Məqsəd Nurun məqsədinə uyğun

Məqsəd Nurun məqsədinə uyğun

Dünən saytların birində yazıçı-jurnalist Məqsəd Nurun “Qulu Məhərrəmlinin ruhuna uyğun” adında bir yazısını oxudum. Haqqında həmişə hörmətlə danışdığım bir yazıçıdan uzun zamandır mətbuatımızda, Qarabağda gedən döyüşlərdən sonra isə məhkəmə zallarında davam edən davaya düzü, aydın bir münasibət gözləyirdim. Ancaq Arif Alışanovun müdafiəsinə, Qulu Məhərrəmlinin isə əleyhinə işləyən yazıda tez-tez nənəsini köməyə çağıran Məqsəd Nur məni həqiqətən də təəssüfləndirdi. Qələminə inandığım yazıçılardan biri də belə getdi.

Bu günə kimi, AzTV və Qulu Məhərrəmli arasında gedən söz davasını sadəcə, bir oxucu kimi maraqla izləyirdim. Dünən isə görəndə ki, həmin televiziyada məsul vəzifə tutan yazıçı-jurnalist Məqsəd Nur köşə yazısı ilə hadisələrə münasibət bildirib, fikirləşdim, axır ki, Məqsəd müəllim də dindi, axır ki, onun da ağzından bir kəlmə söz çıxdı. Çox şükür, ay Allah. Doğrudan belədir. Məqsəd yazıçı kimi ömür boyu danışmayıb, həmişə susub. Məqsədinin nə olduğu isə hamıya məlumdur. Ömründə bircə dəfə ağzını açdı, onda da yalan danışdı, yalanı müdafiə elədi. Gözünün qabağında cəmiyyətimizdə nə qədər hadisələr baş verir, bu günə kimi ağzını açıb Allahın bir kəlmə sözünü deməyən yazıçı iki tanınmış jurnalist arasında gedən davada öz müdirini müdafə eləməyi vicdan borcu bildi. Belə də yazıçı olarmı?

Halbuki, Məqdəs Nurun “Qulu Məhərrəmlinin ruhuna uyğun” yazısını oxumağa başlayanda gözləyirdim ki, o, heç olmasa, iki jurnalist arasında gedən söz davası səviyyəsində ədalətli mövqe sərgiləsin, axır ki, Məqsəd müəllim də öz yazıçı hirsini, bədii nervisini bu yolla dilə gətirsin. Mən nə biləydim ki, sən demə, onun susmağı məqsədəuyğunmuş.

“Məsələyə lap ciddi yanaşsaq, əgər Qulu Məhərrəmli tutarlı cavab almasaydı, həddini bilməyi üçün yeri göstərilməsəydi, ictimai qınaq obyektinə dönməsəydi, düşünəcəkdi ki, bu status-kvonun davam etməsi təbiidir”. Bunu Məqsəd Nur yazır. Yazıçı belə yalanmı danışar? Görəsən, bu adam ictimai qınaq deyəndə AzTV sədrinin otağında gedən söz-söhbətləri nəzərdə tutur? Və doğrudanmı ATV-dəki işindən çıxarılandan sonra təzədən AzTV-yə üz tutan bir yazıçı (məhz yazıçı!) öz müdirini tərifləməyə, müdafiə eləməyə borcludur? Hansı əxlaqa sığır bu? Doğrudanmı bu qədər asılı və təmənnalı münasibət “Şəhər meri” romanının müəllifinə yaraşan bir şeydir? Yaxud, uzun müddətdir mətbuat səhifələrində Şirməmməd Hüseynov, Musa Yaqub, Cavanşir Quluyev kimi öz simasını qorumuş saysız-hesabsız ziyalılar Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasına son qoyulmasını demirmi? İctimai rəy deyilmi bu?

Məqsəd Nur yazısında deyir ki, Arif Alışanov Qulu Məhərəmliyə mətbuatda bir kəlmə də söz deməyib, bütün ittihamlar, tənqid və təhqirlər yalnız birtərəfli qaydada gedib. Bəs uzun zamandır Qulu Məhərrəmliyə qarşı mətbuatda gedən yazılar kimin sözləridir? Yaxud, elə Məqsəd Nur da Alışanovun dili ilə danışmırmı? Məqsəd müəllimin yazısı Arif Alışanovun sözü deyilmi?

İstedadlı bir yazıçı müti bir təbəssümlə öz müdirinin qabağında heç olmasa, beli bükülmüş vəziyyətdə dayanmaq xətrinə söz və ifadə azadlığının boğulmasını necə alqışlaya bilər? Axı Prezident özü də çıxışlarında hər kəsi, xüsusən məmurları tənqidə dözümlü yanaşmağa, nəticə çıxarmağa çağırıb.

Məqsəd Nur yazıçıdır. O, milyonlarla büdcəsi olan bir televiziya rəhbərini müdafiə edir, mən isə Milli Elmlər Akademiyasının ayda 400-500 manat maaş alan şöbə müdirini. Sizcə, kim səmimidir, kim yalan danışır, kim könüllüdür, kim məcburdur? Bu cəmiyyətdə Qulu Məhərrəmli kimi işıqlı bir ziyalı çoxdurmu? İkinci belə bir teletənqidçimiz varmı? Niyə qoymursunuz yaşasın, qaranlığında və üfunət iyində boğulduğumuz cəmiyyətə öz töhvələrini versin? Bu qədər televiziya kanalları ilə, qəzetlər, saytlarla silahlanıb kimin üstünə gedirsiniz? Gənclərin, tələbələrin ziyalı işığına toplaşdığı Qulu Məhərrəmlininmi? Məqsəd Nur bilmirmi ki, bütün bu resurslar həqiqətin və onun müdafiəsində dayananların yanında heç nədir?

Məqsəd Nurun “Şəhər meri” romanını çoxdan oxumuşam. O, son yazısı və davranışı ilə özünü əsl roman qəhrəmanına çevirdi. Anlamıram, istedadlı bir adam başqasına vəkillik eləməklərlə bu günə kimi susmağı ilə qazandığı hörmət və nüfuzu niyə itirsin ki? Axı onun romanının ideyası, alt qatı məhz sözügedən yazısındakı əxlaqa, yalana qarşıdır. Yenə susmaq olmazdımı? Yoxsa Məqsəd müəllim belə bir yazı yazmağa məcbur idi? Məncə, məcburdur. Belə yazılar özxoşuna yazılmır. Çünki mənim bildiyimə görə heç bir yazıçı yalanı müdafiə etməz, buna ancaq məcbur olar…

Kəramət Böyükçöl

Print Friendly, PDF & Email