“Belə insanla həm fəxr, həm də dostluq etməyə dəyər”

“Belə insanla həm fəxr, həm də dostluq etməyə dəyər”

Natiq Əliyev Avıl oğlu. 1964-cü il avqust ayının 26-da Qərbi Azərbaycanın, Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub. 1982-87-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda farmasiya ixtisasına yiyələnib. O, 2002-2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini də bitirib.

Bir vaxtlar Naxçıvan hərbi hospitalının rəisi vəzifəsində çalışan Natiq Əliyev hazırda Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəisidir. Rütbəcə general-mayor olan Natiq Əliyev Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Tərəqqi” medalları ilə təltif olunub.

Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru olan Natiq Əliyev 2007-ci ildən “Avropa Universal Döyüş” Federasiyasının prezidentidir.

Onun haqda xatirələrini sinif yoldaşı və dostu olan Osman Qələndərov Omar oğlu danışır:

 

-Dostluq haqda danışmaq həm çətindir, həm də asan. Asandır ki, ona görə ki, Natiq Əliyev kimi bir insanla dostluq edirsən. O, çox səmimidir və sirr saxlayandır. Çətindir ona görə ki, qiyamət günündə dostlar düşmən olurlar.

-O, mənim uşaqlıq dostum olub. O dostluğumuz indiyədək də davam edir. Adətən dostluğa daha çox uşaqlıq illərində meyl göstərirlər.

-Natiqin doğulduğu yer elə məkandır ki, onun kimləsə dostluq etməmək hüququ belə yoxdur. Çünki Tanrı o məkana elə bir təbiət verib ki, o təbiət insanların həyat tərzini özü seçib.

-Natiq Əliyev ziyalı ailəsində anadan olub. Ata-anasının hər ikisi müəllim olub. Atası Avıl Əliyev Əmirxeyir kənd orta məktəbinin direktoru, anası Roza xanım isə dil-ədəbiyyat müəllimi işləyib. O, heç vaxt atasının direktor olmasından sui-istifadə etməyib və bunu uşaqlar arasında hiss etdirməyib, eqoist olmayıb.

-1971-ci ildə biz Əmirxeyir kənd orta məktəbinin 1-ci sinifində oxumuşuq. Orta məktəbi bitirənədək sinif nümayəndəsi olub. O, ictimai işlərdə həmişə fəal idi.

-Uşaqlıq xatirələrimiz çox maraqlı keçib. Aşağı siniflərdə müəllimlər soruşanda ki, sən böyüyəndə kim olacaqsan. Deyirdi ki, Yuri Qaqarinin davamçısı kosmonavt olacam. Onda qeyri-adi bir istedad fikrini qarşı tərəfə inandırmağı idi. Bununla bağlı maraqlı bir xatirə var. Günlərin birində sinif yoldaşımız Zakir Göyüşova tənəffüs vaxtı zarafatla dedi ki, sənə ədəbiyyat dərsindən “iki” yazdıracam. Zakir ona cavab verdi ki, sən bunu edə bilməzsən, çünki bugünkü dərsə çox mükəmməl hazırlaşmışam. Dərs başlandı, ədəbiyyat müəllimimiz Bayram Namazov idi. Allah ona rəhmət eləsin. Bayram müəllim soruşdu ki, kim dərsi danışmağa hazırdır. Heç kim əlini qaldırmadı, yalnız Zakir əlini qaldırdı. Müəllim ona dərsi danışmağa təklif etdi. Zakir dərsi danışmağa başladı. İlk baxışdan görünürdü ki, o, dərsi əzbərləyib. Zakir danışmağını davam etdirirdi, Bayram müəllim isə qiymət jurnalında nəsə yazmağa başladı və həmin vaxt fikri Zakirdə deyildi. Bundan istifadə edən Natiq Bayram müəllimə dedi ki, Zakir səhv danışır, dərsə yaxşı hazırlaşmayıb, əvvəlki mövzunu bugünkü mövzu ilə qarışdırıb. Bayram müəllim birdən Zakirin üzünə baxdı və onu sinifdən qovmaq istədi. Həmin vaxt Zakir Natiqlə mübahisə etməyə başladı. Bu dəfə Bayram müəllim hər ikisini çölə çıxartdı və onlara “iki” qiymətini yazdı.

-1980-ci ilin aprel ayında bazar günlərindən biri idi. Bolşevik qağam poçt müdiri işləyirdi. Məni çağırıb bir məktub verdi. Məktubu açıb baxdım ki, Natiq Əliyevdən gəlib. Öz-özümə fikirləşdim ki, dünən onunla bir yerdə olmuşuq, kənddən kəndə nə məktub yazıb. Həqiqətən də məktub onun dəst-xətti ilə yazılmışdı. Açdım, məktubu oxudum, orda mənə qarşı təhqir və söyüş yazılmışdı. Fikirləşdim ki, yəqin ona kimsə deyib ki, guya mən onun haqda nəsə demişəm. O da məcbur olaraq belə addım atıb. Məktubu oxuduqdan sonra cırıb atdım. Səhərisi gün dərsə getdim. Natiqlə görüşmədim. Birinci dərs qurtardı. Onun özü mənə yaxınlaşdı və soruşdu ki, o nə məktubdur mənə yazmısan. Mən isə ona heç bir məktub yazmadığımı dedim və anlatdım ki, əksinə o, mənə məktub yazıb. Başa düşdük ki, həmin məktubdan biri də ona gəlib. O, həmin məktubu saxlamışdı və fasilədə mənə göstərdi. Oxudum, eyni mövzu, eyni təhqirlər və eyni söyüşlər. Həmin məktubu Bolşevik qağam onun atası Avıl müəllimə vermişdi. O, isə məktubu oxumadan Natiqin özünə çatdırmışdı. Fikirləşdik ki, həmin məktubu Əmirxan müəllimə verək, qoy araşdırsın. Ancaq o, bizi fikrimizdən daşındırdı və məktubu cırıb atdı və bildirdi ki, tapsanız da heç nə qazanmayacaqsınız. Öz aramızda onu araşdırdıq, məlum oldu ki, onu yazan X adlı şəxsdir və o X indiyədək bizimlə dostluq edir.

-Natiqlə bağlı çox xatirələr danışmaq olar. Sonra biz ali məktəbə daxil olduq. O, Azərbaycan Tibb İnstitutuna daxil oldu, kosmonavt olmadı. İndi isə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin rəisidir və rütbəcə general mayordur. O, Heydər Əliyev siyasətinin davamçısıdır. Həmişə vətənin keşiyində durur. Belə insanla həm fəxr, həm də dostluq etməyə dəyər.

Print Friendly, PDF & Email