Gölkənd nağılı – Bizim kəndin insanları

Gölkənd nağılı – Bizim kəndin insanları

Biri vardı, biri yoxdu…

Keçmiş Gəncə quberniyasının Qazax qəzasında Murğuz və Cantəpə dağlarının arasındakı vadidə irili-xırdalı göllərlə əhatə olunmuş bir kənd vardı: Gölkənd. Sovetlər dönəmində Qazax qəzasından zorla qoparılaraq qonşu kəndlərlə birlikdə qondarma Krasnoselski rayonunun tərkibində Ermənistan SSR-ə birləşdirilən kəndimiz, bütün diskriminasiyalara baxmayaraq öz milli simasını qoruyub saxlamış və xeyli inkişaf etmişdi.

Tarixən Gölkənddə elmə, mədəniyyətə böyük maraq olmuş, bu kənddə istər dini, istərsə də dünyəvi elmlərdən agah olan görkəmli insanlar yaşamışdılar. Hacı Nəbi, Hacı Kərim, Hacı Mehdi, Hacı Vəli, Hacı Eyyub kimi əsl iman sahibləri hələ 19-cu əsrdə Həcc ziyarətində olmuşdular. Kəndin mütərəqqi insanları burada məscid tikmis, 19-cu əsrin əvvəllərində isə mədrəsə açmışdılar. Mədrəsə bölgənin tanınmış təhsil ocağına çevrilmişdi. Molla Həşim, Molla Manaf, Molla Qurban, Molla Əsgər, Molla Abbasəli, Molla Soltansəlim, Molla Məciməddin və Hacı Hacıyev kimi nüfuzlu insanlar müxtəlif zamanlarda bu mədrəsənin məzunları olmuşdular. Ata babam Molla Abdulla da həmin mədrəsəni bitirmişdi (Babam sonradan, yəni 1890-cı ildə Türkiyənin Amasya bölgəsinə köçmüş və orada böyük nüfuz qazanmışdı. Babam Azərbaycandan oraya köçmüş bir neçə imkanlı adamla birlikdə “Şirvanlı məscidi”nin tikintisində fəal iştirak etmişdi. Həmin məscid bu gün də durur).

Hələ Sovetlər dönəmində Gölkənd mədrəsəsinin bazasında məktəb açılmışdı. Mədrəsənin məzunu Hacı Hacıyev orada müəllim kimi çalışmışdı (Yadımdadır, bir gün məktəbdə Hacı müəllimlə görüş keçirilirdi. O, ruhani təhsili aldığını xatırlayır, əlini Ziya Mustafayev, Məmməd Mansurov kimi müəllimlərin çiyninə qoyub: “Mən bu qoca kişilərin müəllimi olmuşam” – deyirdi).

Kəndin əhalisi bütövlükdə azərbaycanlılar idi. 1930-1950-ci illərdə kəndə rəhbərlik edənlər arasında Dostumalı kişi və Muğan kişi kimi yerli adamlardan başqa gəlmə adamlar da var idi. Lakin kənd məktəbinin fəaliyyəti nəticəsində zaman keçdikcə savadlı, təhsilli adamların sayı artmağa başladı və vəziyyət dəyişdi. Bu sahədə təşkilatçılığı və savadı ilə böyük nüfuz qazanmış Qulu Quliyevin müstəsna rolu var idi. O, kənd təsərrüfatı mütəxəssisi kimi yetişmələri üçün gəncləri ixtisas seçməyə yönəltmiş, onların ali təhsil alandan sonra kəndə qayıdıb ixtisasları üzrə işlə təmin olunmasında əvəzsiz xidmətlər göstərmişdi.

Həmin gənclərdən biri olan Əziz Quliyev müxtəlif vaxtlarda Gölkəndə rəhbərlik etmiş, onun rəhbərliyi dövründə kənddə xəstəxana, böyük Mədəniyyət evi, kitabxana, eləcə də bir çox məişət obyektləri tikilmiş, yeni iş yerləri açılmış, gənclər işlə təmin olunmuşdular (Həmin dönəmlərdə ömrünün ahıl çağında Molla Abbasəli kişinin kənd üçün gördüyü işləri də qeyd etmək lazım gəlir. Bütün təpkilərə baxmayaraq milli adət-ənənələrin yaşadılmasında onun böyük xidmətləri vardı).

…1964-cü ildə Şövkət Kərimov Gölkənd məktəbinə direktor təyin edildi. Fəaliyyətə başladığı dövrdən Şövkət müəllim zaman-zaman məktəbin məzunlarından ibarət pedaqoji kollektiv formalaşdırmağa başladı. Azərbaycanın, Ermənistanın müxtəlif rayonlarında, o cümlədən, qonşu kəndlərdə çalışan kəndimizin istedadlı müəllimlərini məktəbdə işlə təmin edərək administrativ rəhbərlik qarşısında gənc müəllimlərə həyətyanı torpaq sahəsi ayrılması məsələsini qaldırdı və istəyinə nail oldu. Bu gün məktəbimizdə formalaşmış təhsil mühitindən söz düşəndə mütləq bu adları xatırlamaq lazım gəlir: Novruz Musayev, Vəli Hacıyev, Ziya Mustafayev, Dursun Səmədov, Musa Məmmədov, Tapdıq İbrahimov, İsa Allahverdiyev, Musa Allahverdiyev, Rəna Tağıyeva, Qaragilə Məmmədova, Nadya Yaqubova, Nura Allahverdiyeva, Hacı Məhrəmov, Vaqif Ələkbərov, Sabir Bayramov, İsgəndər Hacıyev, İsmayıl Səlimov və başqaları.

Bizim məktəbdə keçirilən fənn olimpiadalarını rayon olimpiadası da adlandırmaq olardı. Bizim məktəbdə birinci yeri tutan şagirdlərimiz rayonda da birinci yeri tutur, Yerevana respublika olimpiadasına gedər, çox vaxt oradan mükafatla qayıdardılar.

Yadımdadır, bir gün rayon təhsil şöbəsinin metodisti Razim Əfənovun iştirakı ilə məktəbdə Nəsrəddin Tusinin yubileyinə həsr edilmiş riyaziyyat gecəsi keçirildi. Gecədə 3-cü sinifdən 10-cu sinfədək istedadlı şagirdlər iştirak edirdilər. Hər hansı bir məsələni tez həll edənə hədiyyə verilərdi. Mən də ilk hədiyyəmi 3-cü sinifdə oxuyanda həmin gecədə qazanmışdım. Qardaşım Aqil və bacım Ulduz da evə hədiyyə ilə gəlmişdilər. O gün çox sevincli idik.

Dərs ilinin sonunda kəndin Mədəniyyət evində müəllim və şagirdlərin iştirakı ilə ilin yekunlarına həsr edilmiş yığıncaq olardı. Rəhmətlik Abbas müəllim qalibləri idman dərəcələri və döş nişanları ilə təltif edərdi. Sonra yay tətilində sovxoz təsərrüfatına kömək etmək tapşırıqları verilərdi…

Səməd Vurğunun adını daşıyan məktəbimizdə özfəaliyyət dərnəyi də fəaliyyət göstərirdi. Bu sahədə çox böyük ən-ənə yaranmışdı. 1960-cı illərdən Vaqif müəllimlə başlayan bu ənənə 1988-ci ildə məktəb fəaliyyətini dayandıranda Məhərrəm müəllimlə başa çatdı (Kənddə Mədəniyyət evinin müdiri Mahal Məmmədovun rəhbərliyi altında bir özfəaliyyət dərnəyi də vardı). Yeni il ərəfəsində kəndin böyük Mədəniyyət evində şagirdlərin hazırladığı teatr tamaşasına və musiqi nömrələrinə baxmaq üçün hətta qonşu kənddən də adamlar gələrdilər. Böyük anşlaq olardı. 1979-1980-ci illərdə tamaşaya qoyulan Səməd Vurğunun “Vaqif “ dramı haqqında bu gün də hamı danışır. Rəhmətlik Rizvan Pirnəzərov Qacarı, Zeynal Hacıyev Vaqifi oynayırdı…

Kəndin böyük idman ənənələri vardı. Sovet dönəmində hər il may ayının ilk 6-cı günündə İdman bayramı təşkil olunardı. Voleybol, bosketbol, stolüstü tennis, şahmat, dama, yüngül atletika, uzunluğa və hündürlüyə tullanma, müxtəlif məsafələrə qaçış, ağırlıqqaldırma və digər idman növləri üzrə yarışlar bir gündə keçirilərdi. Günün sonunda qızlar və oğlanlar arasında çempionlar məlum olardı.

Məktəbimizin yığma komandaları da var idi. Rayon yarışlarına hazırlıq məqsədi ilə müxtəlif idman növləri üzrə qonşu kəndlərin komandaları ilə yoldaşlıq görüşləri keçirilərdi. Voleybol yarışları xüsusi maraq kəsb edərdi. Rayon yarışlarında bizim komandamız həmişə çempion kimi qarşılanırdı. Məktəbin komandası zona yarışlarında rayonu təmsil edər, mükafata layiq yerlər tutardı. Məktəbin idman zalı, böyük idman meydançası var idi. Sonralar müəllimlərın və kəndin camaatının danışdıqlarından öyrəndim ki, bu idman mədəniyyətini kəndimizə atam Ayaz Abdullayev gətiribmiş. İdman ənənəsi kəndimizə miras qalmışdı. Təsadüfi deyil ki, məzunlar arasında bu gün də respublikanın idman həyatında xüsusi adı olan Alı Alıyev kimi idmançı, eləcə də bir çox bədən tərbiyəsi və idman müəllimləri var.

Məktəbimizin çox zəngin kimya, fizika, biologiya laboratoriyaları var idi. Dövrədə cərəyan şiddətini və gərginliyi ölçüb naqilin müqavimətini tapardıq. Suyu qaynadıb temperaturu ölçür, yerləşdiyimiz məkanın dəniz səviyyəsindən hündürlüyünü hesablayardıq. İki şəffaf maddəni qatışdıraraq rəngli maye alıb gözbağlayıcıların sirrini öyrənərdik.

Məktəbimizdə Əmək təlimi dərsini zəngin emalatxana korpusunda xüsusi maraqla keçərdilər. Hacı Namazov bizə dülgərliyin sirrini, ağacların xüsusiyyətini, Mübariz Məmmədov torna, frez və digər dəzgahlarla işləməyi, Famil Yaqubov daxili yanma mühərrikinin xüsusiyyətlərini, hərəkətin mühərrikdən təkərə ötürülməsində surət qutusunun fəaliyyətini, kənd təsərrüfatında, əkinçilikdə və heyvandarlıqda avtomatlaşmanı, Əsgər Osmanov isə ətçilikdə və südçülükdə yüksək məhsul almağın sirlərini öyrədərdilər. Bir sözlə, hər birimiz məktəbi istehsalata tam hazır adamlar kimi bitirərdik. Qızlarımıza tikmənin sirrini Leyli müəllimə öyrədərdi.

Hər il may ayının 9-da müharibə veteranları ilə görüşlər keçirilər,müharibə veteranlarının dedikləri bizdə Vətənə sevgi hissləri aşılayırdı.

İbtidai hərbi hazırlıq dərsi də olduqca maraqlı keçərdi. Bu dərsdə bizə Famil Yaqubov bütün nəzəri hissə ilə bərabər məktəbin arsenalından istifadə edərək silahı söküb yığmaq, uzaq və yaxın məsafələrə dəqiq atəş açmaq öyrədərdi. Atəş üzrə rayon yarışlarında həmişə bizim məktəb seçilərdi. Bu gün Azərbaycan Ordusunda xidmət göstərən, əslən Gölkənddən olan onlarla zabitimiz vətənin keşiyində durur. 27 yaşlı mayor Rizvan Pirnəzərov Başkənd əməliyyatında, Dinar Mustafayev Füzuli rayonu uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümlərindən sonra “Azərbaycan bayragı” ordeni ilə təltif ediliblər. Hazırda polkovnik Həmzə Allahverdiyev Azərbaycanın Hərbi Hava Qüvvələrində hərbi hissə komandiri kimi xidmət göstərir.

İndi də xatırlayıram, direktorumuz Şövkət müəllimi sıxmaq üçünmü, ya məktəbdəki təhsil səviyyəsini ümumi rayon təhsilinin səviyyəsi kimi mərkəzi rəhbərliyə təqdim etmək üçünmü, ya da nə üçünsə, tez-tez məktəbimizə Yerevandan yoxlama gələrdi. Bu isə müəllim və şagird kollektivini daha da əzmlə çalışmağa vadar edər, uğurlar ildən-ilə artardı.

Şövkət müəllim hələ 1972-ci ildə el-obanın adət-ənənəsini və danışıq dili xüsusiyyətlərini, ləhcə və şivələrini həmişəlik yaşatmaq üçün “Azərbaycan dilinin Qaraqoyunlu dialekti” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. O, bununla sübut etmişdi ki, kənddə çalışmaqla da alim olmaq olar. Şövkət müəllimin bu nəticəsini görən o zamankı respublika təhsil rəhbərliyi onu Yerevan Dövlət Pedoqoji Universitetinə müəllim dəvət etmişdilər. Amma o, təklifi qəbul etməmiş və öz kəndində çalışmağı üstün tutmuşdu. Pedaqoji universitetin rəhbərliyi onun məktəbdən ayrılmadan xüsusi qrafiklə mühazirələr keçməsinə şərait yaratmışdı. Qəbul Komissiyasında dil-ədəbiyyat sahəsinə rəhbər təyin etmişdilər. Bundan sonra məktəbin dərs hissə müdiri Vəli Hacıyev də fizika üzrə dissertasiya müdafiə edərək fizika elmləri namizədi olmuşdu. Ermənistan kimi bir yerdə bütün basqılara baxmayaraq kənd orta məktəbındə iki alimin birlikdə çalışması çox qürurverici fakt idi (Qeyd etmək istəyirəm ki, 1988-ci ildə qaçqınlıqla əlaqədar məktəb fəaliyyətini dayandırdıqdan sonra Şövkət müəllim Azərbaycan Texniki Universitetinə kafedra müdiri, Vəli müəllim isə Tibb Universitetinin fizika kafedrasında müəllim işlədilər).

Məktəbimizin məzunları ali təhsil almaq üçün əsasən Bakını seçsələr də, o vaxtkı SSRİ-nin ayrı-ayrı şəhərlərində (Moskva, Leninqrad, Voronej, Yerevan və s.) fəaliyyət göstərən ali məktəblərə də üz tuturdular. Təsadüfi deyil ki, bizim məktəbin fəxr olunası Həmid Əliyev, Rəşid Əliyev, Həsən Allahverdiyev, Fərman Hacıyev, Niftalı Qocayev, Qara Namazov, Vəli Qocayev, Sabir Əliyev, Qayıbverdi İsgəndərov, Mircəfər Nəbiyev, İlham Səlimov, Nəsimi Kazımov, Vahid Kərimov, Fərman Məmmədov, Cavanşir İsgəndərov, Allahverdi Allahverdiyev, Nəbi Babayev, Ələsgər Sarıyev, Tofiq Süleymanov, Xəlifə Hacıyev, Tofiq Kərimov, Ramiz Rüstəmov, Eldar Məmmədov, Teymur Əlləzov və digər neçə-neçə alimi, professoru, elmlər namizədi, həkimi, müəllimi, mühəndisi, iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisi, başqa ixtisas sahibləri olan məzunları var. Məktəbimizin məzunu Zeynal Hacıyevin 1980-ci ildə dünyada məşhur olan Bauman adına Texniki Universitetinə yüksək nəticə ilə daxil olmasını isə xüsusi qeyd etmək istəyirəm. Əksər semestr imtahanından sonra universitetdən bizim kənd məktəbinə belə məzunu olduğu üçün təşəkkürnamə gələrdi. Zeynal bu universiteti yüksək nəticə ilə bitirib texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldı. Hazırda Zeynal Hacıyev BMT-nin emiqrasiya üzrə səfiridir.

O zamanlar çox yerdə yaxşı ev, yaxşı maşın, yaxşı geyim dəbdə olduğu halda, bizim kənddə hər şeydən əvvəl ali təhsil dəbdə idi. Hər ailədə ən azı bir nəfər ali təhsil alan vardı. Bu gün də bu ənənə davam edir. Gənclərimiz Azərbaycanın və dünyanın məşhur universitetlərində təhsil alaraq köklərinə sadiqlik göstərirlər.

… Yaxın tariximiz hər kəsə bəllidir. Mən eşitdiklərimi, yadımda qalanları, düşündüklərimi, uşaqlıq və yeniyetməlik illərinin xatirələrini kəndimizə və onun adamlarına sonsuz məhəbbətlə qələmə aldım. Bizim belə kəndimiz var idi. Tarix və zaman çox yurdları məkrli siyasətlərin qurbanına çevirib. Yazmaqla bitib-tükənməyən xatirələrimizi, heç vaxt yenilməyən qürurumuzu, şərəfli tariximizi gələcək nəsillərə çatdırmaq üçün nağıllara çevrilmiş dünənimizi hələ çox danışmalı, hələ çox bölüşməliyik.

Polad ABDULLAZADƏ

Print Friendly, PDF & Email