“Kəndimiz alınsa, Bakıdan düz ora qədər piyada gedərəm”

“Kəndimiz alınsa, Bakıdan düz ora qədər piyada gedərəm”

Yusif Namazov Oruc oğlu:

-Əmirxeyir mənim üçün anadan olduğumuz yurd yeri, bizi işıqlı dünyaya gətirən bir məkandır.

-Kəndimizin qədrini bilənlər “Gözüm çıxsın, Əmirxeyir!” deyirdilər.

-Bəşir dayım da deyirdi ki, vaxt gələcək, bu düzlərə səpələnib bir-birinizə həsrət qalacaqsınız. Onun kimi Əmirxeyirdə uzaqgörən ikinci bir adam olmayıb.

-Əmirxeyir kimi yer şəxsən mənin heç vaxt yadımdan çıxmayıb, elə gecələr həmişə oralara gedirəm. Bu dünyada Əmirxeyir kimi təbiəti gözəl, havası təmiz, sərin suyu olan başqa yer yoxdur. Biz də çox yerlər gəzmişik, görmüşük. Əmirxeyirə Nalçikin dağlıq zonası, bir də Başqırıstan respublikası bir az oxşayır. Getdim orda tirpək, baldırğan, kığ, taxıl tulçası gördüm. Eşitdiyimə görə Əmirxeyirdə bir neçə alman ailəsi yaşayır. Alman bilir harda yaşamaq lazımdır. Yəqin gəlib havasını udub, suyunu içib. Kəndimizin bu dünyada tayı yoxdur.

-Kəndimiz alınsa, Bakı şəhərindən düz ora qədər piyada gedərəm. Qılınc qayadan o tərəfə isə dizin-dizin gedəcəm. Ancaq bu arzunun həyata keçməsi bir az zaman alacaq. Düzdür, Qarabağ məsələsi yaxın vaxtlarda öz həllini tapacaq.

-Kənddə bizim evdən heç bir daş da qalmayıb, söküb aparıblar.

-Əmirxeyir ta qədimdən bizim ata-baba yurdumuzdur.

-Kəndimizin hər qarış torpağı bizə doğmadır. Elə yuxularda oraların hər yerində – Leyli bulağında, Hajı öynündə, Armudluqda, Kalafalı dərəsində, Yellidə oluram. Həmişə qoyun otaranda gedib Yellidə məskən salırdıq. Qoyun yatışırdı, biz də gedib meşədə ov edirdik.

-Mağazin olmasa da Əmirxeyirdə yaşamaq olur, çünki çöldə hər nemətdən var.

-Kənddə evimizə Sarı bulaqdan su çəkmişdik, ancaq o sudan 9 ay içə bildik. Doyunca istifadə etmək qismətimiz olmadı.

-Kərim müəllimin yaylıq almasından ötrü hamının burnunun ucu göynəyir. O yaylıq almasının sədası gəlib bura – Azərbaycana da çatmışdı.

-Rəhmətlik Əhməd müəllim o yaylıq almasından bizim həyətdə calamışdı. Ancaq kənddə heç kimin bundan xəbər yox idi, yoxsa bizim almaları da tam yetişmədən elə ağacın başındaca yeyərdilər. İndi bilmirəm, o ağac dururmu?

-Əmirxeyirin söz-söhbəti qurtarası deyil. Aylarla, illərlə danışsaq da Əmirxeyirdəki sərgüzəştlər sona çatası deyil. Bütün bu dediklərimizi heç kəs özündən uydurub danışmır. O kənddə olan lətifələri o vaxt yığmadıq. Heç indi də gec deyil, toplasaq, bir neçə kitab olar.

-Elə Balaxatın xalanın hazırcavablığının özü bir kitaba sığışmaz.

-Amirxeyir.com saytını yaradanlara da minnətdarlıq edirəm. Qoy oxucular fəal olsunlar, hamı müsahibə versin, heç kim səhlənkarlıq etməsin. Bu, yaxşı bir şeydir. Kimin nə imkanı var, qoy bu sayta köməklik göstərsin. Sayt onsuz da daim genişlənəcək, çünki camaatımızın sayı artır, yeni nəsil gəlir.

-Neçə ki, Əmirxeyir var, bu sayt da yaşayacaq.

Print Friendly, PDF & Email