ABŞ-ın Dağlıq Qarabağı gözardı etməsi təhlükəlidir

ABŞ-ın Dağlıq Qarabağı gözardı etməsi təhlükəlidir

«The Washington Post» qəzeti ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantik Şurasının əməkdaşı Matthew Bryza-nın məqaləsini dərc edib.

Müəllif 2006-2009-cu illərdə Minsk qrupunun həmsədri olanda, rusiyalı həmkarı Yuri Merzlyakov-un daim konstruktiv mövqedən çıxış etdiyini yazır: «Bu səbəbdən son günlər Dağlıq Qarabağ məsələsində Vaşinqtonla Moskvanın əməkdaşlıq etməməsindən sarsıldım. Putin təkbaşına hərəkət edir. Ola bilsin, sülh prosesində ABŞ-ın vitse-prezidenti Joe Biden-in mümkün nüfuz qazanmasını kölgələmək istəyir. Axı Biden toqquşmalardan bir neçə gün öncə Vaşinqtonda hər iki ölkənin prezidenti ilə görüşdü».

Bryza düşünür ki, Rusiya intensiv diplomatiya yoluyla durumdan faydalanır, Obama isə onunla ayaqlaşmağa maraq belə göstərmir. Ancaq belə bir biganəlik Kremlə regionda fürsətlər açır. Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təzyiq göstərir, Ermənistanla gediş-gəliş qaydalarını asanlaşdırır: «Dağlıq Qarabağ münaqişəsində əvvəlki vasitəçilik cəhdləri boşa çıxmış İran da Rusiya ilə manevrlər edir və Azərbaycanla üçtərəfli əməkdaşlığa, ABŞ-dan qalan boşluğu doldurmağa can atır. Putin bu yollarla Azərbaycanla Ermənistanı Qərbdən uzaqlaşdırmağa çalışır və gələcək böhranların bünövrəsini qoyur. Vaşinqton isə tamaşa edir».