Emiliya Yaqubova “Səs Azərbaycan”ın qalibi oldu – VİDEO

Emiliya Yaqubova “Səs Azərbaycan”ın qalibi oldu – VİDEO

Azərbaycanın efir məkanında ilk dəfə baş tutan və AZ TV telekanalının efirində yayımlanan “Səs Azərbaycan” yarışmasının qalibi məlum olub.

Ötən gün keçirilən böyük final gecəsində xalq artisti Faiq Ağayevin tələbəsi Hüseyn Abdullayev, Manana Çaparidzenin tələbəsi Səmra Rəhimli, əməkdar artist Tünzalə Ağayevanın yetirməsi Samirə Əfəndiyeva, xalq artisti Mübariz Tağıyevin komandasından Emiliya Yaqubova mübarizə aparıb.

Emiliya Yaqubova 30 min manat qazanıb.

Telekanalın efirində canlı yayımlanan ifaların sonunda tamaşaçıların səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edib. Daha sonra üç finalçı ayrı-ayrılıqda səhnədə sonuncu ifalarını səsləndirib. Yarışmanın sonunda tamaşaçılar “Səs Azərbaycan”ın qalibini müəyyən etmək üçün səs veriblər. Toplanan səslərin sayına görə, 90 min 283 səslə Mübariz Tağıyevin komandasından olan Emiliya Yaqubova layihənin qalibi olub və layihənin qalibi üçün nəzərdə tutulan 30 min manat məbləğində pul mükafatı qazanıb.

Xalq artisti Faiq Ağayevin komandasında iştirak edən Hüseyn isə 46 min 361 səslə ikinci yerə çıxıb.

Bütün dünyada yayımlanan və məşhurlaşan “Səs Azərbaycan”  yarışması noyabrın 1-dən etibarən yayımlanmağa başlayıb. Yarışmada iştirak etmək istəyənlər www.thevoice.az saytı vasitəsi ilə qeydiyyatdan keçiblər. Səs Azərbaycan yarışmasının təşkilatçıları avqustun 23-dən sentyabrın 1-ə qədər 10 şəhərdə olub və xüsusi səsə, istedada malik olan gəncləri seçiblər.

Bir müddət əvvəl isə “Səs Azərbaycan”ın qalibinin “Eurovision-2016” mahnı müsabiqəsinə ölkəni təmsil edəcəyi haqda məlumatlar yayılıb.

“The Voice” yarışması ilk dəfə Hollandiyada yaranıb və sonradan bütün dünyaya yayılaraq məşhurlaşıb. Dünyanın 50-dən çox ölkəsində reytinqlərə görə birinci yerdə qərarlaşan yarışma pərəstişkar ordusu yığa bilib. Şounun Azərbaycana gəlməsindən əvvəl azərbaycanlı iştirakçılar Türkiyədə (O ses Turkiye), Rusiyada (“Голос”) və Ukraynada (Голос країни) keçirilən yarışlara qatılıblar.

"Səs Azərbaycan"ın münsiflər heyəti

“Səs Azərbaycan”ın münsiflər heyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.