Günün fotosu – Onurun şərəfli duruşu

Günün fotosu – Onurun şərəfli duruşu
Ürək parçalayan şəkildir. Həyəcansız baxmaq olmur. Bu yaşda oğlu olanlar özünü o şəhidin yerində hiss edir, bu balaca oğlanı öz oğlu sanır. 
O bir şəhid oğludur. Atasının adı Təbriz olub. Bu adı da ona elə-belə verməyiblər, müqəddəs Təbrizimizin, gözəl şəhərimizin adından götürüb onun şərəfinə belə adlandırıblar şəhid pilotumuzu.
Bu uşağın adı Onurdur. Onur şərəf deməkdir. Bu şərfli adı ona şərəfli atası verib, istəyib ki, oğlu da özü kimi şərəfli olsun.
Onurun bir böyük qardaşı da adı Tayfundur.
Oğul övladlarına belə adlar qoyan pilotun necə bir vətənpərvər və şücaətli olması elə bu adlardan bəllidir.
Bu şəkildə Onur şəhid atasına əsgər salamı verir. Onun çəpəki halda atasına baxan gözlərində qürur da var, kədər də.
Əlbəttə, onlar şərəflə böyüyəcəklər. Dövlət öz şərəfiylə bu şəhid balalarına sıxıntı çəkdirməyəcək. Çəkdirməməlidir.
Onlar yaxşı təhsil alacaqlar, hər yerdə qəhrəman pilotun balaları kimi seçiləcəklər.
Bir pis iş o olacaq ki, hər dəfə təyyarə səsi gələndə bu uşaqlar istər-istəməz səmaya baxacaqlar, ataları dönüb gələr deyə.
Şəhid Təbriz Musazadə isə unudulmayacaq. O və digər igid şəhidlərimiz aprein 1-nə qədər bir evin oğluydularsa, indi bir elin, vətənin oğludurlar. (Müsavat.com)