Tanınmışlar Qulu Məhərrəmli ilə bağlı müraciət etdi

Tanınmışlar Qulu Məhərrəmli ilə bağlı müraciət etdi
Bir qrup tanınmış jurnalist, alim və yazar professor Qulu Məhərrəmliyə dəstək müraciəti yayıb. Müraciətdə deyilir: 
Əziz həmvətənlər!
Zamanın mürəkkəb çağırışları ölkəmizdə mənəvi bütövlüyü, milli həmrəyliyi həyati zərurətə çevirir. Bu prosesin əleyhinə atılan hər hansı addım yersiz qarşıdurmalara və cəmiyyətin mənəvi-intellektual gücünün zəifləməsinə səbəb olur. Bu baxımdan dövlət televiziyası rəhbərinin tənqidi rəylərinə görə professor Qulu Məhərrəmliyə qarşı apardığı qaralama kampaniyasından, bir mütəxəssisi mülahizələrinə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdlərindən dərin narahatlıq keçirdiyimizi bildirir, bunu ifadə azadlığına zidd və ictimai əxlaqı zədələyən davranış kimi qiymətləndiririk.
İki aya yaxlndır ki, davam edən kampaniyada büdcədən maliyyələşən AzTV-nin resursları hesabına sədr A.Alışanovu tərifləyən, Q.Məhərrəmliyə qara yaxan, təhqir və böhtanlarla dolu 2 saat 56 dəqiqəlik videomaterial hazırlanaraq yayılıb. Ardınca AzTV sədri CM-nin 147 və 148-ci maddələri ilə Q.Məhərrəmliyə qarşı cinayət ittihamı irəli sürüb, daha sonra onun 100 min manat cərimə olunması üçün məhkəməyə müraciət edib. Halbuki ölkə prezidenti 2009-cu ildən CM-nin həmin normalarının tətbiqinə moratorium elan edib. Bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi vəzifəsi isə «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda birbaşa əksini tapıb.
Professor Q.Məhərrəmli ölkəmizin dəyərli ziyalılarındandır, istedadlı publisist və jurnalistika sahəsində nüfuzlu alimdir. O, cəmiyyətdə TV-lərin və bütövlükdə medianın fəaliyyəti ilə bağlı peşəkar ekspert təhlilləri ilə tanınır. Belə bir mütəxəssisin dövlət büdcəsindən maliyyələşən, ictimai funksiya daşıyan və fəaliyyətinin daha səmərəli olması arzulanan bir telekanalı tənqid etməsi təbiidir. Müasir hüquq cəmiyyətə xidmət etməli olan vəzifəli şəxsin ən sərt formada tənqidinə yol verir. Buna görə də A.Alışanovun narazılıq etdiyi yazıda tənqidin etik və hüquqi hədləri keçməsi barədə iddiaları əsassızdır. Onun davranışı tənqidə dözümsüz yanaşmanın, vəzifə imkanlarından sui-istifadə edərək haqlı tənqidi boğmaq cəhdinin nümunəsidir. Bunlar isə ciddi narahatlıq yaradır. Yasamal rayon məhkəməsinin A.Alışanovun zərərli iddiasını icraata götürməsi və bunu özünün ilkin qərarının əleyhinə gedərək, şikayətçinin iştirakı olmadan etməsi narahatlığımızın əsaslı olduğunu bir daha sübut edir.
Biz bu narahatlığımızı ölkə ictimaiyyətinə çatdırır və professor Q.Məhərrəmliyə qarşı qanunsuz basqıları aradan qaldırmaq üçün müvafiq qurumların zəruri tədbirlər görəcəyinə ümid edirik.
Şirməmməd Hüseynov – professor
Cəlal Allahverdiyev – AMEA-nın həqiqi üzvü, akademik
Rafiq Əliyev – AMEA-nın müxbir üzvü, professor
Musa Yaqub – şair
Ramiz Abutalıbov – diplomat, YUNESKO-nun xoşməramlı səfiri
Sabir Rüstəmxanlı – xalq şairi
Çapay Sultanov – araşdırmaçı alim, professor
Ramiz Rövşən – şair
İlyas İsmayılov – hüquq elmləri doktoru, professor
Fuad Poladov – aktyor, xalq artisti
Rəhman Bədəlov – fəlsəfə elmləri doktoru, professor
Vasif Babayev – kinorejissor, xalq artisti
Şeyx Əbdül Mahmudbəyov – rejissor-aktyor, əməkdar incəsənət xadimi
Elçin Şıxlı  – “Ayna”-“Zerkalo”qəzetlərinin baş redaktoru, əməkdar jurnalist
Zeynal Məmmədli – media eksperti
Arif Əliyev  – “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri
Print Friendly, PDF & Email