“Mənim üçün ən yadda qalan yer Leyli bulağıdır”

“Mənim üçün ən yadda qalan yer Leyli bulağıdır”

Musa Nəbiyev Bolşevik oğlu:

-Mənim üçün Əmirxeyir vətən deməkdir.

-Ora doğulduğum yerdi, boya-başa çatdığım torpaqdı. Kəndin bütün dağı, daşı, bulaqları mənə əzizdir.

-Əmirxeyirdə xoş günlərim çox olub. Acı günlərimizi isə barmaqla saymaq olar. Orda həmişə xoş günlər keçirmişəm.

-Valideynlərim, əmilərim, qohumlarım, bütün kəndçilərim mənim üçün əziz insanlar idi. Orda yaşadığım dövrdə heç kəsdən mənə qarşı acı söz eşitməmişəm.

-İnanıram ki, nə vaxtsa oralara gedəcəyik. Təbii ki, hamı kimi mən də uzun ayrılıqdan sonra kəndimizə ayaq basanda həyəcan keçirəcəyəm. Həyəcansız oralara baxmaq, torpağında addımlamaq mümkün olmayan bir şeydir. Doğulduğum yerləri, uşaqlıq illərimi keçirdiyim ərənləri yenə də görmək bizə nəsib olacaq. Sonra qalxıb yaylağımıza da baş çəkəcəyəm.

-Kəndimizin ən yadda qalan yeri Leyli bulağıdır, çünki anam həmişə ora yaylağa çıxardı. Onun dalınca qaçıb ora getmişik. İnəyi, buzov gətirməyimiz, ipə bağlamağımız bu günkü kimi yadımdadır. Elə ən səfalı yerimiz də ora idi, Leyli bulağı.

-Kəndimiz demək olar ki, hər gecə yuxuma gəlir. Xüsusilə, əmilərimin evini görürəm. Sanki bu yuxu qatar kimi düzülür. Gedirəm Qara bulağa, qayıdıram evimizə, sonra Məhərrəm əmimgilə, ordan aşağı düşürəm İsə əmimgilə. Birdən özümü Zeynəb mamamgildə, Əbdül əmimgildə görürəm. Qoy kəndçilərimiz bu yuxuya görə məni qınamasınlar. Oranın hər bir evi mənim üçün əziz olub. 10 il Salah kəndində, 20 il Salyanda yaşamışam. Salyan, Salah yuxumda yoxdur. İndi də Sumqayıtın Saray qəsəbəsində məskunlaşmışam. Qəribədir, buralar da heç yuxuma girmir.

-Amirxeyir.com saytının oxucularına həmişə xoş xəbərlər oxumağı arzulayıram. Elə Əmirxeyirə qayıdışımız haqda da qoy bu saytdan xəbər tutaq.

Print Friendly, PDF & Email