Rövşən Nicat: Cəbhədə döyüşən oğluma dedim ki, kişi ol, qorxma!

Rövşən Nicat: Cəbhədə döyüşən oğluma dedim ki, kişi ol, qorxma!

“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”

Vətənin dar günlərində yadıma düşdü. Ancaq bilmirəm, onu illər əvvəl döyüş bölgəsində, ön cəbhədə çəkilişlər aparan rejissor kimi, hərbi mahnıların müəllifi və ifaçısı kimi, yoxsa əsgər atası kimi xatırladım. Rövşən Nicat özü isə cəbhə xəttində döyüşlər gedən vaxt, yəqin ki, daha çox cəbhədə vuruşan əsgər atası kimi həyacanlanıb.

– Rövşən bəy, necə keçirdiniz həmin günləri?
– Açığını deyim, həm həyacanlandım, həm də qürurlandım. Təbii ki, həyacan olmalıydı, oğlum Yaqub 9 aydır cəbhə bölgəsində hərbi xidmətdədi. Bir yandan da qürur hissi keçirdim ki, nəhayət, illərlə gözlədiyimiz gün yetişdi, mənfur düşmən bizim rəşadətli ordumuzun gücünü, xalqımızın birliyini gördü. Bir əsgər atası kimi fəxr edirəm ki, bu kiçik və şərafətli tarixdə mənim də oğlumun iştirakı oldu. Döyüşlər başlayandan 3 gün sonra çətinliklə də olsa, Yaqubla telefonla danışa bildim. Hal-əhvaldan sonra dedim ki, kişi ol, heç nədən qorxma, çəkinmə, bu vətən sizə əmanətdir. Vətən bizsiz xoşbəxt ola bilər, amma biz vətənsiz yox. Dedi ki, mən sənin oğlunam, heç nədən qorxmuram, çəkinmirəm, arxayın ol. Vətənini, millətini sevən bir valideyn üçün bundan şərəfli, bundan qürurlu nə ola bilər?!

“Utanırdım ki, mən niyə cəbhədə deyiləm?!” 

– Rövşən bəy, hərbi redaksiyada çalışmağa necə başlamışdınız?

– Bildiyiniz kimi, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Mən  o vaxtlar AzTV-nin yeni yaranmış “Xoş gördük” səhər proqramının yaradıcı heyətinin tərkibində rejissor assistenti ştatına  işə qəbul olundum. Təbii ki, müharibə kəskin şəkildə davam edirdi. Hər gün ağır xəbərlər eşidirdik. AzTV-nin də binası Şəhidlər Xiyabanının yanındadı, axı. Orada demək olar ki, hər gün şəhid dəfn olunurdu, bəzən bir yox, bir neçə şəhid. Və biz – televiziya əməkdaşları o dəfn mərasimlərinin iştirakçısı olurduq. Gördüyüm acınacaqlı mənzərə, şəhid valideynlərinin, bacı-qardaşların tükürpədici naləsi hələ də qulağımdadır. Bəzən o insanların üzünə baxmağa belə utanırdım ki, mən niyə cəbhədə deyiləm?

– Bu sual da sizi cəbhəyə qədər apardı…

– Hə, bu hisslər məni rahat buraxmırdı. Bir gün səhər işə gələndə televiziyanın foyesində  “Hərbi proqramlar və vətənpərvərlik redaksiyası”nın təsis olunması barədə geniş məzmunlu elan gördüm. Elanın sonunda bir cümlə yazılmışdı:“Kim  könüllü olaraq redaksiyada çalışmaq istəyirsə, televiziyanın rəhbərliyinə ərizə ilə müraciət etsin”. Elə həmin gün müraciət etdim. O vaxt televiziyanın bədii rəhbəri tanınmış rejissorumuz Vasif Babayev məni qəbul etdi, soruşdu ki, fikirləşib gəlmisən? Sən müharibə zonasına gedəcəksən, başına bir iş gələr, təzə evlənmisən, evdə körpə uşağın var. Dedim, bəli, hər şeyi düşünmüşəm, xahiş edirəm, məni öz ştatımla  hərbi redaksiyaya keçirin. Dedi səni öz ştatınla yox, bu cəsarətinə görə 3-cü dərəcəli rejissor ştatına götürürəm. Beləcə, mənim müharibə həyatım başladı. Mən onda anladım ki, cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir. Elə qəhrəmanlıq da cəsarətdən doğur.

“Qubadlı və Zəngilandan başqa bütün cəbhə bölgələrində oldum”

– Cəbhəyə ilk səfərinizi necə xatırlayırsınız?

– Cəbhəyə ilk səfərim Füzuli bölgəsinə oldu. Soyuq dekabr ayı idi. Açığı, çox həyacanlı idim. Çünki o vaxt cəbhədə qanlı döyüşlər gedirdi. Yadımdadı,  gecələmək üçün bizi döyüş xəttindən 15 km arxaya – qərargaha gətirdilər. İnanın, o mühit o qədər vahiməli idi ki, mən səhərə qədər yata bilmədim. Yəqin ki, ilk döyüşə girənlər mənim hisslərimi başa düşər. Çox qorxmuşdum. Cavan idim, 24 yaşım vardı. Bir-iki çəkilişdən sonra o həyəcan, o vahimə yoxa çıxdı. Sonralar, demək olar ki, Qubadlı və Zəngilan istisna olmaqla bütün cəbhə bölgələrində oldum. 1994-cü ildə  atəşkəs elan olunandan sonra da 2000-ci ilə qədər həmin redaksiyada çalışdım.

– Bəs özünüzün əsgərlik illərinizdən yadınızda nələr qalıb, hansı çətin situasiyalarda olmusuz?

– Mən 1986-88-ci illər Rusiyanın Çita vilayətində sovet ordusu sıralarında qulluq etmişəm. Hava Hücumundan Müdafiə qoşunlarında  “Raketi məsafədən  idarə etmə operatoru” olmuşam. Çox əlverişsiz şəraitdə qulluq etmişik. Avqust ayında cəmi 1 ay yay olurdu. İnanırsız, orda bir ağac belə tapmaq olmurdu. Yadımdadı,  1987-ci ilin mart ayında bir neçə müsəlman əsgər  gecə yığışıb lokatorun kabinəsində Novruz bayramını gizlincə qeyd edirdik. Birdən “Döyüş hazırlığı N1” həyacan siqnalı verildi. Təlimata görə, biz 56 əsgər və zabit heyəti 32-35 dərəcə şaxtada bütün  diviziyanın texnikasını söküb, maşınlara yükləyib hərbi hissədən 85 km uzağa dislokasiya olunmalı və 3 gün sonra geri qayıtmalı idik. Normativ vaxt, səhv etmirəmsə, 2 saat 25 dəqiqə idi. Bizə verilən vaxta yetişə bilmədik, təxminən, 7 saatdan sonra dislokasiya yerinə çatdıq, çünki şaxta və külək imkan vermirdi. Briqada komandiri əsəbi halda bizə dedi ki, əgər bu vəziyyət döyüş vaxtı olsaydı, hamımız olmüşdük. Çünki təlimata uyğun olaraq, guya həyacan siqnalından 3 saat sonra düşmən təyyarəsi bizim diviziyanı bombalamalı idi.  Beləliklə, dərs olsun deyə komandir bizi  8 gün o çölün düzündə, şaxtada, soyuq çadırlarda buz bağlamış çörək və kakao ilə saxladı. Əslində, haqlıydı. Ordu  hər saniyə döyüş vəziyyətində olmalıdır. Sayıq və hazırlıqlı olmaq lazımdır.
Uzağa  getməyək,  bu son günlərin hadisələri mənim dediklərimə bir nümunədir. Erməninin sərxoşlardan, çəlimsizlərdən və narkomanlardan ibarət qiyabi ordusu 23 ildi, əllərini başlarının altına qoyub yatırdılar. Onlar belə düşünürdülər: “Azərbaycan torpaqlarını biz işğal etmişik, vəssalam, biz güclüyük”. Amma bizim dövlətimiz  və təcrübəli zabit heyətimiz  bu vaxtdan səmərəli istifadə edib rəşadətli ordu yetişdirdi. Mən şəxsən bugünkü Azərbaycan Ordusuyla qürur duyuram.


“Məğlub ölkənin vətəndaşı olmaqdansa, döyüşdə ölmək daha şərəflidir”

– Son günlərdə cəbhədə gedən döyüşlər, xalqımızın birliyi, coşqusu sizdə hansı hissləri oyatdı?
– Bir dəfə yunan ordusu  məğlubiyyətə uğrayır, çoxlu itki verir və dövlət səfərbərlik elan edir. Orduya yazılanların sırasında dahi filosof  Sokratı da görürlər. Sərkərdələrdən biri ona yaxınlaşıb deyir ki, siz daha qocalmısınız, sizin yeriniz döyüş meydanı deyil. Sokrat ona cavab verir: “Mən məğlub ölkənin vətəndaşı olmaq istəmirəm. Məğlub ölkənin vətəndaşı olmaqdansa, gedib döyüş meydanında ölmək daha şərəflidir”. Mən əsgərlərimizdə və xalqımızda bu hissləri gördüm. Başa  düşdüm ki, heç kim məğlub ölkə vətəndaşı olmaq istəmir. Bizim bir vətənimiz, bir torpağımız var. Amma çox təəssüf ki, aramızda vətəninə, millətinə, torpağına laqeyd olanlar,  “vətən sağ olsun” yox, “canım sağ olsun” deyənlər də var. Dünənə kimi 3-4 manata satılan Azərbaycan bayrağını bu gün fürsətdən istifadə edib  6-7 manata satanlardan danışıram. Mənim düşüncəmdə o bayraqlar xalqa pulsuz paylanmalı idi.

– Rövşən bəy, müharibə vaxtı ordumuzla iç-içə olmusunuz. Sizə görə, 90-cı illər Azərbaycan Ordusu ilə bugünkü ordumuz arasında fərq nədən ibarətdir?

– Mənim vətənpərvərlik hisslərimin yüksəlməsində bir tarix də öz izini qoyub. 1992-ci il oktyabrın 9-da Azadlıq Meydanında Azərbaycan Milli Ordusunun ilk paradı oldu. Mənim üçün sevindirici  və yenə də qürurverici haldır ki, həmin paradın canlı yayım çəkilişlərində birbaşa əməyim olub. O vaxt hələ rejissor assistenti idim.  Hərbi texnikamız, igid əsgərlərimiz az deyildi. Lakin çatışmayan çox şeylər vardı. Vahid komandanlıqdakı  boşluqlar, təcrübəsizlik, hərc-mərclik və sairə. Bütün bunlar bizi uğursuzluğa sürüklədi və nəticə də göz qabağındadır. Əslində, əzildikcə, sarsıldıqca insan daha  mətin, daha əzmli olur,  ətraf  aləmdə baş verənləri daha aydın şəkildə təhlil etməyi və nəticə çıxarmağı bacarır. Deməli, o uğursuzluqlar bizim alın yazımız imiş ki, olanlardan nəticə çıxarıb, dərs alıb  istənilən vaxt uğura imza atmağı bacaraq və bacardıq da. Bugünkü Azərbaycan Ordusu regionda ən güclü və ən müasir hərbi texnika ilə təchiz olunmuş cəngavərlər ordusudur. Bu son hadisələr ordumuzun gücünü bütün dünyaya göstərdi.
“O pulemyotçu həmin gecə şəhid oldu…”
– Cəbhədəki çəkilişlərdə əsgərlərlə bağlı elə bir xatirə, detal varmı ki, indiyədək xatirinizdən çıxmır? Hansı ki, o detal Azərbaycan əsgərinin xarakterini əks etdirir…

– O günlərin hər anının, hər gününün öz xatirəsi var. Yanımda həlak olanlar da olub,  dostluq etdiyim uşaqlar da olub, onlarla bu gün də əlaqəmiz var.  Bəzən o günləri heç  xatırlamaq istəmirəm, orda kədərdən başqa bir şey yoxdur. Ən çox yaddaşımda zəli kim yapışıb qalan gün 1994-cü ilin aprel ayının 9-da Goranboy bölgəsinin Gülüstan kəndində  mühasirə vəziyyətinə düşdüyümüz  gündür. Müxbirimiz Adil İrşadoğlu, operator Tahir Qarayev və mən getmişdik.  Dəhşətli döyüş səhnələrini, döyüşçülərimizin rəşadətini gördük və lentə aldıq.
Bir xatirə də məni həmişə kədərləndirir. 1994-cü ilin mart ayında Füzuli bölgəsində çəkilişdəydim. Qızğın döyüş gedirdi. Səngərə girmək istədim, hərbi hissə komandiri mənə risk etməməyi məsləhət gördü, amma mənim təkidimdən sonra icazə verdi.  Çətinliklə də olsa, bir neçə kadr çəkə bildim. Təxminən, yarım saatdan sonra mən oranı tərk etdim, çünki doğrudan da çəkiliş mümkün deyildi, güllələr sel kimi yağırdı, baş qaldırmaq olmurdu. Səngərdə olanda Mais adlı bir pulemyotçu üzərində 56 ədəd gülləsi qalmış pulemyot lentini mənim boynuma asdı və dedi ki, siz ki risk edib bura qədər gəlmisiniz, qoy bu lent bizdən sizə xatirə qalsın. Ertəsi gün eşitdim ki, o pulemyotçu həmin gecə şəhid olub…

– Son hadisələr zamanı cəmiyyətin bir qismi müharibə, bir qismi sülh tərəfdarı oldu. Bəs siz Qarabağ müharibəsinin həllini nədə görürsünüz?

– Təbii ki,  çoxları kimi qan tökülməsini, ölüm-itim olmasını istəmirəm. Mən siyasətçi də deyiləm. Yəqin siyasətçilər və dövlət rəhbərləri həll yolunu daha yaxşı bilirlər. Amma nə qədər təhlil etsəm də, başqa çıxış yolu görmürəm. Səbrimiz tükənib artıq. Məncə, son hadisələr bir əlverişli məqam idi və bu fürsətdən səmərəli istifadə etmək olardı. Görünür, bu məsələnin bilmədiyimiz tərəfləri var və ölkə rəhbərliyi belə məsləhət görür.


“Hərbçi üçün bundan böyük mənəvi dəstək ola bilməz”
– Rövşən bəy, həmişə insanların vətənpərvərlik hissi, anlayışı müzakirə olunur. “Vətənpərlik elə olmur, belə olur” kimi fikirlər səsləndirilir. Bəs sizcə, vətənpərvərlik necə olmalıdır, varmı bunun bir tərifi? 

– 1994-cü ilin iyul ayında  məni və bir neçə əməkdaşımızı televiziyadan  TRT təhsil dairəsinə kursa göndərdilər. TRT-nin otelində qalırdıq. Otel və TRT inzibati idarəsinin binaları bitişik idi. Həmin binaları hərbi patrullar mühafizə edirdilər. Bir gün axşamüstü həyətdə gəzəndə bir patrulla tanış oldum. Xeyli söhbət etdik. Mövzu vətənpərvərlikdən düşəndə mənə dedi: “Kardeşim, bu omuzumdaki yıldızları görüyormusun, bunlar benim dedelerimin, atalarımın, Sultan Süleymanın, Sultan Mehmetin, Atatürkün bebekleridir və hər gün bana bakıyorlar. Ben onların gözleri karşısında halkıma, toprağıma ihanet etməm”. Mən bizim ordumuzda da həmişə bu ruhu görmək istəyirəm.
Ordunun mənəvi keyfiyyətlərinin əsasında vətənpərvərlik hissi dayanmalıdır. Bu hisslər vətənə, xalqa, onun mədəniyyətinə, tarixinə və tarixdə qazandığı nailiyyətlərə olan hörmətin təzahürüdür. Vətənpərvərlik ruhu isə ana vətənə, doğma yurda olan fədakar məhəbbətdir.
Vətənpərvərlik ana südünün ilk damlasından başlayır. İlk mərhələdə bu hisslər dərk edilmədən yaranır. Körpə əvvəlcə anasını, sonra atasını, sonra bacı-qardaşlarını, yaxınlarını sevir. Vaxt ötdükcə yaşadığı evi, küçəni, dostlarını sevməyə başlayır. Nəhayət,  boya-başa çatandan sonra topladığı təcrübə və aldığı biliklər nəticəsində böyük həqiqəti dərk etməyə başlayır. Bu həqiqət ana vətənə məxsusluq və vətən qarşısındakı məsuliyyətdir. Vətənpərvər vətəndaş belə doğulur.
Vətənpərvərlik öz xalqını sevmək, onunla qürur duymaq, vətənin milli,  iqtisadi və siyasi maraqlarına xidmət etmək, onu düşməndən qorumaq və vətən yolunda ölümə hazır olmaqdır.  Bu hisslər insana əzm və dözümlülük xüsusiyyətləri aşılamaqla yanaşı onu böyük sevgiylə qurban verməyə hazırlayır.

– Sizcə, bu gün ordumuza, əsgərlərimizə ən böyük dəstəyi necə göstərə bilərik?

– Məncə, onlara ən başlıcası mənəvi dəstək olmağı bacarmalıyıq. Qardaş  Türkiyədə hərbçi metroya və ya avtobusa minəndə kiçikdən-böyüyə hər kəs ayağa qalxır və ona yer verir. Mən ordumuza, əsgər və zabitlərimizə xalqdan  bu cür hörməti görmək istəyirəm. Mənə elə gəlir, hərbçi üçün bundan böyük mənəvi  dəstək ola bilməz. Son hadisələrdə xalqımızda bu işartıları gördüm və bu hörmət, bu mənəvi ruh sona qədər davam edəcək.


“Biz yenə də cəbhədən reportajlar etməyə hazırıq”
– Rövşən bəy, bu gün hərbi jurnalistika, hərbi musiqi, hərbi ədəbiyyat Azərbaycan ordusunu qələbəyə hazırlayacaq gücdədirmi?

– Məncə, qismən hə. Heç kimin əməyini danmaq olmaz.  Bu 23 il ərzində bir neçə vətənpərvər əsərlər, mahnılar, marşlar yazıldı, filmlər çəkildi, amma nəticə etibarilə ortada əzəmətli bir iş yoxdur. Məsələn, Böyük Vətən Müharibəsində Dmitri Şostakoviçin “Sveşennaya voyna” əsəri (“Müqəddəs müharibə”-S.F) aylarla mühasirədə qalıb zillət çəkən Leninqrad əhalisini bir gecədə ayağa qaldırdı. Mən belə əzəmətdən danışıram. Təəssüf ki, bu gün televiziyalarımızda əyləncə, şou xarakterli verilişlər, qeyri-peşəkar çəkilmiş, yüngül və əxlaqsız yumorla dolu kommersiya filmləri üstünlük təşkil edir. Vətənpərvərlik və maarifləndirmə missiyası isə arxa plana keçib, bəlkə də heç yoxdur.
Hərbi  jurnalistikaya gəlincə, bizim birinci Qarabağ savaşında iştirak etmiş çox sayda peşəkar hərbi jurnalistimiz, reportyorumuz var. Əminəm ki, mən də daxil olmaqla onlar yenə də da cəbhə xəttindən reportajlar çəkməyə canla-başla hazırdırlar. Yetər ki, rəsmi icazə verilsin.

– Siz hərbi-vətənpərvər mahnılar yazmağa necə başladınız?

– O vaxtlar “Milli qəhrəmanlar” adlı silsilə verilişlər hazırlayırdım. Demək olar ki, hər verilişin sonunda kadr arxasından tək gitara ilə vətənpərvərlik ruhunda  yeni  bir mahnı ifa edirdim. Bu mövzuya müraciətim ilk dəfə 1993-cü ildə “Mərdlərimiz amanatı, a dağlar”  mahnısı oldu. Sonra isə “Vətən”  və “Mərd əsgərlər” mahnılarını yazdım və ifa etdim. Mən elə bu mahnılarla tanındım.  Hələ çoxunu unutmuşam artıq.

“Torpaqlarımız azad olunanda gedib şəhidlərimizə gözaydınlığı verəcəm”
– “İşğal altında olan torpaqlarımız azad olunarsa…” Bunu düşünəndə ürəyinizdən hansı arzular keçir? 

– İlk olaraq Şəhidlər Xiyabanında uyuyan igidlərimizə gözaydınlığı verməyə gedərəm və deyərəm ki, gözünüz aydın olsun, sizin yarımçıq qalmış missiyanızı övladlarınız tamamladı. Ruhunuz şad olsun.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, onların yaxınlarına deyirəm ki, başınız sağ olsun, vətən sağ olsun. Sizin övladlarınız ölməyiblər, sağdırlar. Allah buyurur ki, şəhidlərə öldü deməyin, onlar mənim dərgahımda sağdırlar. Xalqımıza güc və səbr diləyirəm. Şəhidlər bəşər övladının ən xoşbəxtləridir. Çünki mübarizədə yaşamaq və mübarizədə ölmək xoşbəxtlikdir.

Söhbətləşdi: Sevinc Fədai, Xeber365.com

Print Friendly, PDF & Email