İnam Atanın Mütləqə İnam Ocağı yeni “Beşikbaşı” törəni keçirdi

Ocağın Yükümlüsü Soylu Atalının uğurlama sözü:  

Soylu Atalı: Bu gün qardaşımız Əyyub bəyin övladının evlənmə günündə ona göz aydınlığı veririk və onun balalarına xoşbəxtlik diləyirik. Diləyirik ki, onun balaları bu beşiyin başında özlərinin ilk böyük sorumluluqlarını dərk eləməyə başlasınlar.

Çağdaş dönəmdə bizim xalqımız həyatını özgə gələnəklərlə yönəldir. Özünün dəyərləri zaman-zaman arxa plana keçir. Biz Asif Atanın Ocağı olaraq xalqın öz ulusal gələnəklərini bərpa eləmək çabaları göstəririk. Başqa sözlə, yeni çağda özümlüyümüzü qorumağın ölçüsünü veririk. Özümlüyü qoruyan məsələlərdən biri evlənmə gələnəyidir. Bu səbəbdən də ərkimiz çatan ayrı-ayrı dostlarımızın övladlarına “Beşikbaşı” törəni keçirir, onlara milli varlığımızı yaşadan dəyərlərin qarantı kimi yaşamalarını tövsiyə edirik. Dünyaya gətirəcəkləri övladlara da bunu öyrətməyin gərəkliyini anladırıq. Azərbaycanı sevmək və onun dəyərlərini yaşatmaq üçün Asif Atanın bizə öyrətdiyi həqiqətləri ailənin yaşam quralına çevirmək gərəkdir. Ailə məsələsi çox böyük məsələdir. Biz diləyirik ki, bu beşikdə dünyaya övlad gəlsin. Ailənin də məqsədi odur ki, dünyaya övlad gətirsin. Cəmiyyətdə ən böyük birlik janrı hələ ki, ailə səviyyəsində alınıb. Hələ heç bir təşkilat, heç bir dövlət, heç bir din ailə qədər birlik formalaşdıra bilməyib. Nə yazıqlar ki, indi onu da sıradan çıxarmağa çalışırlar. Ona görə diləyirik ki, Kənan və Güllər balalarımız bu beşikdə dünyaya övlad gətirsinlər və övladlarının yiyəsi olsunlar. Övladlarına həyatı özləri öyrətsinlər, qıraqdan öyrətməsinlər. Azərbaycanda gəncliyimiz, balalarımız başqa məqsədli qurumların, təşkilatların etkisinə düşüb, başqa yöndə tərbiyyə götürürlər. Siz elə yaşayın ki, bu beşikdə böyüyən körpə milli ruhda böyüsün. Onun atası, anası, yəni siz, özünüzü də elə tərbiyə eləməlisiniz ki, balalarınıza Azərbaycanı öyrədə və sevdirə biləsiniz. Vətən qarşısında sorumluluğunuz var, vətənin yiyəsi ailədir, ailədə yetişən gənclikdir. Xalq əslində ailədən başlayır. Ailə xalqı iki mənada başlayır. Həm fiziki olaraq, nəsil artırmaq baxımından başlayır, həm də mənəvi başlayır. Ailə xalqı davam elədiyi dərəcədə öz övladlarına xalqın böyük dəyərlərini, şəxsiyyətlərini tanıdır və beləliklə, ona öz anasının dilini, öz dəyərlərini əmniyyətə verir. Ailədə böyüyən övladlar Azərbaycanın kimliyini, mənliyini öyrənməklə əslində öz vətəninə, öz xalqının gələcəyinə yiyə çıxa bilir.

Biz Azərbaycanın dəyərlərini tanıyırıq və tanıdırıq. Bunu bizdən öyrənmək gərəkdir. Azərbaycanın obrazını formalaşdıran şəxsiyyətlərimiz olub ki, biz onların nəsliyik, onları davam eləyirik. Siz də bu yöndə öz milli kimliyinizə sadiq qalaraq, öz övladınızı milli ruhda böyüdün ki, xoşbəxtliyə yetəsiniz. Qoy sizin ailəniz elə bir səviyyədə qurulsun ki, ulusal varlığımıza qarşı qıraqdan gələn hər hansı bir etki onun içinə girə bilməsin. Ailənin qapısını yadlığa, yabançılığa elə bağlayın ki, onun içərisində ancaq milli ruh, milli kimlik yaşasın. Mən sizin qurulan ailənizi qutlayıram.

Nurtəkin Atalı: Mən də evlənənləri təbrik eləyirəm. Mənim də evliliyim “Beşikbaşı” törəniylə keçirilib. Ailə qurmaq törəni elə bir hadisədir ki, insanın həyatında xoş bir xatirə kimi qalır. Asif Atanın belə bir sözü var: Ailə ev kimi tikilir, ağac kimi qurulur. Evlənənlər həm bənnadırlar, həm də bağbandırlar. Evlənənlərimiz bu sorumluluğu unutmasalar ailə milli özümlüyünü yaşatmaq üçün balalara milli dəyərləri sevməyi, qorumağı öyrədəcəkdir. Xoşbəxt olun.

 

Soylu Atalı: Bizim hər birimizin sevdiyimiz bir dil var – anamızın dili. Biz bu beşiklərdə böyütdüyümüz övladlara öz anamızın dilini əmniyyətə veririk. Bu işi ana yerinə yetirir. Beşik başında ana laylası millətimizin dilini böyüyən övladın şüurunun altına yeridir. Bu dil həm də insanlığın dəyərlərini körpənin yaddaşına yazır.

Dedik ki, ailənin məqsədi dünyaya övlad gətirməkdir. Ona görə də hesab eləyirik, evlənənlərə ilk olaraq beşik bağışlanmalıdır. Beşik başında onlara xeyir-dua verilməlidir. Onların böyükləri, ağsaqqalları, ağbirçəkləri xeyir-dua verməlidir. Ailənin müqəddəslik mahiyyəti dərk olunmalıdır. Azərbaycanımızın, Azərbaycanlığımızın mənasını, mahiyyətini ifadə eləyən bir gələcəyin özülü qoyulur bu gün. Yurdumuza, millətimizə yeni bir ailə ayaq açır. Ailə qurmaq təkcə iki evlənənlərin atalarının, analarının işi deyil, bütüvlükdə millətin işidir. Ona görə millətin nümayəndələri bura toplaşıb birgə bu işi gerçəkləşdirirlər. Ona görə ailə quranlar bütövlükdə millətimizin qarşısında sorumluluq daşıyırlar. Onlar böyük bir xalqı təmsil eləyirlər. Bu beşik başında onların analığı, atalığı yaranacaq. Bu çağa qədər onların özləri gənc bir övlad idilər. Bundan sonra onlar ata və ana olacaqlar. Onların atalığı, analığı türk milli kimliyini ifadə eləyəcək. Sizə xoşbəxtlik diləyirəm. Ailənizi uğurla başlayın, uğura çatın.

Biz Asif Atanın Ocağı olaraq, sizə Ruhsal bəlgə (sənəd) veririk. Bu Ruhsal bəlgə qoy sizin ailənizin möhkəmliyi üçün bir təsdiq olsun. Mən qəti əminəm ki, siz bunun etkisiylə yaşasanız ailənizə, gələcəyinizə sadiq qalacaqsınız.

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Mütləqimimiz, Müqəddəsimiz, ulu peyğəmbərimiz Asif Ataya – İnam Ataya ali səcdə ilə!

 

 

Ruhsal Bəlgə

Kənan bəyin və Güllər xanımın “Beşikbaşı Törəni”nə

Uğurlama

Ailənin məqsədi dünyaya övlad gətirməkdir.

Ailə – övlada özünün ulusal kimliyini anlatmalı, onu, bizi yaşadan dəyərlərin qoruyucusu kimi böyütməlidir.

Ailə  – ulusun başlanğıcı və davamıdır. Ulus dəyərlərini ailədə yaşadır, gələnəklərini ailədə gerçəkləşdirir.

Hər qurulan ev – ulusal yeniliyin özülüdür. Bu evdə böyüyən övlad ulusun sağlam gələcəyinə sorumludur.

Evin atası və anası bu həqiqəti dərk etməli, qutsal Birlik yaratmalıdır.

Bu, onların qutsal borcudur.

Ailəniz uğurlu, dayanıqlı, gələcəkli olsun!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

Asif Atanın Mütləqə İnam Ocağı adından

Ocağın Yükümlüsü Soylu Atalı

19 Günəş Ayı, 38-ci il. Atakənd.

 

İkinci, mən sizə Asif Atanın müqəddəs “Mütləqə İnam” kitabını bağışlamaq istəyirəm. Bu kitab bizim insani, milli kimliyimizin anlamını öyrədir. Kitabı iki abedə (əlifbada) hazırlamışıq. Birincisi bizim özümüzün milli abemiz olan türk abesiylədir. Bu abedə ona görə veririk ki, gec-tez bizim millətimizin öz abesi olacaq. Biz buna əminik. Bu abedə sizin balalarınız oxuyacaq. İkinci, latın qrafikalı Azərbaycan abesiylədir. Bu isə hələlik özünüzün oxumağınız üçündür. Bunu oxuyun, övladlarınıza da oxutdurun. Bunu oxuyun ki, gözləriniz işıqlı olsun. Xalqımızın, vətənimizin ləyaqətini görə biləsiniz. Oxuyun ki, ürəyiniz güclü olsun. Ailənizə, Vətəninizə, millətinizə sadiq qalasınız.

Atamız Var olsun!

Günəş Ayı, 38-ci il. Sumqayıt.

(mart, 2016).