“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”

“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”

Nobel mükafatı laureatı, Belarus yazıçısı Svetlana Alekseyeviç martın 8-də “Deutsch Welle”yə müsahibə verib.

– Kölndəki çıxışınızda soyuq müharibənin yenidən başlandığını dediniz. Bunu müharibədən çox yazmış bir insan kimi hiss edirsiniz?

  • Xeyr, bunu orda, bütün hadisələrin girdabında yaşamış birisi kimi hiss edirəm. Çünki Belarus dünyada Rusiyayla ən sıx bağları olan ölkədir. Fikrimcə, Belarus hələ də rus təsirinə məruz qalmış, hələ də rus təsirinə açıq olan və məruz qalan yeganə ölkə və Rusiyanın Avropaya çıxan yeganə dəhlizidir. Rusiyada nə baş versə, bizdə çox güclü hiss olunur. Qarət olunmuş, aldadılmış insanların nifrəti çıxmağa yer axtarır. Və bu yığılan nifrət kifayət qədər ağıllı şəkildə xaricə, xarici düşmənə qarşı yönləndirilir, insanların düşüncələri militarlaşır.

– Daha doğrusu, nifrət uydurulmuş xarici düşmənə doğru yönləndirilir?

  • Əlbəttə. Bu daxildə toplanıb partlayış yarada biləcək enerjinin xaricə çıxarılmasından başqa bir şey deyil. Onu Putin kəşf etməyib, əksinə siyasi klassikadır və çox-çox qədimlərdən bəri məlumdur.

– Siz Rusiya prezidentinin adını çəkdiniz. İndi çoxları Putin avtokratiyasından danışır. Ancaq avtokratiya hansısa vakuumda mövcud olmur. Putinin reytinqi gün-gündən artır…

  • Mənim “Kollektiv Putin” adlı bir məqaləm çıxmışdı. Orda yazmışdım ki, məsələ heç də Putində deyil. Putin sadəcə özünü alçaldılmış, hər şeyi əlindən alınmış, aldadılmış hiss edən bir cəmiyyətin illərlə yığılmış arzusudur (bəzilərində aydın, bəzilərində qarışıq). Yenidənqurmanı eləyən bizlər özümüzə sual verirdik: “Niyə xalq susur?” Mən Rusiyaya səfər edəndə, cəmiyyətin içinə düşəndə bu sualın cavabını tapdım: çünki xalq nələr olduğunu anlamağa macal tapmayıb, o, baş verənləri gözləmirmiş. Yenidənqurmanı Qorbaçovun başçılığı ilə SSRİ-nin böyük şəhərlərinin ziyalı təbəqəsi həyata keçirmişdi. Bəs yerdə qalan xalq? İnsanlar dərin ruh düşkünlüyü içərisində idilər. Kapitalizm-filan da istəmirdilər. Bəlkə də bu rus mentallığına uyğun deyildi. Ancaq o gün ki, Putin dilə gəlib “ətrafımız düşmənlərlə doludur, biz güclü olmalıyıq, bizə hörmət qoymalıdırlar” dedi, hamı bu sözdən öz payını götürdü, yerinə oturdu. Bax, beləcə insanlar yaşamağın yolunu tapdılar, yenidən güclü xalq olmaq üçün bir yerə toplaşdılar.

– Nobel nitqinizdə qarşılaşdığınız iki faciədən bəhs etdiniz: onlardan biri sovet imperiyasının süqutuna aparıb çıxaran sosial faciə (elə indi ondan danışdıq), ikincisi isə Çernobl faciəsi adlandırılan kosmik faciədir. Bu il Çernobıl faciəsinin 30-cu ildönümü tamam olur. Bu gün Çernobıl sizin üçün nə deməkdir?

  • Son on ildə dünyasını dəyişmiş dostlarımın hamısı xərçəngən ölüblər. Elə bir gün olmayıb ki, tanışlarımdan hardasa kiminsə xəstəliyə tutulduğunu, ya da öldüyünü eşitməyim. Bunun baş verəcəyi hələ lap əvvəldən, Çernobıl AES-dəki qəzanın ilk aylarında bir çox alimlər tərəfindən deyilirdi. Onlar deyirdilər ki, qısa müddətə baş verən ölümlər zamanla azaldıqca yerini içdiyimiz su ilə, yediyimiz yeməklə, aldığımız hava ilə bədənimizə keçən kiçik dozalı radiasiyadan qaynaqlanan ölümlər tutacaq. İndi həmin şeyi yaşamaqdayıq. Hakimiyyət buna göz yummağa çalışır, özləri-özlərinə ayrıca təsərrüfat yaradıblar. Lukaşenko öz süfrəsinə sağlam qidalar düzür, yerdə qalan xalq isə mağazalarda satılanları yeyir. Buna görə də “Çernobıl bitib” demək olmaz. Biz hələ də Çernobılda yaşayırıq və bu əbədilik davam edəcək.

 

“Elə bilirdik demokratiya öz ayaqları ilə gəlib evimizə daxil olacaq”

 

– Siz Belarusda işləməyə, yazmağa çalışırsınız. Ordakı hakimiyyət isə yumşaq desək, sizə acımır. Sizi susdururlar, oxucularla görüşmənizə imkan vermirlər. Bəs niyə hələ də orda yaşamağa davam edirsiniz?

  • Mən 12 il xaricdə yaşayandan sonra Belarusa qayıtdım. Mən evində yaşamaq istəyən və yaşamalı olan biriyəm. Axı indi yazdığım “Səslərin romanı”nı ətrafımdakı havada uçuşan insan səslərindən, söhbət etdiyim, küçədə, taksidə, bazarda qarşılaşdığım insanlardan təsadüfən eşitdiyim səslərdən lentə yazdırıram… Belə ki, şəxsi səbəblərdən əlavə (nəvəm Belarusda böyüməkdədir, bir insan kimi onun yanında olmaq istəyirəm), peşəmlə bağlı səbəblərim də var. Mən evimdə yaşamaq üçün qayıtdım. Yeri gəlmişkən, Putinin əsl üzünü göstərməyindən yarım il öncə qayıtdım, onda bu günkü Moskvanın proqramı tam açıqlığa qovuşmuş, bütün maskalar düşmüşdü… Sonradan anladıq ki, bu 20 il ərzində hazırlanıb. Biz saf romantiklər idik, bütün anlamazlığımız burdan gəlir. Biz elə bilirdik, demokratiya öz ayaqları ilə gəlib evimizin daxil olacaq. Bax, ona görə küçələrdə “Azadlıq! Azadlıq!” deyə qışqırırıq.

– Maraqlıdır, bəs ailə üzvləriniz, ən doğma adamlarınız demokratiya haqda görüşlərinizi paylaşırlarmı?

  • Məncə yox. Valideynlərim fikirlərimi bölüşmür. Atam kommunist olub, o, partiya biletindən ayrıla bilməyib. Bunun sadə izahı var. İnsanlar həmişə düşərgədə yaşayıblar (axı, sovet dönəmində beləcə də deyirdilər: sosialist düşərgəsi). Ağlına da gətirə bilməzdin ki, insanı düşərgədən bayıra buraxarlar, o azad olar. Belə şey mümkün deyildi. Hər kəs o ətalətli həyatın içində özünə nəsə bir fənd, bir bəraət, bir oyuq, ləyaqətini qoruyub saxlamaq üçün bir yol fikirləşib tapırdı. Bu, insanın təbiətində var. Meydanlara olduqca az adam çıxırdı. Tutaq ki, Belarusdakı insanlar Ukrayna Maydanını gördülər, qanı gördülər, yanan maşın təkərlərini gördülər və əlbəttə ki, qorxdular. Hamı azadlıq istəyir, ancaq o nemətin göydən düşüb gəlməsini arzulayırlar. Axı, belə olmur.

 

“Hamı azadlıq istəyir, ancaq o nemətin göydən düşüb gəlməsini arzulayırlar”

 

– “Second-hand zamanı” kitabınız çıxandan sonra “qırmızı insan”ın əhvalatının axıra kimi yazıldığını demişdiniz. Doğurdanmı, o, yazılıb qurtarıb?

  • Mən nə bacarıramsa, deyib qurtarmışam. Ancaq bu yeni kitabımdan Rusiya qazanında bişməkdə olan nə isə yeni və qorxunc bir şeyin səsi gəlir – bu bizim azadlıq adlandırdığımız şey deyil. Çoxlarımız üçün sınaq olacaq bir şey hazırlanır. Bütün bunlara baxmayaraq “qırmızı insan” çıxıb getməkdədir. Düzdür, onun gedişi bədbəxtliklə, böyük qanla müşayiət olunur. Axı, imperiya bir anın içində, ya da beş-on ilə dağılıb gedə bilməz.

– İndi nə üzərində işləyirsiniz?

  • İndi, əlbəttə, çox yorğunam, çətin ki, gedib hansısa müharibənin içinə düşəm, ondan yazam. Daha bu cür insan çılğınlığına tamaşa edə bilmərəm. Çəkə biləcəyim əzab limitini çəkib qurtarmışam, Bu bir yana, hələ də bir insanın o birini hansı haqla öldürə bildiyi ağlıma sığışmır. Bu barbarlıqdır. Mənə elə gəlirdi ki, XXI əsrdə ideyalar vuruşmalıydı, insanlar deyil. Gərək bir-birimizlə dil tapaq, söhbəti öldürməyə qədər aparıb çıxartmayaq. Deməli, hələ də XX əsr davam edir. Bəlkə təqvimdə o çoxdan gedib, biz isə hələ də XX əsrdəyik və hələlik dəyişməmişik. Ancaq insan təkcə sosial, yaxud ideya varlığı deyil. O, daha böyükdü. Bəs həyat nəyin ətrafında fırlanır? İki şeyin: Sevgi və Ölümün. Mənsə indi iki kitab üzərində işləyirəm. İstəyirəm, iki kitab halında çıxsın: biri Sevgi, o biri Qocalıq haqda.

 

Çevirdi: Namiq Hüseynli

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.