Ebru Gündəş ABŞ-da tutulan əri ilə bağlı qərar verdi

Ebru Gündəş ABŞ-da tutulan əri ilə bağlı qərar verdi

Azərbaycanda da məşhur olan və kifayət qədər sevəni olan türkiyəli müğənni Ebru Gündəş bir neçə gün öncə istirahətə getdiyi ABŞ-da həbs edilən əri, iş adamı Rza Zərrabla bağlı qərarını verib.

Sənətçi həyat yoldaşının yanında olmaq üçün Mayamiyə qayıdır.

Mart ayının 19-da – yəni iş adamı həbs edilən gün onun yanında E.Gündəş və 5 yaşlı qızları Alara da olub. Lakin ifaçı baş verən hadisələrin qızına pis təsir etməməsi üçün elə həmin gün Türkiyəyə geri qayıtmışdı.

İddiaya görə, qayıdan kimi qızını bağçaya göndərən E.Gündəş yaxınlarına “Rza məni yanında istəyə bilər”, – deyib və Mayamiyə qayıtmağa qərar verib.

Gündəş, üç həftə – yəni həyat yoldaşının ABŞ-dakı ilk məhkəməsinə qədər orada qalacaq.

Ebru Gündəş və Rza Zərrab (arxiv)

Ebru Gündəş və Rza Zərrab (arxiv)

Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur. Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Nyu-York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən, 33 yaşlı Zərrab iki İran vətəndaşı – Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.

Rza Zərrab 2013-cü ilin dekabrında Türkiyədə həyata keçirilən böyük korrupsiya əməliyyatı zamanı bəzi nazirlərin yaxınları ilə birlikdə həbs olunmuşdu. İttiham aktında deyilirdi ki, Rza Zərrab İrana aid tonlarla qızılın və milyardlarla dolların Türkiyə üzərindən transferini həyata keçirmək üçün nazirlər də daxil olmaqla yüksək vəzifəli şəxslərə rüşvət verib.

Lakin o zaman iş adamı bir neçə ay sonra azadlığa çıxa bilmişdi. İlk həbsdən sonra iranlı iş adamının müğənni həyat yoldaşından ayrılması barədə məlumatlar yayılmışdı. Lakin E.Gündəş bu xəbərləri təkzib etmiş, ailə quranda bir-birlərinə həm yaxşı, həm də pis gündə dəstək olmaq sözü verdiklərini demişdi.

ABŞ-da həbs edilən Rza Zərrabın ilk fotosu

ABŞ-da həbs edilən Rza Zərrabın ilk fotosu
Print Friendly, PDF & Email