Suriyada 7-ci rus zabiti həlak oldu

Suriyada 7-ci rus zabiti həlak oldu

Rusiya xəbər agentlikləri martın 24-də Suriyanın Palmira şəhərində Rusiya xüsusi qüvvələr zabitinin həlak olduğunu bildirir. O, şəhərə hava zərbələrini idarə edirmiş.

Interfax Rusiyanın Khmeimim hava bazasındakı mənbəyə istinadla yazıb ki, “əsgər terrorçular tərəfindən aşkarlanıb mühasirəyə alınandan sonra zərbəni özünə yönəldib, qəhrəmancasına həlak olub”.

TASS və RIA Novosti də ölümü təsdiqləyib. Ancaq zabitin nə vaxt ölməsi barədə dəqiq məlumat yoxdur. Interfax bunun “ötən həftə” baş verdiyini yazır.

Bununla da Kremlin Suriyada beş aylıq hərbi kampaniyası zamanı həlak olan zabitlərin sayı yeddiyə çatıb.

Rusiya Suriyada xüsusi qüvvələrinin olduğunu ilk dəfə martın 23-də açıqlayıb. O vaxtadək Moskva bildirirdi ki, ancaq hava zərbələri endirir, Rusiya bazalarını qoruyur, Suriya ordusuna təlim keçir.