Rza Zərrabı tutduran ABŞ prokuroru populyarlaşdı

Rza Zərrabı tutduran ABŞ prokuroru populyarlaşdı

Türkiyəli biznesmen Rza Zərrabı tutduran Nyu Yorklu prokuror Türkiyədə xeyli populyarlaşıb.

Məlumatı «The Associated Press» agentliyi yayıb.

Manhetten prokuroru Preet Bhararanın «Twitter» social şəbəkəsindəki izləyicilərinin sayı əvvəl bir neçə min idi, indi 250 mini keçib. Belə ki, o, ötən çərşənbə günü yazıb ki, Rza Zərrab «tezliklə Amerikada ədalət mühakiməsi ilə qarşılaşacaq».

Zərrab ABŞ-ın İrana iqtisadi sanksiyalarını pozmaqda ittiham olunaraq Mayamidə saxlanıb.

Bharara bu işlə bağlı türkcə və ingiliscə xeyli ismarıclar alıb. Biri prokurorla fəxr etdiyini yazır, digəri ona şiş kabab, türk xalçası təklif edir.

«Şiş kababı xoşlayıram, ancaq işimi gördüyümə görə hədiyyə qəbul edə bilmərəm». Bhararanın bu cavabı 38 min dəfədən çox təkrar tvit olunub.

33 yaşlı Zərrab müğənni Ebru Gündeşlə evlidir. Biznesmen 2013-cü ildə Türkiyə hökumətinin adı hallandırılan korrupsiya işilə əlaqədar saxlanıb, ancaq sonradan ittihamlar ləğv olunub.

Zərrab, ABŞ-da ittiham olunan daha 2 nəfərlə İran biznesi və hökuməti üçün milyonlarla dollar dəyərində maliyyə transaksiyaları həyata keçirməkdə ittiham olunur. O, martın 19-da saxlanıb, digər təqsirləndirilənlər azadlıqdadır.

Bharara isə 2009-cu ildən bəri ABŞ-da bir sıra səs-küylü işlər aparıb. Onun karyerası doğulduğu Hindistanda da maraqla izlənir.

Print Friendly, PDF & Email