

Yaxşı istirahət üçün Kataloniyada hər cür şərait var – əla inkişaf etmiş kurort infrastrukturu, Aralıq dənizi çimərlikləri, əyləncə üçün saysız-hesabsız imkanlar. Bu sırada xüsusi olaraq İspaniyada ən böyük sayılan tematik əyləncə parkı “Port Aventura”nı, nəfis milli mətbəxi və mehriban insanları qeyd etmək lazımdır.

İspan flamenkosu yerinə burada sardanaya – Azərbaycan yallısına bənzər rəqsə üstünlük verilir və çoxsaylı etirazlara səbəb olan korridanı bəyənmirlər (2012-ci ildən korridanın keçirilməsinə qadağa qoyulub).

Kataloniyada müxtəlif bayramları xoşlayır və onları böyük coşqu ilə qeyd edirlər. Hər il şəhər öz müqəddəs hamisinin gününü keçirir. Barselona üçün bu – Müqəddəs Məryəm, Tarraqona üçün isə – Santa Tekladır və s. Payızın gəlişi bu şəhərlərdə bayram marafonunun başlanğıcı hesab olunur və bu şənliklərdə demək olar ki, bütün yerli əhali iştirak edir. Bayram bir neçə gün davam edir. Bu müddətdə müxtəlif yarışlar, yarmarkalar təşkil olunur, açıq havada konsertlər və tamaşalar göstərilir. Bayramın zirvəsi azmanlar və bədheybətlərin müqəvvalarından ibarət yürüşlər, xüsusilə kastelyer komandalarının çıxışıdır. Kostelyerlər – canlı adamlar bir yerə yığışaraq “hündür qəsrlər”lər düzəltməklə hamını heyran qoyurlar.

Biz də bu və digər qeyri-adi və maraqlı mərasimlərin şahidi olduq.

Tələsməyin, qoyun hər şeyi növbə ilə danışım.

“Canlı heykəllər” və tutuquşu cənnəti

Kataloniyanın paytaxtı Barselona ərazisinə görə böyük şəhər deyil – sahəsi Bakı ilə müqayisədə iyirmi dəfə kiçikdir (Vikipediyaya etibar etsək, 2 150 kvadratkilometrə qarşı 100,4 kvadratkilometr). Amma diqqətəlayiq yerlər sarıdan Barselona çox zəngindir. Onların hamısına baxmaq üçün bir ay da kifayət etməz, lakin şəhərin başlıca “vizit kartları” bir-birindən elə də uzaqda deyil.

Planlaşdırma baxımından şəhərin mərkəzi hissəsi bizim Bakını xatırladır. Paytaxtın əsas meydanında – Kataloniya meydanına (lap bizim Fəvvarələr Meydanı kimi) uzun və kiçik küçələr birləşir. Onlardan ən başlıcası La Rambladır (bu küçə öz adını bir vaxtlar buralardan axmış çayın ərəbcə olan adından götürüb). Bakıya gələn qonaqlar ilk olaraq Nizami küçəsini – “Torqovı”nı görməyə tələsdiyi kimi, Barselonaya gələn turistlər də dərhal Ramblaya axışır. Daha çox geniş bulvarı xatırladan, piyadalar üçün olan küçədə və onun ətrafında turistləri cəlb edəcək hər şey var: çoxsaylı mağaza və dükanlar, kafe və restoranlar, maraqlı tarixi tikililər, teatrlar və muzeylər, o cümlədən yerli Mum Fiqurlar Muzeyi. Maraqlıdır ki, Kataloniyanın bütün iri şəhərlərinin öz Rambla küçəsi var. Onların başlıca xüsusiyyəti budur ki, piyadalar üçün küçə həmişə kənarlardan nəqliyyatın hərəkət etdiyi hissələrlə haşiyələnib, sanki kimsə düz yolun ortasında geniş səki yaradıb.

Təxminən bir kilometr uzunluqda olan küçə bir neçə hissəyə bölünüb. Onların hər birinin öz adı və xüsusiyyəti var. Məsələn, Çiçək Ramblasında adından göründüyü kimi güllər, habelə otaq bitkiləri, toxumlar və soğanaqlar satılır. Əslində, küçənin “danışan” adları elə burada qurtarır. Ramblanın “Kanaletes” (hərfi mənada “avarlar”) hissəsi çuqun içməli su fəvvarəsi ilə yadda qalır. XIX əsrə aid bu fəvvarənin yanında adətən “Barselona” futbol klubunun fanatları toplaşır.

Təlimlər Ramblasında tez-tez, heç inanmayacaqsınız, ev heyvanları satılır: küçüklər, dovşanlar, tutuquşular və s. Ədalət naminə deyək ki, bir vaxtlar burada universitet yerləşib.

Yeri gəlmişkən, necə peyda olması bilinməyən tutuquşular bütün Barselona səmasını zəbt edib şən civilti ilə uçuşurlar. Görünür, azadlıqda bu quşlar özlərini cənnətdəki kimi hiss edirlər. Bakının Qubernator bağında da buna bənzər mənzərə görmək mümkündür. Diqqətlə baxdıqda şəhərdə hər addımda bitən palma ağaclarının (aralarında xurma salxımları olan palmalar da var!) başlarında tutuquşu yuvalarını da görmək mümkündür.

Bütün Rambla boyu diqqəti cəlb edən bir şey də var – “canlı heykəllər”. Bu, pop-mədəniyyətin məşhur personajlarının simasında olan həvəskar aktyorlardır. Onlar rəmzi ödəniş müqabilində kiçik tamaşalar göstərir, birgə şəkil çəkdirmək istəyən turistlərin xahişini yerə salmırlar. Bu artistlərin qonorarları cüzi olsa da, – “kim nə qədər verdi” – deyilənə görə, onlardan ən uğurluları heç də pis qazanmırlar – ayda 2-3 min avro. Bu da öz növbəsində təəccüblü deyil, axı Ramblaya gələnlərin 80%-i turistlərdir.

Rambla yaxınlığında şəhərin daha bir rəmzi yerləşir – Barselonanın mərkəzi bazarı Bokeriya. Saysız-hesabsız ticarət cərgələri olan bu məkana baş çəkməyə dəyər. Ən azı bütün dünyadan gəlib-çıxmış ekzotik mallara baxmaqdan ötrü. Axı başqa harada eyni piştaxtada dəniz kirpiləri ilə birgə şeytanbalığını, nadir göbələkləri – yerdonbalanı və canlı üzüm ilbizlərini görmək olar… Bütün bu ekzotik qidaları və hələ adını çəkmədiklərimi nəinki təzə-təzə almaq, həm də hazır şəkildə yaxınlıqdakı kiçik kafelərdə dadmaq mümkündür. Bazardakı çoxsaylı piştaxtalar cürbəcür ədva və şirniyyatlar, habelə ağlagəlməz formalı və rəngli meyvələrlə doludur. Qabığı təmizlənmiş və doğranmış manqo, papaya, rambutan, pitaxyanın və bu meyvələrdən çəkilən şirələrin çoxlu alıcısı var.

Xüsusilə həssas insanlar “şokedici Asiya” sırasından olan “məhsullar” daha çox mütəəssir edəcək: qurudulmuş həşəratlar, karamelləşdirilmiş skolopendralar və əqrəblər.

Ramblada gəzərkən çox şeyləri ilk dəfə kəşf edirsən. Qısa müddətdə burada xeyli diqqət çəkən və maraqlı nəsnə görürsən. Küçənin son hissəsi Portal de la Pau meydanı ilə birləşir. Bu meydanın adı “Dünyanın qapıları” kimi tərcümə olunur. Burada 80 metrlik sütun üzərində Xristofor Kolumba abidə qoyulub. Məşhur səyyah qarşısında açılan dəniz səthinə nəzər yetirir və əli ilə harasa uzaqlara, yəqin ki, Amerikaya işarə edir. Maraqlıdır ki, bu abidə 1888-ci ildə Kolumbun Amerikaya ilk səyahətindən qayıdıb gəldiyi zaman ayaq basdığı yerdə ucaldılıb.

Bir qədər də irəli getdikdə və sahil küçəsinə çatdıqda, yan almış yüzlərlə qar kimi ağappaq gəzinti yaxtası və katerlə qarşılaşırsan. Dənizə uzanan Geniş estakada-körpünün (Dəniz Ramblası) açılan hissələri var. Bu hissələr müəyyən vaxt aralığında açılır və limana yan alan gəmilərə giriş imkanı verir. Bu anlarda körpü yolu bağlayır və gəzintiyə çıxmış adamlar səbirlə öz növbələrini gözləyirlər. Gəzintinin davamı öz akvaruimu ilə çox məşhur olan populyar Maremagnum ticarət-əyləncə mərkəzidir.

Barselonada ilk nəzərəçarpan təkcə turistlərin deyil, yerli əhalinin də çoxmillətliliyidir. Burada daha kimə rast gəlməzsən: dünyanın bütün irqləri və mədəniyyətlərinə kataloniyalılar dözümlü və dostyana yanaşırlar. Şimali Afrikadan olan dindaşlarımız da burada az deyil (xatırladım ki, “qara qitə”dəki Seuta və Melilya anklav şəhərləri İspaniyaya məxsusdur). Keçmiş zamanlarda, uzun əsrlər boyu İspaniya Üməyyə xilafətinin tərkibində olub. Müasir xalq bayramlarında ölkənin ərəb təsirindən xilas olmasından sonrakı hadisələr və dövrlər əks olunsa da, mədəniyyətlərin bir-birindən bəhrələnməsi hələ də hiss olunur. Bunu istər memarlıqda, ənənələrdə, mətbəxdə və əlbəttə, ispanların zahiri görünüşündə də sezmək mümkündür.

“Qeyri-mümkün formalar memarı” və ulduz müharibələri

Barselonanın tarixi hissəsinin bizim Bakı ilə oxşarlığına bir daha qayıdaraq deyim ki, burada da İçərişəhərə bənzər “Köhnə şəhər” var və onun “ürəyi” Qotik məhəllədir. Məhəllə Kataloniya meydanından başlayır və La Rambladan keçərək Via Laetana prospektinədək uzanır. Bu məhəllə öz adını hələ də qalmaqda olan tikililərdən alıb, onlar orta əsrlərdə, Araqon krallığının Aralıq dənizində ən qüdrətli dövlətlərdən biri olduğu dövrdə tikilib.

Dar küçələrdən ibarət məhəllə zaman maşını kimi bizi keçmişə aparıb çıxarır. Tikililərin əksəri XIV-XV əsrlərə aiddir, bununla belə, qədim Roma dönəmindən qalma binalar da mövcuddur. Belə ki, bu məhəllənin təməli Oktavian Avqustun imperatorluğu dövründə qoyulub. Hazırkı Müqəddəs İakov meydanının yerində bir vaxtlar Roma forumu yerləşib, yaxınlıqda isə Roma divarının xarabalıqları və Avqust məbədinin kapitelləri ilə birgə sütunlar qalmaqdadır.

Qotik məhəllənin mərkəzi füsunkar Kafedaral kilsədir. Elə burada, Sant-Jaume meydanında şəhər bələdiyyəsi və Kataloniya hökumətinin binaları yerləşir. 1920-ci illərdə məhəllədə bərpa işləri aparılıb, indi burada müxtəlif muzeylər, mədəni mərkəzlər, çoxsaylı mağazalar, suvenir dükanları, kafe və restoranlar yerləşir.

Barselona Avropanın ən iri memarlıq paytaxtlarından biri hesab olunur. O bu şərəfli adı yalnız yaxşı saxlanılmış orta əsr tikililəri hesabına almayıb. Bu şəhərə daha çox şöhrət gətirən modern üslublu binaların ən məşhurları dahi kataloniyalı arxitektor Antoni Qaudinin yadigarıdır. O, haqlı olaraq “qeyri-mümkün formalar memarı” titulu qazanıb.

Nəhayət, qeydlərimizin məhz o məqamına çatdıq ki, burada söhbət arxitekturadan gedəcək. Hərçənd bu söhbəti memarlığın katalonların mədəniyyətində hansı yeri tutmasından da başlamaq olardı. Axı, Barselonada olmuş turistləri heyrətləndirən ilk şey qeyri-adi gözəlliyə malik, ecazkar arxitekturadır. Söhbət hansısa ayrı-ayrı şedevrlərdən yox, hər bir binadan gedir – şəhər ətrafındakı ən adi yaşayış evlərindən tutmuş mərkəzdəki iri şirkət ofisləri və idarələrin binalarınadək. Belə bir hiss yaranır ki, kataloniyalılar sadəcə gözəllik aşiqləridir. Necə deyərlər, onlar ya yaxşı tikir, ya da heç tikmirlər. Əlbəttə, bu şəhərdə saatlarla gəzmək, başını yuxarı qaldıraraq evlərə bir-bir baxmaq olar. Amma oxşar fasadlı bircə binaya belə rast gələ bilməzsən. Hər bir tikili elə zövqlə və həvəslə bəzədilib ki, sanki o yağışın yuması, günəşin qovurub-yandırması, küləyin döyəcləməsi üçün yox, (buralarda belə havalar nadir hal deyil, lap Bakıdakı kimi!), muzeydə saxlanılmaqdan ötrü tikilib. Üstəlik, binaların damı su axıtmır, bircə yerdə suvaq qopmayıb, yaxud fasad tələm-tələsik üzlüklənməyib. Əhsən, kataloniyalılar!

Buna tamaşa edərkən məni belə bir fikir tərk etmirdi: axı Bakının taleyi da məhz bu cür ola bilərdi. Axı, şəhərimizin tarixi mərkəzi istər qədim dövrlərdə, istərsə də XIX əsrin sonu – XX əsrin əvvəllərindəki “neft bumu” zamanı Tağıyev, Nağıyev və digər sənayeçilər tərəfindən tikilmiş gözəl arxitektura tikililəri ilə zəngindir. Görün şəhərimizi nə qədər gözəl tikililər bəzəyə bilərdi, əlbəttə, əgər o, dünyanın tərəqqisi ilə ayaqlaşaraq harmonik inkişaf etsəydi. Bununla belə, gəlin belə kədərli şeyləri yada salmayaq, daldan atılan daş topuğa dəyər…

Barselonanın əksər memarlıq şedevrləri də öz doğuşu ilə XIX əsrdəki iqtisadi çiçəklənməyə borcludur. O zamanlar qəfildən zənginləşmiş sənayeçilər bir-biri ilə bəhsə girir, arxitektorlara dəbdəbəli və bahalı mülklər sifariş verirdilər. Bu məhəllədə bir-birinin yanınca üç bina boy atır, o dövrün möhtəkirliklə varlanmış adamları həmin mülkləri müxtəlif üslublarda fərqli memarlara tikdirdib. Binalardan biri dahi Qaudinin layihəsidir. Onu bura axınla gələn, fotokameralarını şaqqıldadan və girişdə içəri girmək üçün bilet almağa can atan (indi burada muzey yerləşir) çoxsaylı turistlər sayəsində o saat tanıyırsan. Balyo Evini Qaudi, əlbəttə, “sıfırdan” inşa etməyib, bu mülk 1904-1906-cı illərdə tekstil maqnatı Jozep Balyonun sifarişi ilə tanınmaz dərəcədə yenidən qurulub. İlhamını təbiətdən alan Qaudinin dühası heç nəylə diqqəti cəlb etməyən bu tikilini bütün dövrlərin şedevrinə çevirib.

Həmin küçədə bir az sonra Qaudinin qarşısıalınmaz fantaziyasının daha bir nümunəsi – Mila evi və ya La Pedrera (1906-1910) yerləşir. Biz həmin evi ziyarət etdik və onun daxilinə baxdıq. Qaudi bu işi Balyo evini tamamladıqdan sonra Mila ailəsinin sifarişi ilə yerinə yetirib. Emal edilməmiş səth effekti verən daş kəsiyinə və binanın yerin üstündə asılmış qayanı xatırladan formasına görə həmin evə dərhal La Pedrera (ispanca – daş karxanası) adı verilib. Tikilinin dalğavari fasadına baxsaq, mürəkkəb formalı döyülmüş eyvan məhəccərləri – dolaşıq yosunlar Aralıq dənizinin səthini xatırladır. Təsadüfi deyil ki, bu binanın tikintisi zamanı müəllif gəmiçilik mühəndisliyi texnikasına müraciət edib. Əslində bu ümumi fasad və damla birləşən iki binadan ibarət memarlıq kompleksidir. Burada Qaudi özünün ən cəsarətli fantaziyalarına yer verərək onları daş dirsəklərdə, səciyyəvi mozaikalı günbəz çardaqlarda və əcaib borularda həyata keçirib. Məhz onlar bütün açıqcalarda “Ulduz müharibələri” filmindən personajlar kimi görünürlər. Rejissor Corc Lukas öz fantastik epopeyası üçün klon əsgərlərin nümunələrini yaradarkən Qaudinin sənətindən ilham alıb. Məhz bu binada Barselonada avtomobillər üçün ilk yeraltı qaraj nəzərdə tutulub və ilk elektrik liftlər qurulub.

Kommersiya uğuruna baxmayaraq Qaudi özü həyatının vacib işi kimi Müqəddəs Ailə Kilsəsinin – Saqrada Familiyanın tikintisini hesab edirdi və buna həyatının 20 ildən çox müddətini həsr edib. Məhz həmin kilsənin tikinti sahəsinə gedərkən 1926-cı ildə layihənin taleyi haqda fikirlərə dalan 75 yaşlı memar, tramvayın altında qalıb və şedevrinin dörddə bir hissəsi hazır olan zaman faciəvi şəkildə vəfat edib.

Bu gün çevrilmiş stalaktitləri xatırladan həmin bina Barselonanın mərkəzində tikinti kranlarının əhatəsində ucalır. Kataloniyaya səfərdən əvvəl Saqrada Familiyanın fotoşəkillərinə baxarkən fikirləşdim ki, kranlar kompozisiyanın bir parçasıdır. Ustadının düşünmə tərzinin orijinallığını bilərək düşündüm ki, niyə də yox! Aydın oldu ki, kranlar işləkdir, kilsənin tikintisi isə bu günə kimi, müəllifin özü vəsiyyət etdiyi kimi yalnız ianələrlə davam edir. Rəsmi məlumatlara görə tikintinin başa çatması Qaudinin ölümünün yüzilliyinə – 2026-cı ilə planlaşdırılır. Lakin pessimistlər düşünür ki, bunun üçün ən azı 100 il lazım olacaq, çünki bu çox mürəkkəb kompleksdir. Necə də olsa Saqrada Familiya Ginnesin rekordlar kitabına ən uzun sürən tikinti kimi düşmüşdür (tikinti 1886-cı ildə başlanıb). Tikintisi başa çatdıqdan sonra isə hündürlüyü 564 metr olan qüllənin ucaldılmasından sonra dünyanın ən hündür kilsəsi kimi daha bir rekord vura bilər.

Həyat bayramı və insan piramidaları

Böyük bayramlar dövründə Barselonaya səfər etmək çox cəsarətli qərardır – onsuz da daim turistlərin diqqətini cəlb edən Kataloniyanın paytaxtı, insanlar qaynaşan qarışqa yuvasına bənzəyir. Şəhərin mərkəzi Vavilon qiyamətini xatırladır, müxtəlif dillərdə danışan insan kütləsi ticarət sahələrini və şəhərin görməli yerlərini zəbt edir, həmin yerlərə uzun növbələr yaranır. Məqsədiniz Barselonanın memarlıq abidələri və muzeylərlə sakit mühitdə tanış olmaqdırsa – başqa vaxt seçin. Yox əgər siz güclü energetika əldə etmək və əsl Kataloniya ruhunu hiss etmək istəyirsinizsə – Fiesta de La Merseyə xoş gəlmisiniz!

Aralıq dənızı mədəniyyətində populyar olan Fiesta de La Merse və ya Şəfqət Mələyi Bayramının səciyyəvi əlamətlərindən biri xalq gəzintiləridir. Faktiki olaraq bu “şəhər günüdür”, həmin bayram küçə tamaşaları və yürüşlər, konsertlər və ənənəvi rəqslər nümayiş etdirən çoxlu sayda peşəkar, həmçinin həvəskar kollektivlərin iştirakı ilə bir həftə qeyd olunur. Bayramın əsas elementləri nəhəng kuklaların yürüşləri və komandalar arasında “insan piramidalarının” qurulması üzrə yarışlardır.

Başqa sözlə, Barselona bayram vaxtı böyük teatra dönür, onun səhnəsi şəhərin küçə və meydanları, dekorasiyası dəbdəbəli binalar, aktyorları isə sakinlər özü olur, turistlərə isə kütləvi gəzintidə iştirak etmək üçün əla şans yaranır.

Hər şey axşam Sant-Jaume meydanında başlayır, burada Barselona meriyası binasının qapısından bayramın əsas personajları Qartal, Nəhənglər, Süvarilər, Qatır, Öküz, Şir, Hidra, Əjdaha Köhnə şəhərin küçə və meydanlarına yürüşə çıxır. Hündürlüyü üç metr olan papye-maşedən hər bir fiquru bir insan daşıyır. Bəzən kuklanı idarə edənlər bir-birini əvəzləyir, çünki bu nəhəngləri aparmaq, bu zaman personajın “rəqs”inə daxil olan müxtəlif “pa”ları yerinə yetirmək çox çətindir. Nəhənglərin hər birinin ardınca səhər vaxtı pionerlər kimi təbil və şeypur çalan cavan insanlar dəstəsi gedir. Bütün bunlar qızışmış oynayan kütlənin bağırtıları ilə müşayiət olunur, onlar əzbər bildikləri motivləri oxuyur və hansısa şüarları qışqırır. Bütün bunlar bir neçə saat belə davam edir.

Bayramın ilk gününün sonunda, gecə vaxtı Sant-Jaume meydanında meriya binasının fasadı proyektorların işıqları ilə işıqlanır: onun ağ daşdan olan divarlarında müxtəlif mövzulara mini filmlərin nümayişi olur. Bu il nümayişin mövzusu “Barselonanın portretləri” idi. Təsəvvür edin ki, pəncərələri, eyvanları, portikləri və kolonnaları olan binanın klassik fasadı xüsusi effekt ustalarının əlində başqalaşır – rəngini və formalarını dəyişir, kərpiç-kərpiç dağılır və yenidən peyda olur. Növbəti anda onun pəncərələrindən animasiya olunmuş personajlar baxır, divarlarda isə əjdahalar gəzir. Filmlər xüsusi olaraq bu bayram üçün yumor hissi yaxşı olan klipmeyker və ssenaristlər tərəfindən hazırlanır.

Bayramın ikinci günü həmin Sant-Jaume meydanında Merse Rəqsi ilə açılır. Bu rəqs xüsusi olaraq Barselonanın əsas bayramı üçün hazırlanıb və çox populyardır. Ənənəvi xalq rəqslərinin bu canlı nümunəsi folklor xoreoqrafiyasının bütün gözəlliyini və zənginliyini nümayiş etdirir.

Sonra meydanda quraşdırılan səhnədə “Moyşiqanqa” – “insan qüllələri” rəqsi nümayiş olunur. Həmin rəqsdə bütün jestlər simvolikdir. Rəqqaslar bir-birinin çiyninə çıxır, bu yolla müxtəlif fiqurlar qururlar. Həmin axşam biz bayramın əsas elementi olan nəhənglərin, əjdahaların və divlərin yürüşünü görürük.

Nəhayət bayramın üçüncü günündə Sardana rəqsini ifa edən kollektivlərin müsabiqəsi keçirilir. Qeyd olunan müsabiqə 1950-ci ildən keçirilir və bayramın ayrılmaz elementidir. Melanxolik musiqi sədaları altında təkrarlanan hərəkətləri yerinə yetirən cavan və yaşlı rəqqasları görmək maraqlıdır. Yallıya bənzər rəqsin iştirakçılarının belə cəmlənməsi mürəkkəb ritmlə izah olunur. Həmin ritmdən çıxmamaq üçün bir və ya iki rəqqas hesab aparır, digər iştirakçılar isə onlara diqqətlə qulaq asır.

Həmin gün azarkeşlərin müşayiəti ilə qoçaq kastelyerlər komandaları axışır. Onlar toplaşanlara canlı piramida qurulmasının unikal katalon sənətini göstərirlər. Tamaşa o qədər qeyri-adi və həyəcanlı olur ki, insanın nəfəsi tutulur.

Hər şey ondan başlayır ki, beş və ya altı güclü kişi yaxalıqlarını dişləyərək (sürüşməməsi üçün) və bir-birinin əllərindən və çiyinlərindən bərk yapışaraq dairə yaradır. Sonra kastelyerlerin belinə dolanmış geniş kəmərlərlə yoldaşlarının çiyinlərinə çıxan tamaşanın digər iştirakçıları çoxmərtəbəli (biz doqquz mərtəbə müşahidə etdik) qüllə yaradır, həmin qüllənin son sıralarına qızlar və uşaqlar, ən hündürə isə ən cürətli uşaq qalxır. O, əlini yuxarı qaldırdıqdan sonra işin yarısı görülmüş hesab olunur. İndi bu canlı konstruksiyanı səliqəli şəkildə sökmək lazımdır. Yalnız bundan sonra iş yerinə yetirilmiş hesab olunur. Bunun necə mürəkkəb olduğuna biz Tarraqon şəhərində kastelyerlərin çıxışı zamanı əmin olduq, bu zaman belə bir piramida çoxminlik kütlənin gözü qarşısında dağıldı. İştirakçılar qülləni dağıtmağa başlayanda nəsə pozuldu və qüllə kart evi kimi dağıldı. Yaxşı ki, yaxınlıqda tibb işçiləri briqadası var idi. Onlar zərərçəkmiş şəxslərə operativ kömək etdi. Bu barədə daha ətraflı Kosta Dauradaya həsr olunmuş növbəti materialda danışacağıq.

Canlı piramidaların qurulması çox özünəməxsus ənənədir və cəmiyyətin müxtəlif təbəqələrinin birləşməsində vacib rol oynayır. Təsadüfi deyil ki, komandalar kestelyerlərin yaşadığı bölgələrə görə bölünür. Bu dəfə bayram Barselona, Terrasa və Vals kastelyerlərinin ən yaxşı komandalarını toplamışdı. İnsanlar mütəmadi olaraq məşqə gedir, çıxışlara hazırlaşır. Adi həyatda müəllim, klerk və digər peşə nümayəndələri olan kişilər, qadınlar və uşaqlar burada bir ümumi işdə iştirak edərək kastelyerlərə çevrilir. Başa düşəndə ki, səndən, sənin hazırlığından bütün təşəbbüsün uğuru və hətta komandanın şərəfi asılıdır, bu, qəhrəmanlıqlara ruhlandırır. Piramidaların qurulması iştirakçıların əla fiziki formada olmasına kömək edir.

Böyük şəhərin kiçik sirləri

Barselona rəsmi olaraq kosmopolit şəhər kimi tanınır. Şəhər bu keyfiyyəti ilə əzəldən bəri azad düşüncəli adamları, rəssamları, yaradıcı şəxsləri, bəzən də üsyankarları cəlb edir. İstənilən halda şəhərin küçələrində qeyri-adi görkəmə malik adamları və sadəcə olaraq dilənçilik edən marginalları görmək olar. Mərkəzi küçə və meydanlarda qeyri-leqal ticarətlə məşğul olan miqrantlar polislər gözə dəydiyi halda öz əşyalarını qamarlayaraq aradan çıxmağa hazır vəziyyətdə olurlar.

Barselona turistlərin və digər gəlmələrin çoxluğuna baxmayaraq, təhlükəsiz şəhər təsiri bağışlayır. Adamların çox olduğu yerlərdə gəzişən və ya maşınlarda növbə çəkən patrulları görmək olar. Əlbəttə ki, onlar heç kəsin qolundan yapışmır və sənəd tələb etmirlər, lakin həmişə vəziyyətə göz yetirməklə hər tərəfi nəzarətdə saxladıqlarını anladırlar. Buna görə də şəhərdə cinayətkarlıq minimuma enib. Hər zaman yadda saxlamalı yeganə məsələ cibgirlərdir. Onlar turistlərin toplaşdığı yerlərdə “işləyirlər”. Lakin bu, böyük turist şəhərlərinin əksəriyyətinin problemi olduğu üçün qiymətli əşyaları və artıq pulları otelin seyfində, çanta və şəxsi əşyaları isə göz qarşısında saxlamaq lazımdır. Həmçinin La Rambla rayonunda miqrantların xoşladıqları xəlvət küçələrdən uzaq gəzmək lazımdır.

Əgər birinci gün Barselonanın mərkəzi onu tanımayan adama küçə və məhəllələrin bir-birinə qarışdığı yer kimi görünsə də, çox tezliklə oralara əziyyət çəkmədən bələd olacaqsan. Artıq şəhərə gəldiyim ikinci gün mən Köhnə şəhərdə və Kataloniya meydanını əhatə edən küçələrdə bu yerləri yaxşı tanıyan adam kimi gəzirdim. Əslində Barselona hələ XIX əsrdə hazırlanmış və həyata keçirilmiş mükəmməl planı ilə seçilir. Düşünülmüş plana, geniş küçələrə, binalardan kəsilmiş tinlərin hər kəsişmədə geniş meydanlar formalaşdırması nəticəsində Barselona avtomobil karvanları və turist kütlələri ilə müşayiət olunan müasir həyat ukladına asanlıqla uyğunlaşıb. Yollarda maşınların intensiv hərəkətinə baxmayaraq, mən burada tıxac görmədim. Hər yüz metrdən bir piyada zolağı var, yeraltı keçidlər isə yoxdur. Hətta küçə kiçik olsa da, gözə avtomobil dəyməsə də piyadalar (səbirsiz turistlər istisnadır) yaşıl işıq yananadək sakitcə gözləyəcəklər.

Bir qədər də alış-veriş haqqında. Barselonaya hansı məqsədlə getsəniz də, burada alış-veriş etmək hər zaman xoşdur. Şəhərin hər rayonunda böyük ticarət mərkəzləri var. Onların sırasında “El Corte Ingles”, “Les Glories”, “Arenas de Barcelona”, “Diagonal Mar”, “L’Illa Diagonal” və başqaları daha məşhurdur. Siz onların hər birində məşhur dünya brendlərinin yüzlərlə mağazalarını görə bilərsiniz. Bu brendlərdən çoxu, ümumiyyətlə, Bakıda təqdim edilməyib. Məsələn, kişi, qadın və uşaqlar üçün ucuz və keyfiyyətli geyim təklif edən (köynəklər 8 avroya, şalvarlar 10 avrodan başlayaraq və s.) İngiltərənin “Primark” brendi, “Mango”nun kişilər üçün “Zidane for Mango Men” bölməsi, “Zara”nı təqdim edən “Zara Home” və başqalarını qeyd etmək olar.

Həmçinin, İspaniyanın “Pull&Bear”, “Zara”, “Bershka”, “Massimo Dutti”, “Macson” və digər brendlərinə də xüsusi diqqət yetirməyinizi tövsiyə edirik. İspaniyada onların qiymətləri Avropanın digər ölkələrindən ucuz, çeşidləri isə daha genişdir. Lyuks brendə üstünlük verənlər Barselonanın 130 butiki birləşdirən ən böyük və məşhur “La Roca Village” autletinə cəsarətlə gedə bilərlər.

Nəzərinizdə saxlayın ki, əgər Azərbaycanda satıcılar çoxlarının alış-veriş etdiyi həftəsonunu və bayramları səbirsizliklə gözləyirlərsə, İspaniyada da Avropanın başqa şəhərlərində olduğu kimi, bazar və bayram günlərində mağazalar, supermarketlər və ticarət mərkəzləri işləmir. Təkcə suvenir və kiçik ərzaq dükanları açıq olur. Lakin Barselonada ilin 365 gününün hamısında fəaliyyət göstərən ticarət mərkəzi – “Maremagnum” də var. Əgər sizin Barselonada olduğunuz günlərdən biri bazar və ya bayram gününə düşərsə, bu ticarət mərkəzinə ürəklə gedin! Burada sizi təkcə məşhur brendlərin mağazaları deyil, həm də kinoteatr və akvarium da gözləyir.

Barselonada valyuta dəyişmək üçün banka və ya valyuta dəyişmə məntəqəsinə gedərkən sənədlərin surətini götürməyi yaddan çıxarmayın (onların əslini etibarlı yerdə saxlamaq daha yaxşıdır). Pasportun və ya sürücülük vəsiqəsinin surətini təqdim etmədən siz bir qəpik belə dəyişə bilməzsiniz. Bu məsələyə şəhərdə ciddi yanaşılır. Sənədin şəklini telefonla da çəkmək və fotonu xəzinədara təqdim etmək olar. Həmçinin, nəzərinizdə saxlayın ki, Kataloniyada banklar günorta saat 2-dək işləyir.

Dediyim kimi, kataloniyalılar mehriban və səmimi adamlardır, onlar hər zaman müraciət edənə yolu başa salar, istiqaməti seçməkdə kömək edərlər. İspan dilini bilməmək burada problem sayılmır, fikrini izah etmək üçün az miqdarda ingilis sözlərini işlətmək kifayət edir. Lakin başa düşmək lazımdır ki, ingilis dili bizdə olduğu kimi, ispanlar üçün də doğma deyil. Ona görə də onlar sizi həmişə səbirlə dinləyəcək, başa düşməyə və kömək etməyə çalışacaqlar. Ən nəhayət, jestlərlə danışmağı heç kəs qadağan etməyib!

İspanlar temperament və sırf zahiri görkəm baxımından çox müxtəlif olur. Burada qafqazlılara oxşayan adamlara da rast gəlinir. Bu cür adamlar (pirsinq və tatuirovka nəzərə alınmasa) Bakıda asanlıqla kütləyə qarışa bilər. Oxşarlıq bununla da bitir. Kataloniya Qərbi Avropa ölkəsidir və dəyərlər də bu mühitə uyğun və olduqca sərbəstdir. Gənclər daha sərbəst, yaşlı nəsil daha təmkinlidir.

Bu şəhərdə yaşlı adamlara hörmətlə yanaşılır ki, bu da biz qafqazlılar tərəfindən rəğbətlə qarşılanır. Övladların qoca valideynlərinin əlindən tutaraq, yaxud onları arabada oturdaraq gəzməyə çıxardıqlarını, onlarla birgə parkda və ya kafedə oturduqlarını da tez-tez müşahidə etmək olar. Ümumiyyətlə, burada qocaların vəziyyəti əladır – onlara yaxşı baxılır, onlar yaxşı geyinir, fəal və həyatsevərdirlər.

Barselonada keçirdiyimiz bir neçə gün bir gün kimi sürətlə ötdü. Çoxlu görməli yerlər, o cümlədən məşhur Antonio Qaudi tərəfindən yaradılmış Quel Parkı, Monjuik və Tibidabo dağları, “Barselona” futbol klubunun “Camp Nou” stadionu, akvarium, zoopark və onlarla digər maraqlı obyektlər “kadr arxasında” qaldı. Bizi gözləyən Kosta Dauradanın qızıl qumlu sahillərinə yola düşmək vaxtı idi. Turizm və istirahət üçün yaradılmış ideal şərait dünyanın hər yerindən turistləri cəlb edir. Onları La-Pineda çimərlikləri, Kambrilsin dəniz təamları, Salouda nəhəng “Port Aventur” əyləncələr parkı və qədim Roma Tarraqona şəhəri özünə çəkir. Sonuncunun şəhər günü Barselonadan heç də az vüsətlə qeyd edilmir.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.