Ərdoğandan Diyarbəkir terroru ilə bağlı açıqlama: Səbrimiz qalmayıb

Ərdoğandan Diyarbəkir terroru ilə bağlı açıqlama: Səbrimiz qalmayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Diyarbəkir vilayətindəki terror aktı ilə bağlı açıqlama verib.

Ərdoğan təhlükəsizlik qüvvələrinə qarşı edilən hücumu qınayaraq PKK-nın gerçək üzünü göstərdiyini deyib.

“Diyarbəkirdə təhlükəsizlik qüvvələrimizə qarşı edilən hücumu ən şiddətli şəkildə lənətlədiyimi bildirmək istəyirəm. Xain hücumda 7 polis əməkdaşımız şəhid olub, 13-ü yaralanıb. Bundan başqa, 14 dinc sakinimiz də yaralanıb. Bizim artıq səbrimiz qalmayıb. Bu hücumların Avropanın PKK-nın gerçək üzünü görməsinə vəsilə olmasını diləyirəm”, – Ərdoğan bildirib.

Prezident həmçinin deyib ki, bu cür hücumlar Türkiyənin terrorla mübarizə əzmini heç vaxt qırmayacaq:

“Küncə sıxışdırılan terror təşkilatı kirli üzünü ifşa edir. İnşallah terror bəlasını ölkəmizin gündəmindən çıxaracağıq. Məsum insanların qanını axıtan terrorçulara “terrorçu” deyə bilməyənləri də görürük. Avropa ölkələrini PKK-nın və onların uzantılarının kirli üzlərini görməyə çağırıram”.

Türkiyənin hazırda dünyanın ən əli qanlı terror təşkilatlarının ortaq hədəfinə çevrilən ölkə olduğunu deyən Ərdoğan bildirib ki, buna rəğmən Türkiyə mübarizəsini davam etdirəcək və terrorçuları ölkədən tamamilə çıxaracaq.

Diyarbəkir vilayətində polisləri aparan avtobus hərəkətdə olarkən kənarda içərisinə partlayıcı qurğu qoyulan avtomobil partladılıb.

Son məlumata görə, terror hücumu zamanı 7 polis həlak olub,  14-ü mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb.

Yaralıları Diyarbəkir Hərbi Hospitalına və digər xəstəxanalara aparıblar.

Print Friendly, PDF & Email