Dağlıq Qarabağda hadisələr necə inkişaf edəcək? – Rus politoloqları cavab verir

Dağlıq Qarabağda hadisələr necə inkişaf edəcək? – Rus politoloqları cavab verir

Dağlıq Qarabağda bir neçə gündür ki, Ermənistan silahlı qüvvələri ilə Azərbaycan ordusu arasında hərbi toqquşmalar səngimək bilmirdi.

Hər iki tərəfdən dinc sakinlər də daxil, onlarca insan artilleriya atəşlərinin qurbanı olub. Gərginliyin eskalasiyasında tərəflər bir-birini ittiham edirlər. Çərşənbə axşamı atəşkəs elan edilib.

BBC-nin Rus xidməti hərbi ekspertlərdən soruşub: qarşıdurma necə inkişaf edə bilər?

Aleksandr Qolts, “Yejednevnıy jurnal” məcmuəsinin hərbi icmalçısı, Upsala Universitetinin (İsveç) dəvətli alimi:

Vəziyyət qeyri-müəyyəndir və onun inkişaf ssenarilərini öncədən demək çətindir. Amma mən düşünürəm ki, münaqişə artıq lokallaşıb. Münaqişəni donmuş vəziyyətinə qaytamaq üçün hər iki tərəfə təzyiq göstərilməlidir. Hazırda elə məhz bunu edirlər.

Minsk qrupunun tətbiq etdiyi diplomatik səylərdən başqa, bir də münaqişənin inkişafına təsir edən hərbi faktorlar var. Hərbi əməliyyatlar rayonunun relyefi elədir ki, burada ciddi şəkildə uğur yalnız ildırım sürətli hücumun nəticəsində əldə edilə bilər. Amma indi belə görünür ki, sürətli müharibə alınmadı. Tərəflər faktiki olaraq toqquşlmalardan əvvəlki mövqelərində qalıblar. Ordulardan heç biri hərbi texnika və canlı qüvvə baxımından həlledici üstünlüyə malik deyil. Və əgər yaxın günlərdə aviasiya fəaliyyətə başlamasa, yəqin ki, münaqişə davam etməyəcək.

Ümumilikdə, texniki təchizat baxımından Azərbaycan ordusu daha güclüdür. Son illərdə Azərbaycan özünün neft dollarlarının əhəmiyyətli hissəsini silahlanmaya xərcləyib. Rusiya ilə bağlanmış kontraktların ümumi dəyəri 2 milyard dollardır. Rusiya yaxşı qazanc götürdüyündən məmnuniyyət hissi ilə Azərbaycana kifayət qədər müasir hərbi texnika göndərib.

Ermənistana gəldikdə isə, burada tamamilə fərqli mexanizm yer alıb: Rusiya Ermənistana pul verib ki, Ermənistan o pullarla Rusiyadan hərbi texnika alsın. Görürük ki, nəticə Azərbaycan üçün olduğu qədər ürəkaçan olmayıb.
Bu mənada Dağlıq Qarabağdan danışmağın mənası yoxdur, çünki özünü müstəqil elan etmiş respublika geniş mənada beynəlxalq münasibətlərin subyekti deyil. Buna baxmayaraq, belə münaqişələrdə tərəflərin imkanlarını yalnız onların hərbi texnikasının kəmiyyət və keyfiyyəti ilə qiymətləndirmək çox çətindir. Burada bu texnikadan səmərəli istifadə qabiliyyəti, döyüş ruhu, yerli relyeflə tanışlıq böyük əhəmiyyətə malikdir. Mən deyə bilmərəm ki, nəhəng həcmlərdə Rusiya silahı almış Azərbaycan ordusu hər hansı yeni bir keyfiyyət kəsb edib.

Mənə belə gəlir ki, Dağlıq Qarabağda hərbi əməliyyatların qopması Rusiyanın neçə illərdir apardığı diplomatiyanın üstündən xətt çəkir. Kreml indiyədək özünü 19-cu əsrin Britaniyası kimi aparıb: Hər iki tərəfi silahlandırıb və bunu belə izah edib ki, regionda qüvvələr nisbəti yaradıb.

Bütün bunlar (elə həmin 19-cu əsrin real-politikasından çıxış edərək) daha bir oyunçunun – Türkiyənin meydana girməsi ilə mənasını itirib. Burada Rusiya kifayət qədər xoşagəlməz situasiya ilə üzləşib. Ermənistanın KTMT üzrə bizim müttəfiqimiz olması faktından yaxa çəkə bilmərik. Bu müqavilənin şərtlərinə uyğun olaraq müharibə Ermənistan ərazisinə keçərsə, Rusiya öz silahlı qüvvələri ilə Ermənistanın müdafiəsinə qalxıb çoxdan bəri silahlandırdığı Azərbaycanla vuruşmalı olacaq. Daha çox 21-ci əsri yox, 19-cu əsri xatırladan bu səhnə Kreml diplomatiyasının məhdudluğunu göstərir.

Viktor Muraxovski, “Arsenal oteçestva” jurnalının baş redaktoru, Rusiya hərbi-sənaye komissiyasının ekspert şurası kollegiyasının üzvü:

Düşünürəm ki, tammiqyaslı müharibə olmayacaq. Sadəcə olaraq mən cəbhənin iki tərəfindəki qoşun qruplaşmalarına nəzər yetirəndə görmürəm ki, məsələn, Azərbaycan münaqişənin gedişatına ciddi təsir edəcək hər hansı əməliyyat miqyaslı həmlə qruplaşmasını cəmləşdirməkdə olsun. Analoji olaraq “DQR” tərəfində də hücum məqsədindən xəbər verən heç bir konfiqurasiya yoxdur.

Buna görə də hələlik hər şey yerli əhəmiyyətli toqquşmalar, artilleriya və zenit reaktiv qurğularından atışmalarla məhdudlaşır. Tərəflərdən heç biri qətiyyətli addım atmır.

Bu zaman hər iki tərəfdən şəhər və yaşayış məntəqələrinin atəşə tutulması da istisna edilmir. Bu ikitərəfli təhlükədir. Həm Ermənistanın, həm də Azərbaycanın yaylım atəşli reaktiv Smerç sistemləri, “Toçka U” əməliyyat-taktiki raket kompleksləri var. Bundan başqa Ermənistanın sovet əməliyyat-taktiki R-300 sistemləri var. Azərbaycanın isə Ermənistandan fərqli olaraq zərbə aviasiyası, məsələn Su-25 qırıcıları var.

Bu mənada tərəflər öz hərbi-texniki imkanlarına görə təxminən bərabər gücdədirlər. Onların potensialları tamamilə balanslıdır.

Azərbaycanın (bir sıra silahlarda) müəyyən kəmiyyət və keyfiyyət üstünlükləri var. Amma hücumu əməliyyat məqsədləri ilə kifayət qədər dərinə aparacaq, məsələn Qarabağın Ermənistanla sərhədinə çıxaracaq hər hansı üstünlükdən danışmaq olmaz.

Pavel Felgenqauer, “Novaya qazeta”nın hərbi icmalçısı:

Bu müharibənin istər Ermənistan, istərsə də Azərbaycanda əsas səbəbləri daxili siyasi vəziyyətlə bağlıdır. Prinsipcə, daxili siyasi problemlərin həlli, məsələn ictimai rəyin konsolidasiyası üçün genişmiqyaslı müharibəyə ehtiyac yoxdur. Lakin indi hərbi əməliyyatların real eskalasiyası və qarşılıqlı zərbələrin endirilməsi şəraitində dayanmaq çox mürəkkəb olacaq.

İlk baxışdan iki ölkənin orduları arasında təxmini bərabərlik müşahidə olunur. Lakin reallıqda onların arasındakı texnoloji uçurum dəhşətlidir. Bakı bu müharibəyə daha yüksək texnoloji səviyyədə daxil olub. Azərbaycan ordusu zərbə və kəşfiyyat dronları alıb və bunlardan erməni müdafiəsinin dərinliklərində dəqiq zərbələr endirilməsi üçün istifadə edir. Ermənilər cavabında sahələr üzrə atəş açırlar.

Onlar tezliklə başa düşəcəklər ki, əsas obyektləri zərbə altındadır və buna eyni bir şəkildə cavab verə bilmirlər. Və indi də aydındır ki, Ermənistan ciddi məğlubiyyətə uğrayır. Toqquşmaların bu şəkildə davam etdirilməsi və üzücü müharibə aparılması Ermənistan üçün variant sayıla bilməz.

Bundan sonra hadisələrin bir neçə ssenari üzrə inkişafı mümkündür. Birinci ssenari: Regionda Rusiya və Amerikanın təzyiqi ilə az-çox möhkəm atəşkəs yaradılır. İkinci ssenari: Ermənistan münaqişəni başa çatdırmaq üçün tammiqyaslı müharibəyə (bu halda nəticənin necə olacağı bəlli deyil) başlamalı olur. Üçüncü ssenari: Rusiyanın tam miqyasda və Ermənistanın tərəfində münaqişəyə müdaxilə etməsidir. Bu, tərəflər arasında texnoloji uçurumu aradan qaldırardı.
Burda qeyd olunmalıdır ki, Ermənistanın tam məğlubiyyəti hazırda Rusiya üçün qeyri-məqbuldur. Bu Moskvanın bütün Cənubi Qafqaz regionu üzərində nəzarətini itirməsi demək olardı. Lakin hələlik Ermənistanın məğlubiyyəti Moskva üçün qaçılmaz deyil. Moskvada hələ də əmindirlər ki, azərbaycanlılar vuruşmağı bacarmırlar.

Print Friendly, PDF & Email