Putin Kadırova yenə vəzifə verdi

Putin Kadırova yenə vəzifə verdi

Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun Çeçenistan Respublikası rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edib. ANS PRESS-in məlumatına görə, Putin bununla bağlı fərman imzalayıb.

Putin ümid etdiyini bildirib ki, aprelin 5-də səlahiyyət müddəti başa çatan Ramzan Kadırov sentyabrda keçiriləcək respublika rəhbəri seçkilərinə qatılacaq.

“Mən ümid edirəm ki, Çeçenistan Respublikasının sakinləri sizin respublika üçün etdiklərinizi qiymətləndirəcək. Amma biz bu etdiklərimizlə kifayətlənməməliyik. Biz daha çox diqqəti federal hakimiyyətin orqanları ilə əlaqələri genişləndirməyə ayırmalıyıq. Hamı Rusiya qanunlarına riayət etməlidir “, – deyə Putin bildirib.

Putin qeyd edib ki, Çeçenistan Rusiya vətəndaşları üçün təhlükəsiz yerə çevrilib.

Bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov vəzifəsindən getmək istədiyini açıqlamışdı. Çeçenistan rəhbəri bildirib ki, o, adının xalqına qarşı istifadə olunmasını istəmir. Odur ki, vəzifəsindən getmək vaxtı çatdığını hiss edir və yerinə başqa bir insanın təyin olunması üçün ölkə rəhbərliyinə bununla bağlı müraciət də edib.

“Düzünü desəm, mən işimi görürəm və  bu günə kimi yaxşı da alınıb. Bundan sonra mənim adımı  xalqıma qarşı istifadə etməsinlər deyə, hesab edirəm ki,  hökumət başqa adam tapmalıdır. Odur ki, mənim vaxtım başa çatıb. Mən getməliyəm. Yerimə gəlməyə isə komandamızda savadlı mütəxəssislər çoxdur”, – deyə R.Kadırov qeyd edib.

Bu açıqlamaya rəsmi Kremlin də cavabı gecikməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  mətbuata açıqlamasında bildirmişdi ki, Çeçenistan prezidenti postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur. “Ramzan Kadırov səlahiyyət müddətinin başa çatmasını gözləməlidir. Bundan başqa, bu məsələ üçün Rusiya prezidentinə müraciət olunmalıdır və yalnız onun qərarından sonra Çeçenistanın rəhbərliyi müəyyən oluna bilər. Ümumilikdə Rusiya regionlarının rəhbərlərinin işlərinin səmərəliyi və onların qiymətləndirilməsi yalnız Rusiya prezidenti Vladimir Putinin mülahizə və son qərarından asılıdır”, – deyə Dmitri Peskov bildirmişdi.

Dmitri Peskov - Kremlin mətbuat katibi

Dmitri Peskov – Kremlin mətbuat katibi
Print Friendly, PDF & Email