Bakı yenə yağış suları altında qaldı

Bakı yenə yağış suları altında qaldı
Martın 29-da gecə saatlarından başlayaraq Bakıya intensiv şəkildə  yağış yağması bəzi magistral yollarda və küçələrdə böyük gölməçələrin yaranmasına səbəb olub. Bakının bəzi rayonlarında insanlar evlərindən küçəyə çıxmaqda çətinlik çəkiblər. Həmçinin yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Qeyd edək ki, paytaxt ərazisində güclü yağış yağacağı ilə bağlı hava proqnozu öncədən verilsə də, aidiyyəti qurumların bu istiqamətdə heç bir iş görməməsi Bakının təbiət qarşısında yenidən aciz qalması ilə nəticələnib. 
 
Hətta paytaxtın ən böyük prospektlərindən olan Ziya Bünyadov prospektində yolu sel basıb, saatlarla davam edən tıxac meydana gəlib. 
Musavat.com bu duruma məsul olan qurumlardan problemin səbəbini və hazırda paytaxtda hansı işlərin aparılmasını soruşub.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, əksər yollarda yağış barmaqlıqlarının və kanalizasiya kollektorlarının olmaması bu qurumun günahı deyil: “”Azəravtoyol”un balansında olan yol təsərrüfatında yağışla bağlı heç bir problem yoxdur. Biz hər hansı iş görmək üçün yağışın yağmasını gözləmirik. Vaxtaşırı bizim tərəfimizdən yollardakı yağış barmaqlıqları təmizlənir, baxış keçirilir. Hazırda da əməkdaşlarımız səfərbər olunub. Çünki yağış suları özü ilə bərabər hər hansı əşya da gətirə bilər, yağış barmaqlıqlarını tıxaya bilər və problem yaşanar. Bu zaman  həmin axacaqların təmizlənməsi bizim əməkdaşlar tərəfindən həyata keçirilir. Amma digər məsələlər, bəzi yerlərdə yollarda suyun yığılması bizə aid olan məsələlər deyil. Bizim işimiz yağış barmaqlıqlarının işinə nəzarətdir.
Ancaq bir çox yollar var ki, orada yağış barmaqlıqları yoxdur. Bizim balansımızda olan kifayət qədər küçələr var ki, orada yağış barmaqlıqları yoxdur. Bunlar sovet dövründə, həmin dövrün tələbinə uyğun olaraq salınmış küçələrdir. Biz çalışırıq ki, təmir işləri apardığımız bütün küçələrdə əgər kanalizasiya sistemi varsa, orada yağış sularının kənarlaşdırılması üçün yol kənarlarında sistem yaradaq. Bu sistem isə kanalizasiya kollektorlarına qoşulmalıdır. Ancaq əgər yaxınlıqda kanalizasiya kollektorları yoxdursa, təbii ki, biz bunu edə bilmirik. Əgər imkan varsa, biz küçələri təmir edirik. Çünki ilk növbədə bizim özümüzə ziyan vurur ki, təmir olunmuş yola yağış suları dolursa, yolun hərəkət hissəsi sıradan çıxır”.
 
Anar Nəcəfli yolların təmiri zamanı aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində çalışdıqlarını da bildirdi: “Biz hər hansı ərazidə yolu təmir edərkən bütün aidiyyəti qurumları, yeraltı kommunikasiya xətləri ilə məşğul olan qurumları xəbərdar  edirik. Bəzən bu səbəbdən hansısa yolun təmiri 3-4 ay çəkir. Çünki həm su və kanalizasiya xətləri, həm qaz və elektrik xətləri, həm rabitə xətləri yerin altından keçir. Əgər həmin ərazidə kommunikasiya xətlərinin dəyişməsinə ehtiyac varsa, müraciət olunur ki, dəyişdirilsin və ya yolun hərəkət hissəsindən  kənarlaşdırılsın. Bu işlər yekunlaşandan sonra biz təmir işlərini aparırıq. Ötən il ərzində 40-a yaxın küçə və prospekt təmir olunub və biz hər birini təmir edərkən bu qurumlara müraciət etmişik. Bu kommunikasiya xətləri dəyişdirildikdən sonra yollar təmir olunub”.
“Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri  Anar Cəbrayıllı da problemin təmsil etdiyi qurumdan asılı olmayan obyektiv səbəblərdən yaşandığını bildirdi: “Bu gün Bakı şəhərində küçə və prospektlərimizin cəmi 12 faizində yağış sularının axması üçün barmaqlılar var. 88 faizində isə yoxdur. Həmin 88 faiz yollarda yığılan sulara görə kim məsuliyyət daşımalıdır? ”Azərsu”mu? Əlbəttə ki, yox! Kanalizasiya nədir? Sizin evinizdən, hamamınızdan, idarə və müəssisələrdən çirkab sularını daşıyan sistemdir. Amma yağış sularının axması üçün olan xətlər tamam ayrıdır. Bu gün sizin evinizə, həyətinizə su dolubsa, bunun məsuliyyətini “Azərsu” daşımır. Ancaq əgər evinizdə kanalizasiya sistemi tutulsa, evinizə kanalizasiya suyu dolsa, bunun məsuliyyəti bizim üzərimizdədir.
Bu gün Bakı şəhərində küçələrin 88 faizində yağış sularının axması üçün sistem yoxdur. Həmin yerlərdə kanalizasiya sularının daşmasının səbəbi odur ki, yağış sularını oraya yönəldirlər. Yollarda su yığılanda “luk”un qapağını açıb, yağış sularını oraya yönəldirlər, bu xətlər də o suyun axmasını çatdırmadığı üçün daşır. Fərdi həyətlərə dolan suya gəlincə, vətəndaşlar gedib qurunt sularının yığıldığı ərazidə torpaq töküb ev tikirlər, yağış yağanda da həyətlərə su dolur. Bunun günahı “Azərsu”dadırmı?
Bizim yağış sularının axması üçün başqa sistemlərimiz var. Bu gün o sistemlərdən yalnız birində Ziya Bünyadov prospektində problemimiz yarandı. Həmin əraziyə briqadalarımızı göndərdik. Xüsusi maşınlarla yoldan suyu çəkdilər. Hazırda yollarda iş davam etdirilir. “Azərsu” əməkdaşları gücləndirilmiş iş rejimində işləyir”. 
Print Friendly, PDF & Email