ABŞ oyunu qurdu, son nəticədə də istədiyini almağa doğru gedir

ABŞ oyunu qurdu, son nəticədə də istədiyini almağa doğru gedir

Müsahibimiz “Psixoloji Portretalogiya və Politologiya Mərkəzi”nin rəhbəri, Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü,  Adıgözəl Məmmədovdur:

 

-Adıgözəl müəllim, bu gün Rusiya, İran və Türkiyənin xarici siyasi kursunu müşahidə etdikdə onların regionda yeni güc olmaq niyyətlərini açıq-aydın görmək mümkündür. Siz bu güclərin Azərbaycana təsirini necə qiymətləndirərdiz?

 

-Azərbaycan elə bir coğrafiyada yerləşib ki, istər – itəməz regionda həm Rusiya, həm Türkiyə, həm də İran reallığını qəbul edir. Zatən həyata keçirilən siyasət də bu reallığı nəzərə alınaraq yürüdülür. Amma bu da bir həqiqətdir ki, istənilən reallıq və güclər Azərbaycan reallığı ilə də hesablaşırlar. Bu, əslində dövlətimizin həyata keçirtdiyi siyasətin uğurudur. Buna görə də, biz mərhum prezidentimiz rəhmətlik Heydər Əliyevə və onun davamçısı İlham Əliyevə təşəkkür etməliyik.

 

-Siz hər zaman Slavyan-Türk birliyini dəstəkləyənlərdən olmusuz. Bəlkə də bu iddia ilə çıxış edən ilk Azərbaycan politoloqusunuz. Baxmayaraq ki, siz bunu hələ bir neçə il bundan əvvəl deyirdiz, hazırda isə biz Azərbaycan  və Rusiya yaxınlaşmasını müşahidə edirik. Sizcə bu yaxınlaşma Slavyan və Türk dünyasına öz tövhəsini verə  biləcəkmi?


Doğru qeyd edirsiz ki, mən həmişə Slavyan – Türk birliyinin tərəfdarı olmuşam. Hətta bu birliyin ideoloji konsepsiyası kitabını da yazmışam və bu kitabımın Moskva Dövlət Universitetində təqdimatını etmişəm. İlk əvvələr bu istiqamətdə çıxışlar etdikdə ruslar mənim fikirlərimə çox ehtiyatla yanaşırdılar. Çünki əsrlər boyu Lazarevin ( Lazaryan) tarixşunaslıq məktəbi rus – türk düşmənçiliyini təbliğ etmişdir. Belə bir fobiyalar içində fikirlərimə təftişli yanaşırdılar. Sonra Rusiyada etnik separatçılar bu nəzəriyyəmi obrazlı desək, topa tutdular. Sonra “Osmanlının çöküşünə Rusiyadan baxış” kitabımı yazdım və bu kitabda sübut etdim ki, heç də bu dövlətlər həmişə bir-birləri ilə savaşmamışlar. Əksinə tarixin müəyyən məqamlarında hətta Avropa güclərinə qarşı bərabər mübarizə aparmışlar. Bu, çox keçmədi ki müəyyən yumşalmaya səbəb oldu. Sonrakı mərhələdə isə Rusiya prezidenti yanında Strateji Araşdırmalar İnusitutunun əməkdaşlarının iştirakı ilə Slavyan – Türk birliyi haqda tədqiqat əsərim işıq üzü gördü. Və bu kitab Kremlin xarici siyasətini formalaşdıran bir çox ciddi ekspertlərin yüksək rəyini aldı. Beləcə də bizim də, bu istiqamətdə  müəyyən fəaliyyətimizin olduğunu demək  olar.

 

-ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, biz Türkiyənin Suriya ərazisinə endirilən topçu zərbələrinin dayandırılmasını istəyirik. PYD-yə də Hələb ətrafında gərginlik yarada biləcək fəaliyyətlərdən uzaq durmasını istədik. Nə baş verir?

 

-Bu məsələləri 3-4 ay əvvəl deyirdim ki, Rusiya-Türkiyə münasibətləri hər iki tərəfə xeyir etmədiyi kimi ən çox Türkiyəyə ziyan vuracaq. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi regionda marağı olan digər oyunçulara sərf edəcək. İki dövlətin münasibətlərinin gərginləşməsi bizim  coğrafiyaya da  təsir göstərəcək. Rusiya Türkiyə qarşıdurması baş verməyənə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Putinə xitabən deyirdi ki, bizi Şanxay əməkdaşlıq təşkilatına qəbul edin. Əgər bizi Şanxay əməkdaşlıq təşkilatına qəbul etsəniz, biz ümumiyyətlə Avropanı yaddan çıxardacağıq. Bundan əvvəl isə Türkiyənin rəsmi dairələri bildirirdi ki, bizi gömrük birliyinə qəbul edin. NATO üzvü olan Türkiyənin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaması onu göstərirdi ki, Türkiyə NATO konsepsiyasından kənara çıxır, daha doğrusu milli maraqlarından çıxış edirdi.

 

ABŞ-ın maraqlarına qarşı dura biləcək oyunçu Rusiya idi. Türkiyə ilə Rusiyanın birləşməsi, Türkiyənin Şanxay əməkdaşlıq təşkilatına qoşulması okeanın o biri tərəfi üçün vahimə siqnalı idi. Bunun baş verməməsi üçün hər cür addım atacaqdılar.

 

Türkiyəni Rusiyaya qarşı qaldıran ABŞ bu gün Türkiyəyə deyir ki, PYD reallığını qəbul edin. Burada qalib tərəf ABŞ-dır. ABŞ oyunu qurdu, son nəticədə də istədiyini almağa doğru gedir. Türkiyəni çox ciddi təhlükə gözləyir. PYD-ni vurmamaq o deməkdir ki, artıq kürd zolağının Aralıq dənizinə çıxışı təmin edilir.

 

Nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə çox ciddi şəkildə dövlətin içinə soxulmuş Mərkəzi Kəşfiyyat idarəsinin Penselvaniya instrumenti vasitəsi ilə idarə olunan bir qrup insanlarla mübarizə aparılır. Bu qrupun içində Penselvaniya ilə əlaqəli insanların olduğu da iddia olunur. Bunun doğru olub-olmadığını təhqiqatçılar bu yaxın günlərdə cavab verəcəklər. Əlbəttə, bu ara onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda Penselvaniya mərkəzli gülənçilərə qarşı mübarizə davam etdirilməlidir…

 

Və heç kim düşünməsin ki, bu insanlar səhf yolda olublar və səhflərini başa düşüblər, bundan sonra bizim dövlətə xidmət edəcəklər. Əsla belə bir illuziyaya qapılmasınlar! Bu insanlardan son nəfəslərənə qədər şantaj və şirnikləndirici kombinasiyalarla öz mənafelərinə uyğun istifadə edəcəklər! Həmən bu Gülənçi kadrolar dövlət idarə etmə strukturlarından uzaqlaşdırılmalıdır! 

 

-Sizcə bütün bu baş verən çəkişmələri nəzərə alsaq, dünyanın yeni bir qarşıdurmaya artıq daxil olduğunu və nəticə etibarilə soyuq müharibədən, dünya müharibəsinə keçid mərhələsi kimi dəyərləndirmək nə qədər doğru olardı?

 

-Zatən bu soyuq savaş başlamışdır. Zəif dövlətlərin yeraltı və yerüstü sərvətlərinin ələ keşirilməsi məqsədi ilə aldadıcı fonlar yaradaraq, həyata kecirilir. Rusiya nə üçün aktivləşdi? Rusiya siyasi rəhbərliyi başa düşdü ki, Rusiya iqtisadiyyatının böyük hissəsi xarici investorların qoyduğu kapitaldan asılıdır. Bu kapitallar da Rusiyada siyasi cərəyanlar formalaşdırırdı. Rusiya siyasi ənənəsi olan dövlətdir. Putinin siyasi hakimiyyətə gəlişindən sonrakı addımlarına baxsaq, müşahidə edəcəyik ki, o, Rusiyanın siyasi elitasından Rusiya iqtisadiyyatında kök salmış oliqarxları uzaqlaşdırdı. Bu, birinci addım idi. Bu oliqarxlar da hansı ölkələrlə əlaqələri varsa, o ölkələrə qaçdılar. İkinci addım – bildiyimiz kimi, Rusiyanın hərbi-sənaye kompleksi arxasında böyük bir intellektual potensial daşıyır.  Bu intellektual potensialın axını başlamışdı. Yeri gəlmişkən, bir haşiyəyə çıxım: Rusiya hərbi gücünün ən məşhur nümunələrindən sayılan S300 və S400 layihə rəhbərlərindən olan həmyerlimiz  tarixçi Sara Aşurbəylinin nəvəsi də o vaxtlar İngiltərəyə köç etmişdir. Bunların qarşısının alınması üçün sonradan hərbi-sənaye kompleksində yeni şirkətlər yaradılmağa başladı, çünki Rusiyanın xarici iqtisadiyyatdan əldə etdiyi gəlirlərin çoxunu neft məhsullarından sonra hərbi-sənaye kompleksi verirdi. Bu kontekstdə də sənayeləşmə prosesləri başladı.  Və bu prosesdə də yeni bir zümrə – yeni bir milli dövlətçiliyə bağlı burjuaziya formalaşdırıldı. Digər tərəfdən, Rusiya eyni zamanda öz ərazisində baş qaldıran separatizmə qarşı ciddi mübarizəyə başladı. Xarici xüsusi xidmət orqanları ilə əlaqəli qüvvələri neytrallaşdırdı. Bütün bunların nəticəsində artıq Rusiya 2008-ci ildə birmərkəzli dünya idarəetməsinə qarşı çıxdı və geosiyasi manevrlər etməyə başladı. BRİCS təşkilatını formalaşdırmağa başladı. ABŞ dollarının  ekspansiyasından narazı olan dövlətləri – Braziliya, Çin, İran, Hindistan, CAR, Argentinanı – ətrafına yığdı. Amerikan ekspansiyasına qarşı yeni bir güc formalaşdırmağa başladı. Eyni zamanda da öz coğrafiyasında bir təftişə başladı. Bu təftişlərdən biri Xəzərin qeyri-militarizasiyası ilə bağlı danışıqlara başlanması idi. Rusiya ilə Türkiyə arasında hazırda münasibətlər nə qədər gərgin olsa da, Qara dənizlə bağlı Montre anlaşmasının şərtlərinə riayət edilir. Faktiki olaraq, dünyada gərginliklər daha da kəskinləşib və hibrid formada toqquşmalar baş verir. Bu toqquşmalardan biri də Suriyada baş verir. Bu gün faktiki olaraq Suriyada baş verən proseslər geopolitik ziddiyyətin hibrid toqquşmasıdır.

 

Yəni dünya dəyişir və yeni geopolitik mərkəzlər formalaşır. Bizim əsas məqsədimiz odur ki, bu pereturbasiyanı biz xətərsiz adlada bilək. Atalarımızın göz bəbəyi kimi qoruyub bizə miras verdiyi Azərbaycanımızın müstəqilliyini bizdən sonrakı nəsillərə ötürək. Eyni zamanda da bu geopolitik ziddiyətlər konteksində çərçivəsində əbədi və əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində dövlətimizin apardığı ardıcıl siyasəti əsasında mənim də irəli sürdüyüm ideoloji konsepsiyalardan da maksimum yararlanmalıyıq.

Amirxeyir.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.