“Biz “Dağlıq Qarabağı” tanısaq, bütün dünya birliyi Azərbaycanın yanında olacaq”

“Biz “Dağlıq Qarabağı” tanısaq, bütün dünya birliyi Azərbaycanın yanında olacaq”

Ermənistanın ilk prezidenti Levon Ter-Petroysan Dağlıq Qarabağ, Azərbaycan, Türkiyə haqda nə düşünür?

Keçdiyimiz günlərdə Dağlıq Qarabağda baş vermiş “Dörd günlük müharibə”dən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan gözlənilmədən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla onun evində görüşdü. Görüş eks və indiki erməni dövlət başçılarının Dağlıq Qarabağ ətrafında son günlər baş vermiş gərginliklərin müzakirəsi ilə yadda qaldı. Əksər postsovet respublikaları, həmçinin Azərbaycan üçün ağlasığmaz olan belə görüşün təşəbbüskarı, sən demə, Ter-Petrosyan özü olub. Belə ki, görüşdən sonra mediaya açıqlama verən eks prezident aprelin 5-i Serj Sarkisyana məktub yazaraq ölkənin düşdüyü vəziyyəti müzakirə etmək gərəkdiyini bildirdiyini deyib. Aprelin 9-u Sarkisyandan müsbət cavab gəlib və görüş baş tutub. Bundan öncə aprelin 3-ü Ter-Petrosyan öz facebook səhifəsində yazırdı: “Azərbaycan bilməlidir ki, Ermənistanda daxili siyasi vəziyyət necə olursa olsun, Qarabağa hücum halında erməni xalqının kollektiv müqaviməti ilə qarşılaşacaq. Hərbi təhdidlər olarsa, mən ölkəmizdəki əks siyasi cəbhələrdə duranları müvəqqəti olaraq siyasi fəaliyyəti dayandırıb əsas iş olan vətəni qorumağa səfərbərliyə çağıracam”.

Bəs, görəsən, Qarabağ müharibəsinə əvvəldən-axıra qədər şahidlik etmiş, indinin özündə də Ermənistan siyasətində aparıcı simalardan olan Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsini yaranması və həlli yolları ilə bağlı nə düşünür?

Xəbər365.com Levon Ter-Petrosyanın müxtəlif illərdə çıxışları, müsahibələri əsasında yuxarıdakı sualın cavabını tapmağa çalışıb.

Türkiyə-Ermənistan münasibətləri haqda

“Qarabağ münaqişəsi həll olunmamış türklər bizlə heç bir münasibət qurmayacaqlar”

Gərək Sarkisyan Türkiyə-Ermənistan münasibətlərini həmişə diqqətdə saxlasın. Çünki türk-erməni münasibətləri qaydaya salınmamış, Türkiyəylə sərhədlərimiz açılmamış Ermənistanın inkişaf perspektivləri yoxdur.

1992-ci ilə qədər Türkiyə ilə münasibətlərimiz normal gedirdi. Biz diplomatik münasibətlər qurmağa hazır idik. Hətta qarşılıqlı razılıq protokolları da imzalayacaqdıq, bir-iki məsələnin həlli qalmışdı. O əsnada Kəlbəcərdə döyüşlər başladı və türklər Azərbaycanla həmrəylik əlaməti olaraq münasibətləri kəsdilər, onlar razılıqları pozdular və sərhədləri bağladılar. İndi bizim xoşumuza gəlsə də, gəlməsə də, Qarabağ münaqişəsi həll olunmamış türklər bizlə heç bir münasibət qurmayacaqlar. Onlar deyirlər ki, Qarabağ məsələsini həll edin, ertəsi gün Türkiyəylə sərhədlər açılsın. Aramızda elə bir başqa narazılıq yoxdur.

Bizim aramızda nə münasibət oldusa, Kəlbəcərə qədər oldu. Ondan sonra çox çalışdıq, türklərə başa salaq ki, bizim Azərbaycanla münasibətlərimiz Türkiyəyə təsir etməməlidir, amma xeyri olmadı. Məncə, Türkiyə bizimlə belə davranmaqla azərbaycanlılara hiss etdirdi ki, onların müttəfiqidir, arxalarında dayanıb, bu da öz növbəsində Azərbaycanı Qarabağ məsələsində daha da inadkar, güzəştə getməyən bir rəqibə çevirdi. Bu isə öz növbəsində beş rayonun itirilməsinə gətirib çıxaran bir müharibəyə rəvac verdi. Türklər istəsəydilər, azərbaycanlıları hansısa güzəştlərə getməyə razı sala bilərdilər, amma bunu etmədilər.

“Erməni soyqırımı” məsələsini uzun müddət nə biz açırdıq, nə də türklər bu haqda bir şey deyirdilər. Danışıqlarımız da normal gedirdi. Amma Robert Koçaryanın ehtiyatsız addımı hər şeyi korladı. O, BMT-nin tribunasından genosid məsələsini qaldırdı. Türkiyə də gözlənildiyi kimi əks hücuma keçdi. “İndi ki sən bu məsələni qaldırmısan, tarixçilərini gətir, birgə komissiya yaradaq, öyrənək görək, nə necə baş verib”. Və bununla da Koçaryan tələyə düşdü. Türkiyəylə sərhədlərin açılması ilə bağlı Serj Sarkisyanla mənim fikirlərimiz üst-üstə düşür, ancaq genosid məsələsində razılaşmırıq. O, Türkiyəylə münasibətlərimizin yenidən qurulması məsələsinə tarixçilərdən ibarət komissiyanın yaradılması bəndini də əlavə etdi. Mən bu bəndin qəti əleyhinəyəm, belə komissiya yaratmaq avtomatik olaraq genosidi şübhə altına alacaq. Komissiya heç nəyi həll etmir. Düşünürəm ki, Qarabağ münaqişəsi həll olunandan sonra bu komissiya məsələsini də aradan qaldırmaq lazımdır.

Qarabağ münaqişəsinin həlli haqda

“İtirdiyimiz təkcə zaman deyil, həm də Ermənistanın inkişaf imkanlarıdır”

Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif variantlar vardı və buna müvafiq olaraq Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tutan sənəd layihələri hazırlanmışdı. Qarabağ Ermənistana birləşdiriləcəkdi, əvəzində isə Azərbaycan Meqri dəhlizi vasitəsilə Naxçıvana quru yolu əldə edəcəkdi. Bu düşünülmüş bir variant idi, amma mən şəxsən heç vaxt belə həll yoluna getməzdim. Bu halda biz İranla sərhədimizi itirmiş oluruq, həmin sərhəd isə strateji planda Ermənistan üçün Qarabağdan daha mühümdür. Təəssüf ki, o razılaşmadan sonra keçən 13 il ərzində (müsahibə 2011-ci ildə verilib) çox şey itirilib. İtirdiyimiz təkcə zaman deyil, həm də Ermənistanın inkişaf imkanlarıdır, ölkəni həmişəlik tərk edib xaricə gedən insanlardır. 13 il əvvəl edilə biləcək şeyləri indi daha böyük itkilər hesabına etmək istəyirlər. 1988-ci ildə Qarabağ münaqişəsinin həllinin bir addımlığındaydıq. Əvvəlcə paket həlli adlı həll yolunu nəzərdən keçirirdik. Qarabağlı ermənilər onu qəbul etmədilər, azərbaycanlılar isə yarısı ilə razıydılar. Biz Azərbaycanın razılaşdığı məqamlarla da kifayətlənməyə hazır idik. Bunu təkcə sözdə demirəm, bu bizim sənədlərdə imzalanmış rəsmi mövqeyimiz idi. O zaman ATƏT-in Minsk qrupu həmsədrləri hər üç tərəfə həll planını yollamışdı. Əgər hər üç tərəf onu qəbul etsəydi, plan qəbul edilmiş sayılacaqdı. Əgər üç tərəfdən biri belə qəbul etməsəydi, həll yolu ləğv olunacaqdı. Bunun ardınca mərhələli plan ortaya çıxdı. Bu, elə indinin özündə də üzərində danışıqlar gedən Madrid prinsipləridir: işğal olunmuş torpaqların bir hissəsi geri qaytarılacaqdı, bura Laçın və Kəlbəcər də daxil idi, onun ardınca Dağlıq Qarabağ sərhədlərinə beynəlxalq sülhməramlı qüvvələr yeridiləcək, yollar açılacaqdı. O vaxt bu barədə danışılmasa da, Dağlıq Qarabağ üçün nəzərdə tutulmuş status da vardı. Dağlıq Qarabağın bütün dövlət strukturu, həmçinin hərbçiləri və polisi də saxlanlacaqdı. Azərbaycan Qarabağın daxili işlərinə qarışmayacaqdı. Bunun ardınca gələcək üçün yekun status müzakirə ediləcəkdi. Bütün bu məsələlərin mərhələli həll variantı nəzərdə tutulmuşdu.

1997-ci ildə Azərbaycanla razılığa gəlmişdik

“İndi hər şey daha çətindir, daha nə o vaxtkı əhval-ruhiyyə var, nə də o vaxtkı güc nisbətləri”

97-ci ildə Azərbaycanla razılığa gəlmişdik, ancaq o vaxt qarabağlı ermənilər indikindən daha maksimalist idilər, onlar fikirləşirdilər ki, torpaqları bir az daha əllərində saxlasalar, daha çox şey əldə edəcəklər. Təkcə qarabağlı ermənilər deyil, mənim ətrafımda, komandamda da belələri çox idi. Onlar razılığa gəlmədilər. Onda mən dedim ki, əgər bu həllə razı deyilsinizsə, daha yaxşısını göstərin. Bu razılığı poza bilmərəm, gəlin, bir yoxlayaq, bəlkə alındı.

Bu bizə nə verəcəkdi? İndi olduğumuz variantı verəcəkdi, bircə daha kiçik ərazidə, ancaq beynəlxalq müqavilələrlə qarant verilərək. Yolların açılması, həm də dəmir yollarının fəaliyyətə başlamasına qarant veriləcəkdi. Əlbəttə, dərhal Türkiyə ilə sərhədimiz açılacaqdı, Ermənistan normal inkişaf edə biləcəkdi. İndi ölkəmizin əhalisinin sayı cəmi 2,5 milyon nəfərdir. O zaman isə 4 milyon idi. Bax biz bunu itirmişik. İndi hər şey daha çətindir. Daha nə o vaxtkı əhval-ruhiyyə var, nə də o vaxtkı güc nisbətləri. O zaman Azərbaycanla Ermənistan təqribən eyni səviyyədə idilər, makroiqtisadi planda Ermənistan adambaşına düşən gəlirə görə hələ bir az da yüksəkdə idi. Bəs indi vəziyyət necədir? Üstündən 13 il keçib Azərbaycanın ÜDM-si Ermənistanınkından beş dəfə çoxdur, büdcəsi beş dəfə böyükdür. Əlbəttə, buna müvafiq olaraq Azərbaycanın mövqeyi daha qəti, tələbləri daha sərt olacaq. İndi o vaxt əldə edə biləcəklərimizə heç yaxın da düşə bilmərik. Əlimizdə bircə üstünlüyümüz var, o da Dağlıq Qarabağın statusu haqda aparılmış referendumdur, ancaq o referendum heç bir şeylə təsdiq olunmayıb. Deyirlər bu referendumu ümumi səsvermə, sorğu və s. formasında təqdim edə bilərik. Ancaq bizim keçirdiyimiz referendumun heç bir hüquqi əsası yoxdur. Hadisələrin inkişafı göstərir ki, indi daha çətindir. Bu gün əldə olunacaq istənilən razılaşma, bizim üçün o vaxt olacaqdan qat-qat faydasızdır. Təəssüf ki.

İndi Qarabağ münaqişəsinin həlli Qərbi maraqlandırmır. ABŞ-ın münaqişənin həlli ilə bağlı imkanları və resursları sonsuzdur, ancaq görürük ki, onlar bununla zərrəcə də maraqlanmırlar. Nəticədə meydan Rusiyaya qalır. Qarabağ münaqişəsinin həlli Rusiyanın əlinə keçib. Rusiyanın bunu etməyə şansı var. Məncə, Qərb də buna qarşı deyil. Hələ ki, münaqişəni Rusiyanın həll etməsinə ümüdümüz var. Bu prosses də bir nəticə verməsə, onda müharibə qaçılmaz olacaq. Azərbaycanın səbri əvvəl-axır tükənəcək. Ermənilər heç vaxt müharibəyə girişən deyil, fərqi yoxdur, prezident kim olursa olsun. Müharibə başlasa, onu Azərbaycan edəcək. Ən təhlükəli isə odur ki, Azərbaycan müharibəyə başlasa, heç kim onun əlindən tutub saxlaya bilməyəcək.

Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınmaması haqda

“Bizim keçirdiyimiz referendumun heç bir hüquqi əsası yoxdur”

Bu subyektiv seçim deyil. Ermənistanın hər üç prezidenti Qarabağı tanımayıb. Deməli, obyektiv səbəblər var. Onlar özlərini məndən daha millətçi, daha qarabağpərəst sayırlar, amma görürsünüz ki, onlar da Qarabağı dövlət kimi tanımırlar. Onların adına sevinirəm ki, ağılları çatıb belə ehtiyatsız addım atmayıblar. Bu, bizə heç bir xeyir verməyəcək. Dağlıq Qarabağ eynilə Şimali Kipr kimi bir ölkə tərəfindən tanınmış əraziyə çevriləcək. Türkiyə Şimali Kiprə görə elə də əziyyət çəkmir, amma Ermənistan çəkəcək. Bu, ermənilərin maksimalist olduğunu göstərəcək, heç bir kompromissə getmirlər. Axı, biz Qarabağ siyasətimizdə həmişə sözdə də olsa, kompromissə getməyə hazır olduğumuzu göstəririk. Dağlıq Qarabağı dövlət kimi tanımaqla öz prinsiplərimizdən çəkilmiş olacağıq. Onda daha danışıqların mənası qalmayacaq. Bunu görən Azərbaycansa asanlıqla məsələni güc yolu ilə həll etməyə başlayacaq. Sizi əmin edirəm ki, bu halda bütün dünya birliyi Azərbaycanın yanında olacaq, bizim yox.

Hazırladı: Namiq Hüseynli

Print Friendly, PDF & Email