Qənirə Paşayeva düşməndən azad olunan Lalə-təpədə

Qənirə Paşayeva düşməndən azad olunan Lalə-təpədə
Milli Məclisin deputatı Qənirə Paşayeva ordumuzun ermənilərdən azad etdiyi ərazilərə baş çəkib.
 
Q.Paşayevə bu barədə facebook sosial şəbəkəsində məlumat verərək fotolar paylaşıb:
 
“Füzulidəyik… Lələ təpə yaxınlığındayıq! Şəhidlərimizin qanı-canı ilə işğaldan azad etdiyi Vətən torpağı. 23 ildir işğal altında olan, həsrət qaldığımız Vətən torpağı. Diz çöküb öpdüm doyunca”. 
Q.Paşayevə daha sonra qeyd edib: “Qoxladım ciyər dolusu. Həsrət qaldığın Vətən torpağının qoxusu bir başqa cür olur. Lələ Təpə! Sən üzərindəki bu qədər şəhidimizin qanı ilə bizim üçün and yerisən, daha da müqəddəssən. Sanki bizim qədər 23 ildir düşmən tapdağı altında qalan Lələ təpə də sevinirdi. Sanki “Sizi çox gözlədim, nəhayət gəldiniz. Bilirdim gələcəyinizi. Bilirdim qoymazsınız məni düşmən tapdağı altında. Bilirdim mənim üçün bu qədər can versəniz də gələcəksiniz. Çünki mən Vətən torpağıyam” deyirdi sevincək. Oturub doyunca baxdım Lələ Təpəyə. Uşaq kimi idim. Bəlkə yüz dəfə dua etdim Allaha. Çox şükr, şəhid dostlarıma söz vermişdim. İşğaldan azad edəcəyimiz Vətən torpağı gətirib tökəcəm qəbrinizə deyə. Hər gün ölsəm gedəndə nə cavab verəcəm onlara, sözümü də tuta bilmədim deyirdim. Şəhidlərimiz məni biz az da olsa bu vicdan yükündən xilas etdilər. İndi onların üzərinə aparıb torpaq törəcəm və rahat yatın qalan torpaqlarımızı da bir millət olaraq azad edəcəyik deyəcəm. Və Allaha da hər gün o günü görməyi və şəhid dostlarıma verdiyim sözü tam yerinə yetirməyi mənə nəsib etməyi diləyəcəm yenə hər gün. Və inanıram ki o gün uzaqda deyil. Lələ Təpə yaxınlığındayıq. Son 25 ildə heç zaman və heç bir yerdə bu qədər gözəl nəfəs almamışdım. Buradan işğal altında olan kəndlərimizə baxırdım. Gəlin deyirdilər, gəlin, gözləyirik. Torpaq götürdüm şəhid dostlarımın məzarına səpmək üçün. Sonra Lələ Təpə uğrunda döyüşmüş əsgər və hərbiçilərimizlə görüşdük Füzulidə. Əziz şəhidlərimiz və dəyərli ordumuz çox böyük qəhrəmanlıq ediblər və işğaldan azad edilən yerlərimiz bizim üçün Vətən torpağı kimi ən qiymətli olmaqla yanaşı strateji anlamda da çox vacib nöqtələrdir. Ön cənhədə əsgər və hərbiçilərimizlə bir samavar çayı da içdik. Hamısı böyük ruh yüksəkliyi içindədir. Düşmənə hər an layiqli cavab verəcək qədər güclü, şəhid olmağı qürur sayacaq qədər mərd, mətanətli. Ali Baş Komandanın əmrini gözləyirik hər an deyəcək qədər hazırlıqlı. Bir-bir əllərini sıxıram və bundan qürur duyuram. Şəhid yoldaşlarından danışırlar. Onların qəhrəmanlıqlarından. Nur içində yatın əziz şəhidlərimiz. Heç bir zaman Vətən, millət sizi unutmayacaq deyirik. Ali Baş Komandanımızla, Ordumuzla qürur duydum bir daha. Ali Baş Komandanımıza, Müdafiə nazirimizə, igid əsgər və hərbiçilərimizə və ən önəmlisi Vətənimiz üçün şəhid olan qardaşlarımıza təşəkkür edirik”.
Deputat daha sonra şəhid ailələrini ziyarət edib: “Sonra Füzulidən olan şəhidlərimizin ailələrini ziyarət edib, dəyərli ailələrinə başsağlığı verdik. Son əməliyyatlar zamanı Füzulidən 4 qardaşımız şəhid olub. Hamısı da qorxmaz, mərd. Ailələri isə Vətən sağ olsun deyəcək qədər Vətən sevdalı, mərd. Ali Baş Komandanın əmrindəyik hər an Vətən üçün deyəcək qədər Vətən aşiqi. Allah hər zaman onların, ordumuzun, millətimizin və dövlətimizin yardımçısı olsun. İnşallah torpaqlarımız azad olunacaq. Biz hamımız inanırıq ki, o gün uzaqda deyil”.