Qara Namazov: Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

Qara Namazov: Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

Böyük sənətkar Üzeyir Hacıbəyov öz yaradıcılığı boyu aşıq sənətini öyrənmiş, ona qayğı ilə yanaşmış, ədəbi dil yaradıcılığında ondan bir qida mənbəyi kimi istifadə etmiş, özü də yeri gəldikcə bu sənət haqqında bir sıra qiymətli fikirlər söyləmişdir. Onun “Aşıq” sözünün mənşəyi, aşıq sənətinin təsnifi, aşıq musiqisinin bölgüləri, bu sənətin hazırki vəziyyəti və gələcəyi haqqındakı mülahizələri aşıq sənətinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Üzeyir Hacıbəyovun birinci aşıqlar qurultayındakı nitqi bu cəhətdən qiymətli mənbələrdən biridir. Müəllif həmin nitqində aşıq sözünün mənşəyini araşdırarkən həm məxəzlərə, həm də aşıq yaradıcılığının özünün tarixi inkişafından irəli gələn dəlillərə əsasən bir sıra qiymətli fikirlər söyləyir. O, göstərir ki, “aşıq” ərəb sözü olub, aşiq olmaq, sevmək, vurulmaq deməkdir. Əlbəttə, həmin aşıqlar bu gün aşıq sənəti adını daşıyan aşıqlar deyil, onlara şeir və musiqi “haqdan” verilmiş və özləri də haqq aşığı hesab edilirlər. Sonrakı aşıqlar onların adı ilə bağlı dastanlar yaratmış, musiqi bəstələmiş, şeirlər qoşmuş və xalq arasında geniş yaymışlar. Bugünkü aşıqlar aşıq adını bir peşə və ya sənət sahəsi kimi daşıyır, keçmiş aşıqların adını müqəddəs tutur, onların haqqında yaranmış əsərləri yaşadır və kəndbəkənd gəzərək, bu sənəti inkişaf etdirirlər.

Aşıq sənətinin müxtəlif dövrlərdəki taleyindən bəhs edən müəllif onun bugünkü mərhələsində dövlət tərəfindən xüsusi qayğı göstərilməsini dönə-dönə qeyd edirdi və eyni zamanda göstərirdi ki, Xalq Maarif Komissarlığı incəsənətin ayrı-ayrı sahələrinə böyük əhəmiyyət verdiyi halda, xalqın içərisində yetişib xalqın həyat və məişəti ilə daha çox bağlı olan aşıqlar unudulmuş, demək olar ki, yaddan çıxmışdır. Məhz buna görə də şəhər məişətində böyük şöhrət qazanmış və get-gedə kənd məişətinə nüfuz edən sazəndələr (xanəndələr) aşıq sənətinin kənd əhalisi
arasındakı böyük şöhrətinə təsir edir və gələcəkdə onun zəifləməsinə səbəb olmaya bilməz. Böyük bəstəkar qurultaydakı nitqində göstərirdi ki, aşıq sənəti daha xəlqi, daha kütləvidir. O, xalqın əhval-ruhiyyəsi ilə yaşayır. O, iqtisadi cəhətdən də zəhmətkeş xalq ilə bağlıdır. Aşıq sənəti xalqın özünün yaradıcılığıdır. Xalq yaradıcılığı isə heç bir texniki, metodiki kömək qəbul etmir. O, öz-özünə xalqın mədəni, iqtisadi-siyasi səviyyəsi ilə bərabər inkişaf edir. Bu, elə bir sənət sahəsidir ki, orada şairin də, yazıçının da, ədəbiyyatşünasın da, bəstəkarın da, xanəndənin də, rəqqasənin də istədiyi qədər götürə biləcəyi payı vardır. Deməli, aşıq sənəti çalmaq, oxumaq, oynamaq, söz qoşmaq, dastan və nağıl söyləmək kimi incəsənətin bir çox növlərini özündə birləşdirən zəngin sənət sahəsidir. Böyük bəstəkar məhz buna görə də sonralar qeyd etdiyi kimi milli musiqinin və özünün əsasını qoyduğu Azərbaycan opera sənətinin geniş kütlə tərəfindən sevilməsinin səbəblərini xalq yaradıcılığından və aşıq sənətindən istifadə olunmasında görürdü. Ü.Hacıbəyov 1926-cı ildə “Maarif və Mədəniyyət” jurnalının 1-ci nömrəsində nəşr etdirdiyi “Azərbaycan musiqi mədəniyyətinə bir nəzər” adlı məqaləsində aşıq sənətində ifaçılıq üsulunun təsnifini vermişdir. Həmin təsnifləşdirməni birinci aşıqlaqurultayındakı çıxışında bir qədər də işləyib təkmilləşdirmişdir. Eyni təsnifləşdirməni bəstəkar Azərbaycan xalq musiqisində də aparmışdır.

Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

Ü.Hacıbəyov aşıq musiqisini iki kateqoriyaya bölür: epik vəlirik. “Kərəmi”, “Koroğlu” və başqa epik musiqi növləri dastanın qəhrəmanının adı ilə bağlı olur və oradakı şeir parçaları həmin musiqi havasında oxunur. Aşıq musiqisinin ikinci kateqoriyası ayrı-ayrı şeir janrlarının adı ilə bağlı olub, onun oxunmasında istifadə olunur (dübeyt, müxəmməs, təcnis və s.). Üzeyir Hacıbəyov qurultaydakı çıxışında klassik aşıq irsini öyrənmək, müasir aşıq sənətini canlandırmaq və yüksək mədəniyyətli incəsənət sahəsinə qaldırmaq üçün bir sıra tədbirlər irəli sürürdü. Onlardan əsasən aşağıdakıları göstərmək olar:

1) Qurultay ictimai, siyasi və iqtisadi cəhətdən aşıqlara kömək etməli, onları yazıçılar ittifaqı üzvlüyünə qəbul etməli, yaradıcılığa ruhlandırmalı, xalq yaradıcılığının əsas nümayəndələri kimi istedad və qabiliyyətlərinə qiymət verməlidir.

2) Aşıq musiqisi digər incəsənət növləri kimi həmişəlik radiokonsertədaxil olmalı, saz ilə tar bir dinməlidir.

3) Aşıq sənətinin ictimai-siyasi əhəmiyyəti, elmi cəhəti, etnoqrafik xüsusiyyəti öyrənilməli, bir elm sahəsi kimi tədqiq edilməlidir.

4) Nəhayət, qurultay mədəni irsimiz içərisində musiqi mədəniyyətimizin yeni bir sahəsini, onun ictimai, iqtisadi, tarixi-mədəni əhəmiyyətini qiymətləndirməlidir.

Üzeyir Hacıbəyov aşıq sənəti haqqında

Böyük sənətkarın 1938-ci ildə ikinci aşıqlar qurultayında etdiyi məruzəsi aşıq sənətinin nəzəri məsələlərinə dair çox qiymətli elmi mənbələrdəndir. O, məruzəsində “aşıq sənəti xalq musiqi yaradıcılığı işində bu gün böyük rol oynamalıdır”, “aşıq sənəti ən yüksək dərəcəyə qalxmaq qabiliyyətinə malikdir”, “aşıq sənətinin kompozitorlara təsiri”, “aşıq sazının pərdələri” kimi mühüm problemlərin öyrənilməsini qarşıya qoyurdu.
Ü.Hacıbəyov xalq musiqisindən istifadə etdiyi kimi, özü yazdığı səhnə əsərlərinin də mövzusunu aşıq yaradıcılığından, xalq ədəbiyyatından götürmüşdür. “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” Azərbaycanın və Şərqin klassik ədəbiyyatından, xalqın şifahi yaradıcılığından, nağıl və dastanlarından alınmışdır. Bu obrazlar və süjetlər xalqın yaradıcılıq süzgəcindən keçmiş, Şərqin böyük klassiklərinin ecazkar qələmində işlənmiş, bəşəriyyətin əbədi əsərlərinə çevrilmişdir.

Ü.Hacıbəyov isə onları bir daha olduğu kimi səhnədə canlandırmaq məqsədi ilə deyil, səhnənin tələblərinə uyğunlaşdırmış, hadisələri
daha da dramatikləşdirmiş, obrazların dünyagörüşünü, zəmanəyə münasibətini yenidən işləmiş, onların düşüncələrinə yeni ictimai don geydirmişdir. Ü.Hacıbəyov, mövzusunu xalq arasında daha çox yayılmış və ən dərin dramatik konfliktə malik olan “Əsli və Kərəm” dastanından aldığı eyni adlı operası istər musiqi, istərsə bədii təsvir vasitələri, ifadə tərzi etibarilə həm Azərbaycan dastanı, həm də xalqın bədii yaradıcılığı ilə bəhrələnmişdir. “Əsli və Kərəm” dastanının Gəncə və İsfahan adı ilə bağlı olan iki variantı daha məşhurdur. Müəllif İsfahan variantından istifadə etmişdir. Bu qolu seçməkdə görünür əhvalatların daha dramatik olması, qəhrəmanın daha ağır iztirablar keçirməsi, hadisələrin Azərbaycan ərazisindən xaricə düşməsi kimi üstünlüklər ona daha geniş imkanlar vermişdir.

Böyük bəstəkar “Şah Abbas və Xurşud banu” operasının süjetini xalq nağılından götürmüş, müəllifə daha çox şöhrət qazandıran “Koroğlu” operasında isə aşıq musiqisindən geniş istifadə etmişdir. Bəstəkarın özünün qeyd etdiyi kimi “Koroğlu” operasının bu qədər sevilməsinin səbəbi xalq təfəkkürü və xalq ruhu ilə bağlı olmasındadır.

Ü.Hacıbəyovun aşıq sənəti haqqında olan elmi, nəzəri görüşlərinin azəri musiqi mədəniyyətinin və şifahi xalq ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyəti vardır.

Professor Qara Namazov

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.