“Papaq atdı”  adəti üz qızartısı

“Papaq atdı”  adəti üz qızartısı

Şükür Allaha ki xalqımız salamatçılıqla bu Novruz bayramını yola verdi. Hər kəs cibinə uyğun – varlısı varlıyana, kasıbı da kasıbyana süfrəsini açıb ailəsini sevindirdi.

Mənim diqqətimi çəkən bu papaq atdı adətidir.  Hey düşündüm ki, necə olur ki, xristian din qardaşlarımızın Şaxta babası torbasını doldurub, dəm-dəzgahla xalqının görüşünə gəlir. Onlara şadyanaqlıqla hədiyyələr verir. Əvəzində də isə heç nə almayıb torbası boş öz buzlaq məkanına geri dönür. Bizim də keçəlimiz, kosamız var də. Amma bu keçəl də, kosa da boş torbasını əlinə alıb, qapı-qapı gəzib, payını istəyir. Axı nə gətirmisən ki, hələ bir pay da istəyirsən?

Deyəsən, bizim keçəlimiz-kosamız da “al mollalarına” bənzəyir! Heç yaxşı iş deyil. Nədən ki, uşaqlar da onlara baxıb, qapı-qapı düşərək papaq atır, xoşluqla-zorluqla insanlardan papaqlarını naz-nemətlərlə doldurulmasını tələb edir. Əlbəttə ki, bu işin həyata keçirilməsində böyüklərin əli var. Bəzən bir qapıya bir papağı 4-5 dəfə atırlar.  Hələ bu harasıdır?  Öz kiçik başlarına uyğun papaq atsalar, yenə dərd yarıdır, içini doldurmaq asandır. Bir də görürsən ki, dədəsinin papağı, anasının şlyapasını atır. Bax, burda məsələ qəlizləşir. Bu yekəlikdə papaqların içini doldurmağa imkan yol vermir. İçinə azacıq bir şeylər qoyduqda isə, papağı əlinə alıb içindəkilərdən narazı qalan uşağın artıq-əksik deyinməsi, hay-həşir qoparması qonşular arasında adamın hörmətini sıfıra endirir, əməlli-başlı qınaq obyektinə cevirir.

Elə bilirəm  kiçik məsələ olsa da, bu balaca uşağın böyüyəndə “qanuni” rüşvərxora çevrilməsi üçün papaq atdı  bir hazırlıq mərhələsidir. Çünki illərlə qapılara papaq atmaqla, onun utancaqlığı, aradan gedir və o, almağa, qoparmağa hayasızcasına alışır. Vaxtilə dilənçiliyə alışmış uşaqların , böyüyəndə talançılıqla, rüşvətxorluqla necə məşğul olduqları göz qabağındadır. Əllərindən xalq zinhara gəlib.

Sözün qısası, bu “papaq atdı” adamları çox pis vəziyyətdə, xəcalətli qoyan bir adət-ənənədir.  Elə bilirəm bu adətimizi dəyişdirsək, yaxşı olar. Yəni ki, uşaqlarını qapılara salıb torba atmağa alışdıran valideylər torbaları qapılara boş atdırmasınlar. İçinə Allah verəndən qoysunlar ki,  qapı sahibi də sevinsin. Qapı sahibi sevinsə, o da elə edər ki, torba atan da sevinər. Bir-iki ildən sonra isə, bu abrımızı tökən “papaq atdı” adəti tamamilə silinib gedər. Çünki heç kim papağını doldurub kiminsə qapısına atdırmayacaq. Dəli deyil ki?  Nə isə, Allah işinizə avandlıq versin!

Esmira Şükürova