London mülklərinin sahibləri açıqlandı, oliqarxların sirləri üzə çıxdı

London mülklərinin sahibləri açıqlandı, oliqarxların sirləri üzə çıxdı

Britaniya hökuməti antikorrupsiya fəallarının apardığı kampaniyanın nəticəsi olaraq Londonda xarici ölkə vətəndaşları tərəfindən offşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olduğunu açıqlayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Britaniya mediası yazır. Mülkləri açıqlananlar arasında keçmiş sovet respublikalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alır.

Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. “The Sunday Times” yazır ki, siyahının açıqlanması Rusiyadan və digər keçmiş sovet respublikalarından olan oliqarxların, onların ailə üzvlərinin sirlərinin ortaya çıxmasına səbəb olub.

Adı Londondakı mülk sahibləri arasında olanlardan biri də Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Andrey Yakunin də var. Yakunin 2015-ci ilin payızında gözlənilmədən istefa verib, daha sonra onun barəsində korrupsiya araşdırmaları aparılıb.

Yakuninin 31 yaşlı oğlunun Londonda 35 milyon funt-sterlinq dəyərində mülkə sahib olduğunu bundan əvvəl müxalfətçi bloqer Aleksey Navalnı üzə çıxarmışdı. İndi Britaniya hökumətinin açıqladığı siyahı bu məlumatı təsdiq edib.

Bildirilir ki, Andrey Yakuninin 8 yataq otağına, hovuza, kinoteatra və şərab anbarına malik malikanəsi Londonun tarixi səmtində, Sent Cons Vudda yerləşir.Bu, Britaniya paytaxtının ən bahalı və ən prestijli rayonudur. Sənədlərə əsasən mülkün sahibi Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Terphos” maliyyə korporasiyasıdır. Korporasiya Yakuninə bağlıdır. Malikanə 2013-cü ildə alınıb.

Bundan  başqa Yakunin Londonun Hempsted rayonunda daha bir mülkə sahibdir. Bu mülk Panamada qeydiyyatdan keçmiş “Diamondrock” adlı offşor şirkətin adına qeydiyyatdan keçib. Hazırda bu mülkün qiyməti 10 milyon funt sterlinqdir. Yakuninin oğlu digər postsovet oliqarxlarının törəmələri kimi Londonda yaşayır. Andey Yakuninin nümayəndəsi Londondakı mülklərin ona məxsus olduğunu təsdiqləyib.

London mülklərinin sahiblərinin siyahısını Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (İCİJ) öz saytında yerləşdirib. Bu informasiya offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan iki iri şirkətin-“Portcullis TrustNet” (Sinqapur) və “Commonwealth Trust Limited”in (Britaniya Virgin adaları) 10 ilə yaxın dövr ərzində apardığı əməliyyatlara əsaslanır. Həmin şirkətlər Londondakı mülklərin sahibləridir. Məlumat bazasında 37 Azərbaycan vətəndaşının da adı yer alır. Mövzunu davam etdirəcəyik.