KÖŞƏ YAZARI AZTV-NİN “İFŞA” VİDEOSUNU ƏLƏ SALDI

KÖŞƏ YAZARI AZTV-NİN “İFŞA” VİDEOSUNU ƏLƏ SALDI

“Mənim AzTV-yə böyük hörmətim olduğunu əziz oxucular bilirlər. Hər zaman bu telekanalizasiyanı uca millətimizin güzgüsü saymışam. Azərbaycan xalqının hansı çirkin, iyrənc, saxtakar, yalançı, yaltaq cəhətləri varsa, AzTV bunları həmişə hamıdan yüksək səviyyədə ekranda canlandıra bilmişdir. Ancaq bugünlərdə bir süjetə baxdım, AzTV hətta özünü də aşmışdı! Unikal bir veriliş idi…” .

Bu sözlər “Yeni müsavat” qəzetinin populyar köşə yazarı Zamin Hacının “49 il AzTV-də, yaxud satılmayan səmənilərin taleyi” adlı yazısındandır.

Tanınmış publisist, AzTV-ni tənqid etmiş media mütəxəssisi Qulu Məhərrəmlinin əleyhinə çəkilmiş və sədr A.Alışanovun təfəkkürünün məhsulu olan 2 saat 44 dəqiqəlik “ifşa” videosuna münasibət bildirərkən bu düşüncələrini dilə gətirib. O, videoda  “ürək sözlərini” deyən alışanovçuların (müəllif əvvəlki yazısında bunları “Alışanov və onun mütəşəkkil dəstəsi adlandırmışdı – red.) yaratdığı mənzərəni 37-ci ilin havası ilə müqayisə edərək yazır: “…AzTV-nin işçiləri redaksiyada qurulan kamera önündə gəlib otururlar, hərəsi minimum 10 dəqiqə Məhərrəmlini söyüb gedirlər. Dəhşətli bir şeydir. Orda nə sifətlər var… 1937-ci ildə adamların üzünə duranları burda canlı izləyə bilərsiniz”.

Müəllif A.Alışanovun kadr arxasında dirijorluq etdiyi uğursuz videosüjetdə  professor Q.Məhərrəmlinin ünvanına deyilən çeşidli və əcaib ittihamlara da özünün ənənəvi ironik münasibətini bildirir: “Biri deyir Qulu Rəsul Quliyevə işləyib, o biri deyir müxalifətçidir, üçüncü deyir nurçudur… Başqası gəlir, deyir bu adam ekstremistdir, ermənilərə işləyir, onlara casusluq da edir”.  Həm də absurd teatrında səslənən təkcə bu cəfəngiyyatlar deyil və müəllif teletənqidçiyə ünvanlanan digər “xoruz səsi eşitməmiş” ittihamları da sıralayır: “…mən tərcümə elədim, yığıb öz adından kitab buraxdı”, “Əhmədlidə və Badamdarda villaları var”, “bizim qonorarı oğurlayıb özünə novostroykada ev alıb”, “fincanla vurub rejissorun başını yardı, cinayəti mənim üstümə yıxdı”, “paralel dövlət yaradır”, “televiziyadan və jurnalist etikasından xəbərsizdir”, “Səhər” verilişini də məndən oğurlamışdı” və s.

Əlbəttə, tanınmış publisistin yazısındakı bu ovqat cəmiyyətdə AzTV sədrinin davranışlarına ironik münasibəti dürüst əks etdirmək baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən Q.Məhərrəmlinin məhkəməyə verilməsi ilə daha da ictimailəşən bu problem cəmiyyətin diqqətini təkcə dövlətin AzTV-yə ayırdığı milyonların necə və hara xərclənməsinə deyil, həm də bu kanala kimin rəhbərlik etməsinə və telekanaldakı mənəvi atmosferin necə olmasına yönəldir.

ASSA news

Print Friendly, PDF & Email