Bakıdakı keçmiş müdiri Serj Sərkisyanı ifşa etdi – Şok və öldürücü faktlar!

Bakıdakı keçmiş müdiri Serj Sərkisyanı ifşa etdi – Şok və öldürücü faktlar!
YAP-ın qocaman nümayəndələrindən biri, sabiq deputat Maksim Musayev Ermənistan prezidenti Serj Sərkisyanla bağlı sensasion məlumatlar açıqlayıb. “Yeni Müsavat”a açıqlamasında o bildirib ki, nəinki erməni prezidentini, hətta onun dədəsini də yaxşı tanıyır. M.Musayev Sərkisyanın adının rəsmi sənədlərdə əslində “Serjik” olduğunu və bunu təsdiq edən sənədləri də saxladığını vurğuladı.
 
Həmsöhbətimizin sözlərinə görə, 80-ci illərin əvvəllərində S.Sərkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Komitəsinin ikinci katibi təyin olunanda, onun qəbulunda olub: “Bitlis fason saçı da var idi. İçəri girdi, dedim əvvəlcə get, saçını qaydaya sal, sonra gəl, belə komsomol olmaz. O zaman rayon və vilayət üzrə komsomolun birinci və ikinci katibləri təyin olunanda əvvəlcə gəlirdilər Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə, sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və təsdiq olunurdular. Mən də o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat şöbəsində Dağlıq Qarabağ üzrə inspektor işləyirdim.
Bu vəzifəni tutan şəxs gərək 3 dildə danışmağı mükəmməl biləydi. Onda mən aspiranturada oxuyurdum, baxıb görüblər ki, mən üç dili mükəmməl bilirəm, bundan sonra məni çağırdılar və vəzifəyə təyin etdilər. Etiraz etdim ki, mən elm ardınca gedəcəyəm, dedilər elə şey yoxdur, kommunistsən, tapşırığı icra etməlisən. Sonra bildim ki, mənimlə bağlı tapşırığı Heydər Əliyev verib. 1970-75-ci illərdə kurator işləmişdim, 1975-dən 80-ci ilədək isə Xalq Nəzarəti Komitəsində Dağlıq Qarabağın qeyri-rəsmi kuratoru olmuşdum. Yəni xeyli təcrübəm var idi”.
M.Musayevin sözlərinə görə, hələ 70-ci illərdən Serjik haqqında məlumatlı imiş: “O, pioner təşkilatına gətiriləndə cəmi iki ay işləmişdi və özünü doğrultmamışdı.  Petrov ixtisasca həkim idi, Serjin haqqında yazmışdı ki, bundan gənclərə rəhbərlik edən olmaz!”
 
S.Sərkisyanin keçmiş komsomol həmkarı olan M.Musayev son hadisələrdən sonra Ermənistan prezidentinə açıq məktub yazıb. Məktubda öncə deyilir:
“Serjik, sən məni yaxşı tanıyırsan. Mən də səni çox dərindən, ən cavan və illərlə aşağı işlərdə olduğun günlərindən tanıyıram. Özümə layiq bilməzdim ki, əlimə qələm alıb sənə müraciət ünvanlayım. Lakin Dağlıq Qarabağda aprelin əvvəllərində baş verənlərdən sonra bunları yazmaq qərarına gəldim. Sən adını dəyişdiyin kimi, əqlini, psixologiyanı da dəyişdin. Bəzi anları xatırlamalı olacağam. Bakıya Stepanakert Şəhər Komsomol Komitəsinin ikinci katibliyinə təsdiq üçün göndərsən də, iş otağımda səni sorğu-sual edəndə soruşdum ki, niyə adın Serjikdir. Sən bunu əsaslandırmağa çalışsan da alınmadı, sonra da adını dəyişdilər. Çox hərəkətlərin o dövrün gənclər təşkilatı rəhbərinə uyğun deyildi, lakin qaydasına qoya bildik, ona görə ki, bizim respublikamızın vətəndaşı idin, yetişdirdik ki, hər iki xalqa ləyaqətlə xidmət göstərəsən. Əfsuslar olsun ki, gözlənilən etimadı doğrultmadın”.
 
M.Musayev ardınca yazıb: “Serjik, sən Stepanakert Şəhər Komsomol Komitəsinin ikinci katibliyinə ona görə təsdiq olundun ki, hamının sənə yazığı gəldi. Dedilər ki, fağır, utancaqsan, 8 ilə (1971-1979 illər) birtəhər minnət-xahişlə İrəvan Dövlət Universitetini bitirmisən. Sənə ona görə yazıq kimi baxırdılar ki, atan Azat kombinatda fəhlə, anan Nora toxucu işləyirdi, dolanışığınız ağırlaşmışdı, yalnız qardaşın taksi sürücüsü idi. Səni yazıq gözündə ona görə görürdülər ki, beş il zavod fəhləsi işləmişdin və ona görə də 2 №-li Stepanakert orta məktəbinə pioner baş dəstə rəhbəri vermişdilər. Onu da bildirdilər ki, sən heç iki ay pionerlərə rəhbərlik edə bilmədin. Kim isə dayılıq edib şəhər komsomol komitəsinin idman şöbəsinə işə düzəltdirmişdi. Onu da yadına salmaq istəyirəm ki, Bakıya 1980-ci ilin iyun ayında səni şöbə müdirliyi üçün təsdiqə göndərsələr də, Azərbaycan komsomolu MK-nın ikinci katibi V.Petrov – o, ixtisasca həkim idi, fərqlənmə diplomu ilə tibb institutunu bitirmişdi – qəti etirazını bildirmişdi və bu barədə yazılı fikir söyləmişdi. MK-dakı zona inspektoru M.Qazıyev və şöbə müdiri K.Əliyev bəzi məsələləri nəzərə alaraq, sənin komsomola işə götürülməyinin, yəni gənclər təşkilatında işləməyinin əleyhinə olmuşdular. Görünür, onların əlində ciddi əsaslar var imiş. Barəndə ziddiyyətli fikirləri yadına salsan, görərsən ki, sənin insanlarla işləməkdə yararsız olduğun o vaxtlardan da məlum olubmuş”.
Azərbaycanlı sabiq deputat yazıb: “Yadına salıram ki, səni komsomola, sonra partiya işinə dartıb aparanlardan biri də Dağlıq Qarabağda müharibələr yaradan, qanlar tökdürən, qonşuları düşmən, torpaqları zəbt edən millətçi Henrix Petrosyan idi. O Henrix ki, mühəndis-elektrik olsa da, Gevorkov onu Qarabağ şərab trestinə rəis qoydu ki, pul gəlirlərinin əksəriyyətini “Krunk”a versin və sonra Dağlıq Qarabağ ağır vəziyyətə düşsün. Sən Serjik də Boris-Henrix dövrəsində fırlanır və həftədə bir krunklularla birgə kef edirdiniz. Guya qarabağlılara gün ağlayır, onların dərdinə qalırdınız. Gevorkov özündən sonra vəzifəyə Henrixi ona görə Moskvanın təkidi ilə işə qoydurdu ki, krunklularla birgə əməllərinizi davam etdirəsiniz. Sən qarabağlılar adından pafosla danışsan da, axı, sən Qarabağ ermənisi deyilsən, Qafandan gəlmisən, sizinkilər də Qafana xaricdən köçüblər”.
M.Musayev Serjikin yadına digər bir məsələni də salıb: “Xoşlamadığım Gevorkov Dağlıq Qarabağda rəhbər olandan sonra onu daşnak-qrunk dəstəsinə qoşmaq istəyəndə belə bir söz demişdi: “… ara, siz Qarabağı erməni qəbiristanlığına çevirəcəksiniz…”
Borisin sözləri 3 günlük aprel müharibəsində sübuta yetirildi. Sənin Qarabağda ölən əsgərin dəfn mərasimində iştirak edərkən çıxışını efirdə dinləyəndə Borisin həmin sözlərini bir daha xatırladım. Sən utanmadan mənim millətinə “düşmən” dedin, başa düşmədin və düşməyəcəksən ki, millətlər bir-birinə düşmən olmurlar. Yadından çıxmayıbsa, millətimin ünvanına xoş sözlər deməklə qürur duyur və azərbaycanlıların sağlığına saatlarla tost deyirdin. Həqiqətən də Qarabağı qarabağlı ermənilər üçün qəbiristanlığa çevirmisiniz. O qədər qorxaq idin ki, öldürülən Sasunun dəfni zamanı çıxış edərkən havada hərbi təyyarələr və vertolyotlar uçurdular ki, qəbiristanlıqda sənin gurultudan səsin də eşidilmirdi. Belə əfəl rəhbərliklə sənin günlərin yalnız erməniləri qəbirə qoymaqla keçəcək”.
M.Musayev Sərkisyana xatırladıb ki, o, Ermənistan vətəndaşlarını aparıb Dağlıq Qarabağda qırdırır: “Ölən əsgərlərin əksəriyyəti qarabağlı deyil, Qarabağda da yaşamırlar. İrəvan, Eçmiadzin, Gümrü, Razdan, Sisian və digər Ermənistan ərazilərində yaşayanları zor ilə aparıb Dağlıq Qarabağda niyə  öldürtdürürsən? Basarkeçər rayonunda yaşayan gənc Dağlıq Qarabağda, Zəngilan, Cəbrayıl, Qubadlı və digər torpaqlarımızda niyə əsgər kimi xidmət etməlidir? Bəyəm oralar Ermənistan ərazisidir? Qafqaz regionu ermənilərsizləşdi. Uzağa yox, 50 il qabaqkı ermənilər yaşayan Qafqazı indiki ilə müqayisə edin, onda bəlkə ayıla biləsiniz (çətin ki). Siz erməni xalqına hansı ”xidmət”i göstərirsiniz? İştahlanma ki, Qarabağı əlinizdə saxlayacaqsınız. Nəvələrim də Qarabağ uğrunda vuruşa hazırdırlar!”
 
Keçmiş deputat ardınca yazıb: “Serjik, erməni xalqını pis günə onun “naxararları” (ermənicə “rəhbərlər”ə belə deyilir – red.), dindarları və siyasətçiləri qoyublar. Ona görə də, 100 illərlə nə dövlət qura biliblər, nə də ki, yığcam yaşadıqları yerlərdə dinc-sakit yaşaya biliblər. Erməni tarixi haqqında kitablardan oxumuş olarsan. Serjik, vaxt ayır, ermənilər barədə tarixi kitabları oxumasan da, vərəqləyib gözdən keçirəndə görəcəksən ki, dövründən və zamanından asılı olmayaraq, hər hansı ölkədə və ərazidə ermənilər dinc-sakit sülh şəraitində yaşayıblarsa, ora da hərtərəfli inkişafa doğru gedib, dil və əlifbasını unutmamağa çalışıb, milli müvazinətini bacardıqları qədər saxlaya biliblər. Qeyri-sakit və sabit olmayan münasibət yaratmaqla sən öz xalqını bəlalarla üzləşdirir və məhvə doğru aparırsan. Onsuz da sənin sayəndə Ermənistanda erməni əhali sürətlə azalır, sənin rəhbər olduğun dövrdə hər il 25-50 mini köçür, indi bir milyon nəfər də qalmayıb. İşində ən müsbət cəhət odur ki, İrəvan elimizə qayıtmaqda, boş qalmış kənd və şəhərlərimizə sahib durmağa bizim üçün münbit şərait yaradırsan. Biz bunu çoxdan arzulayırdıq ki, davasız-şavasız torpaqlarımıza qayıdaq. Artıq “İrəvana qayıdış” İttifaqının yaradılması vaxtı da yetişib. Əsgər yığa bilmirsən ki, sərhədlərinizi qorusun (Türkiyə-Ermənistan sərhədlərini də ruslar qoruyur) və hərbi xidmətə çağırılanlar da qalmayıb. Spyurkdan (xaricdə yaşayan ermənilərdən) imdad diləyirsiniz, pul dilənirsiniz”.
 
M.Musayev Türkiyə ilə bağlı həqiqətləri də düşmən ölkə rəhbərinin yadına salıb: “Serjik, Ermənistana 4 qonşu dövlətdən ikisi ilə düşmənçilikdəsən. Birini – Türkiyəni tarixi düşməniniz, Azərbaycanı isə yeni düşmən kimi xarici səfərlərindəki çıxışlarında qiymətləndirirsən. Yeri gəlmişkən, deməliyəm ki, sən Ermənistandan daha çox xaricdə olursan, qaçıb oralarda yaşasan, xalqlarımız dinc yaşayarlar. Xaricdə də demokrat cildinə girərək, hətta qonşularına “demokratiya dərsi” keçməyə cəhd göstərirsən. Bilmirsənsə, xatırladaq, ermənilərin düşməni kimi bəyənmədiyin 80 milyonluq Türkiyədə cəmi 39 min erməni vətəndaşı yaşayır (hələ sənin əlindən qaçıb türklərə sığınan 100 minlərlə ermənini saymıram) və Türkiyə parlamentinə 3 erməni deputatı seçiliblər ki, onun biri qadındır, biri də daima tənqid atəşinə tutduğun Rəcəb Tayyib Ərdoğanın partiyasındandır. Əslində əhali sayına görə Türkiyə parlamentində bir nəfər belə erməni millətindən olan deputat kreslo tutmamalıdır, ancaq 3 erməni indi parlament üzvüdür. Hansı ki, 60 il ərzində bir nəfər də belə erməni deputat olmamışdı. Qonşu İran və Gürcüstan parlamentlərinin hər birində 2 erməni deputat var və azsaylı millətin nümayəndəsi kimi həmin ölkə parlamentinin işində iştirak edirlər. Sənə sual edirəm, Serjik, bəs, Ermənistan parlamentində qeyri-erməni millətindən olan bir nəfər deputat niyə yoxdur?! Ola da bilməz, ona görə ki, Ermənistanda sənin kimi millətçi antidemokrat prezident var. Halbuki, vaxtilə Ermənistan parlamentinin 15-20 faizini dinc, birgə yaşayan azərbaycanlılar təşkil edirdilər. Əlavə edim ki, atam bir müddət də Ermənistan parlamentində vitse-spiker olub”.
M.Musayev sonda bildirib: “Ermənistanı və erməniləri ağır vəziyyətlərlə üzləşdirən Serjik! Sən və sənin kimilərdir ki, 15 il bundan əvvəl özünüz öz deputatlarınızı iclas zamanı güllələyib qırdınız. İrəvanda indi “deputat qəbiristanlığı” yaratmısınız və hər il Ermənistanın parlament üzvləri onların məzarlarına əklil qoysalar da, daxilən sənə və sənin kimilərə nifrət edirlər. Dünya parlamentarizmi tarixində heç bir ölkədə, heç bir millət öz deputatlarına belə divan tutmayıb, deputat imicini tapdalamayıbdır. Bir neçə il əvvəl prezident seçkilərindən sonra mitinqçilərə qarşı törətdiyiniz mart gülləbaranından geniş danışmaq istəmirəm. Öz millətinə qarşı belə zülmkar olan, pis münasibət göstərən ölkə başçısı əlbəttə ki, mənim millətimə qarşı ikiqat qəddar olacaqdır. “Bacardıqların”ı da sən aprel ayında göstərdin”.
M.Musayev əməkdaşımıza bildirdi ki, düşmən ölkədən xəbər tutmaq üçün mütəmadi şəkildə Ermənistan telekanallarını və mətbuatını izləyir. Bununla həm də erməni dilini unutmamağa çalışır: “Buradakı faktlar İrəvan ermənilərin özlərinə bəlli deyil. Mən görürəm ki, düşmən ölkənin mediası Azərbaycan mətbuatına çox həssasdır. Ona görə də istəyirəm sizin qəzet vasitəsilə dinc ermənilər onlara rəhbərlik edən şəxslə bağlı həqiqətlərdən xəbərdar olsunlar, görsünlər ki, onların prezidenti kimdir”.