Rasim Qaraca: Mən dürüst insanları axtarmıram, çünki …

Rasim Qaraca: Mən dürüst insanları axtarmıram, çünki …

Tanınmış azərbaycanlı yazıçı, jurnalist Rasim Qaraca hər zaman seçkin fikirləri, məsələlərə özünə xas fərqli yanaşmalarıyla daim diqqət mərkəzində olub. Rasim Qaraca Azərbaycanda ilk dəfə müstəqil yazıçı təşkilatının, ilk dəfə müstəqil ədəbiyyat jurnalının və Azərbaycan dilində ilk ədəbiyyat saytının (http://alatoran.org) yaradıcılarından biridir. Ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində fəaliyyətləri var. Hekayə, şeir və tənqidi məqalələr yazır, tərcümə ilə məşğul olur. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.

 

– Rasim bәy, “iddialı insan qayıqla böyük bir okeanı adlayıb keçәcәm” deyir.Keçsinmi?

-İddialı olmaq yaxşı haldır. Hər bir insanın ən yaxşı şeylərə çatmaq haqqı var. Lakin hər birimiz dünyaya gələndə mövcud olan şərtlərin içərisinə düşürük. Çox vaxt bu şərtlər bizim əl-qolumuzu bağlayan zəncirə çevrilir, onları qırıb atmaq mümkün olmur. Bəzən ən adi şeylərə çatmaqdan ötrü, siz dediyiniz kimi, sanki bir okeanı üzüb keçmək lazım gəlir. Lakin, bəşəriyyəti irəli aparanlar da elə kiçik qayıqla okeanı üzüb keçmək istəyənlərdir. Yol önəmlidir, yəni, “mən okenı keçəcəm” demək önəmlidir. Bunu istəmək sizi böyük və bəşəri bir proqramın içərisinə salır. Bu cür insanların həyatı daha mənalıdır. Sokrat demiş, “hədəfi böyük olan insan böyükdür…”

12966565_1174084925959603_423609766_n

– Klassik әdәbiyyat bәzilәri üçün vaxtında çoxlu bar verәn, fәqәt indi qurumuş ağacı xatırladır. Bu ağacı suvarmalımı, budamalımı, yoxsa kәsib yerindә iaşә obyekti tikmәlimi?

-Klassika deyilən bir şey yoxdur əslində. Müasirlər kimi klassiklər də yaşamaq, ayaqda qalmaq uğrunda mübarizə aparır. Məgər kif qoxuyan müasirlər yoxdurmu? Eyni zamanda bu gün də öz parlaqlığını itirməyən əski sənətkarlar. Düşünün, Nizami, Füzuli, Üzeyir bəy təzəliyini itirirmi? Klassik ədəbiyyat və ya sənət əsərlərini zaman daim yuyub aşındırmaqdadır. Yüz il öncələr böyüklər üçün yazılmış əsərlər indi uşaq ədəbiyyatına çevrilib. Bəziləri tamamən dövriyyədən çıxıb, bəzi yazarların külliyyatından yalnız kiçik bir hissə maraq kəsb edir. Seyid Əzimin, Sabirin, Müşfiqin əsərlərinin yalnız bir hissəsi təzəliyini qoruyub saxlayır. Səməd Vurğundan 5-6 şeir yaddaşlarda yaşayarkən, Rəsul Rzadan bir misra belə yaşamaq gücündə deyil… Sizin sualınıza cavab olaraq deyə bilərəm, nə suvarmalı, nə də budamalıyıq, biz insanlar buna müdaxilə etməməliyik, onsuz da zaman bizim adımıza ən yaxşıları seçir.

 

“Ədəbiyyat da ölkə kimi, vətən kimi bir şeydir, burada hər şeyi sən qamarlaya bilməzsən…”

 

– Gәnc yazarlara hәrә bir daş atır. Hәmin daşlarla neçә-neçә yaradıcı insana qәsrlәr ucaltmaq olardı. O daşlardan zamanında sizә dә atılıbmı?

– İndiki gənclik fərqlidir. Göy üzü kimi o da daşı saxlamır, dərhal sahibinə göndərir. Ancaq indikiləri keçmiş zamanların gəncliyi ilə birləşdirən bir cəhət var: gənclik hər zaman haqlıdır, ona qarşı duran yaşlılar sadəcə ağılsızdır. Artıq təcrübəmdən bilirəm, gəncliyə yol verməyənlər cılız, yaradıcılıq potensialı dar olan insanlardır. Kiminsə onları üstələməsindən, şöhrətlərinə kölgə salacağından qorxarlar. Ancaq böyük insan bunu etməz, etməməlidir. Əksinə gəncliyə yol verməlidir. Çünki ədəbiyyat da ölkə kimi, vətən kimi bir şeydir, burada hər şeyi sən qamarlaya bilməzsən, əks halda vətəndaşsız ölkə, boz bir mənzərə yaranacaq, sənin şöhrətinin də bir mənası qalmayacaq. Burada mümkün olan hər kəs olmalıdır ki sən də olasan.

12992816_1174085135959582_2124221254_n

– Rasim bәy, kimlәri oxuyursuz vә sizә görә kimlәri oxumaq zәruridir?

-Sistematik oxucu deyiləm, nələrisə oxumuşam, nələrisə oxumamışam. Bu vaxta qədər oxuduğum yüzlərcə əsər var, hansının daha dəyərli olduğunu söyləmək çətindir. Bir onu bilirəm ki, ən təsirli əsərlər uşaq yaşlarımda oxuduqlarımdır. Azərbaycan nağıllarından, Koroğlu, Dədə Qorqud dastanından, Robinzon Kruzo, Ailəsiz, Balaca Səfil, Kapitan Nemo, Başsız atlı, Üç muşketör, Heklberri Finn, Celsemino və uşaqlar üçün yazılmış neçə-neçə əsər ən çox təsirləndiyim kitablar olub. Bu təsir get-gedə azalıb və indi demək olar ki yoxa çıxıb. İndi yalnız sənədli əsərləri oxuya bilirəm.

 

 “Cəmiyyətimizdə ictimai güvən sarsılıb, əskidən var olan qardaşlıq duyğusu silinib yox olmaq üzrədir”

 

– Cәmiyyәtimizdә “diqqәt vә qayğı” sözlәri az qala el zәrb-mәsәlinә çevrilib. İlk baxışdan lazımlı sözlәrdir. Bәs sizin leksikonunuzda hansı lazımlı sözlәr var?

– Sovet dövrü bizim insanlarımızı ikiüzlü, saxtakar edib. Ənənə pozulub, yerində yaranan da davamsız olub. İndi bizim demək olar, ayağımızın altında zəmin yoxdur, milləti birləşdirən, sabitləşdirən, mərkəzləşdirən dəyərlər kövrəkdir. Sizin dediyiniz, istedadlara diqqət, qayğı Üzeyir Hacıbəyovda vardı, amma sonrakı nəsillərdə get-gedə azalmağa başladı. İndi əksinə, bir gəncdə istedad işartısı varsa onu söndürmək istəyənlər sıraya düzülür. Mən “qardaşlıq” sözünü diriltmək istərdim. Cəmiyyətimizdə ictimai güvən sarsılıb, əskidən var olan qardaşlıq duyğusu silinib yox olmaq üzrədir. Qarşımızdakı insanı potensial yaramaz kimi gömək ənənəsi kök salıb, bu çox pis haldır, quruculuğa deyil, dağıdıcılığa xidmət edir.

12969251_1174085082626254_1804047271_n

“Mən insanı poetik varlıq kimi qavrayıram”

 

– Hәmişә deyiblәr “hәqiqәt acı olar”. Dürüstinsanlar әhatәnizdә nә qәdәrdir?

-Həqiqət çoxmənalı anlayışdır, hər kəsin öz həqiqəti ola bilər. Məncə insan həqiqətə deyil, öz uşaqlığına sadiq qalmalıdır, nə qədər çətin olsa da. Mən dürüst insanları axtarmıram, çünki bu uzun vədəli məşğuliyyət olardı, uşaqlığını qorumuş insanları axtarıram, onları ilk baxışda tanımaq olur. Onlarla həyat daha maraqlıdır.

– Hәsrәt qaldığınız könül rahatlığı…

– Könül rahatlığı bizdən yaşca böyük insana çatmaq kimidir, heç vaxt baş tutmayacaq, lakin aldadıcı bir mirajdır, ona doğru gedirsən, çatacağına ümid edirsən. Mən insanı poetik varlıq kimi qavrayıram, nə cür ki poetik ifadə ritmdən, qafiyədən arınmaq yolundadır, insan da mümkün olduqca həyatını ritmdən arındırmalıdır, belə olanda yaşamın hər şəkli gözəldir… (Serhed.info)

Print Friendly, PDF & Email