Qara Namazov: Mənim həyatım elə bu danışdıqlarımdır

Qara Namazov: Mənim həyatım elə bu danışdıqlarımdır

Filologiya elmləri doktoru, professor Qara Namazov Mustafa oğlunu Azərbaycanda çoxları tanıyır. O, aşıq ədəbiyyatının bilicisi, publisist və ən nəhayət alim idi. Bir yazar kimi də əsərləri varıydı. İndi də var. Kitabların içinə çökərək rəflərə düzülüb, ya da kiminsə yazı masasının üstünə qoyulub.

Onun özü isə yerin altındadır. Yerin üstündə işi bitib, daha onun işi ordadı, Tanrı tərəfindən ona verilən evdə dincəlir.

86 ilin yol yorğunluğunu çıxmaq elə də asan məsələ deyil.

Sabah yerin üstündə olanlar ona Bakıda 40 mərasimi keçirəcəklər. O mərasimdə onun özü olmayacaq, şəkili olacaq. Hamıya şəkildən boylanıb, nəzər salacaq, kimin ağlamsındığını, kimin gülümsədiyini görəcək və ilk dəfə mərasimdə susub duracaq, dilinə bir kəlmə belə gətirməyəcək.

Daha kəlmələrin də heyi qalmayıb, oturum düşüblər. Yəqin onların da öz məclisləri, öz yerüstü, yeraltı dünyaları var. Bunları dəqiqliklə bilmirik.

İnsan onsuz da hər şeyi bilə bilməz.

Ancaq bildiyimiz şeylər də var.

Qara müəllimin Türkiyədə xəstə olduğunu, bir müddət müalicə aldığını və yaxın zamanlarda Bakıya qayıtdığını bilirdim. O üzdən ona baş çəkmək və müsahibə almaq qərarına gəldim. Qardaşı oğlu Yusiflə onun Sulutəpədəki evinə getdik.

Əmirxeyirdə onsuz da evi tam hazır deyildi, hazır olsa da gedə bilməzdik, gedəcəyimiz yer elə bura oldu.

Oralara getmək imkanımız yaransa, Qara müəllimsiz gedəcəyik. Qara müəllim burda qalanlardan muğayat duracaq. Adı kimi böyüklük edəcək onlara.

Bu həyatda onun ən böyük vəzifəsi universitetdə dekan olub.

Özünün dediyi kimi heç vaxt heç bir vəzifədə gözü olmayıb. Onun vəzifəsi öyrətmək, yaxşılıq etmək və savab qazanmaq olub, onu da bu dünyada qazanmağı bacarıb.

Düzdür, qazanmadığı şeylər də olub.

İnsan onsuz da hər şeyi əldə edə bilməz.

Bizim əldə etdiyimiz isə ondan aldığımız bu müsahibə oldu.

-Qara müəllim, Əmirxeyir sizin üçün nə deməkdir?

-Əmirxeyir mənim üçün doğulduğum kənddir. Uşaqlığım o kənddə keçib. Soyuqbulaq yaylasının ətəyində, Kərəm qayasının yaxınlığında boya-başa çatmışam.

-İnanırsınızmı, camaatımız heç olmasa bir dəfə gedib oraları görəcək.

-Onun dəqiq vaxtını deyə bilmərəm, ancaq bilirəm ki, Əmirxeyir əvvəl-axır Azərbaycanın tabeliyində olacaq. Çünki ordumuz günü-gündən güclənir və itirilmiş torpaqlarımızı geri almağa qadirdir.

-Əmirxeyirdə deyəsən ev də tikmişdiniz.

-Bəli, tam qurtara bilmədim, yarımçıq qaldı. Camaatımızı ermənilərin tələbilə ordan köçürtdülər. Yaxşı ki, o zaman ölən olmadı, hamı sağ-salamat Azərbaycanın müxtəlif rayonlarına gəldi.

-Orta təhsilinizi hansı kənddə alıbsınız?

-Mən Əmirxeyirdən sonra Gölkənddə orta təhsilimi yalnız 15 gün davam etdirdim. Orda müəllimlə sözüm çəpləşdi, Gölkəndli bir oğlana qoşulub oxumaq üçün Qazaxın Dağ Kəsəmən kəndinə getdim. Direktor bizdən soruşdu ki, burda neynirsiniz? Biz də burda oxumaq istədiyimizi dedik. Soruşdu ki, niyə öz kəndinizdə oxumamısınız. O biri oğlan dedi ki, ermənilərin əlindən qaçıb gəlmişik. Direktor bu sözü eşitdikdən sonra “Arxamızca gəlin” dedi və bizi sinifə apardı, qabaq cərgədən 2 yer ayırıb bizi oturtdurdu. O partada oturanları isə arxaya keçirdi. Yanvara kimi orda oxuduq. Yanvardan sonra Qazaxda yerləşən internat məktəbinə keçdik. Orda həm yemək, həm də qalmağa yer verirdilər.

-Və sonra Bakı həyatınız başladı…

-Bakıya gedib Azərbaycan Pedaqoji İnstitutuna (APİ) qəbul oldum. Ancaq bu oxumaq yanvaradək  sürdü. Çünki bizi yataqxanaya qeydiyyata almadıqlarına görə yaşadığım Krasnoselo rayonunun hərbi komissarlığı dedi ki, səni həbs etmirəm, get evdə gözlə, əsgərliyə çağıracağam. Kənddə bir az kolxozda işlədim, sonra komissarlıq çağırdı, 1951-ci il martın 15-də əsgərliyə getdim.

-Təbii ki, institutu da yarımçıq qoydunuz…

-Bəli, elə oldu. Türkmənistanın Nebit-Daq şəhərində aviasiya hərbi hissəsində əsgərlik etdim. Orda  nə az, nə çox – düz 5 il qaldım. Mən qərargahda işləyirdim, az keçdikdən sonra məni məxfi şöbəyə keçirdilər. Bu isə belə oldu. Günlərin birində bir rus polkovniki mənə yaxınlaşıb Azərbaycan dilində soruşdu: “Səni niyə Mustafayeviç kimi çağırırlar? Sən ki, azərbaycanlısan”. Və sonra bizim dilimizdə necə öyrəndiyini açıqladı ki, Bakıda yaşayıb, bütün dostları da azərbaycanlılar olub. Həmin polkovnik məni qərargah rəisinin yanına apardı və dedi ki, məni çoxdan tanıyır və inanır. Onun təkidilə mən məxfi şöbədə çalışmağa başladım. Əsgərlikdə olanda 8 dəfə silahla kəndimizə getdim. Bir dəfə Bakıya hərbi sənəd gətirmişdim. Yay idi, parkda gəzirdim. Birdən 1 zabit 2 əsgərlə mənim sənədimi yoxlayıb dedi ki, səni həbs edəcəyik, niyə yaxanda 2 düymə açıqdır. Ona bunun səbəbini əsgərlərin yanında deməyəcəyimi bildirdim. Əsgərlər kənara çəkildikdən sonra izah etdim ki, mən burda qulluq etmirəm, ezamiyyətə gəlmişəm, məxfi sənəd gətirmişəm. Uzun danışıqdan sonra o, mənə toxunmadı. Sənədləri Baş Qərargaha təhvil verib bir həftədən sonra geri qayıtdım.

-Qara müəllim, Əmirxeyir kəndi alimlərinin, ali savad alanlarının sayına görə Qərbi Azərbaycanda 1-ci yerdəydi. Bunun səbəbini necə izah edərdiniz?

-Birinci növbədə deyim ki, ora dağ kəndi idi, hətta bizdən 7 km aşağıda olan Çaykənd kəndində alimlərin sayı belə çox deyildi. Ancaq Gölkənd kəndində xeyli alim var idi. Sonra hava təmiz idi. Üstəlik bizim insanların da şüuru təmiz idi. Hər sinifdə pis oxuyanların sayı az olardı. Mən də məktəbdə güclü şagirdlərdən biri idim. Müəllim hesablaya bilmədiyini hesablayıb verirdim. Deməli, hər şey dağ havasından asılı idi. Elə ona görə də 1-ci kitabımın adını “Dağ cığırından başlayan yol” qoymuşdum. İndi o dağlar da, o yaylaqlar da xəyala getdi. Hamısı xatirələrdə qaldı.

-Əzbər bildiyiniz bir şeir oxuya bilərsinizmi?

-1954-cü ildə əsgərlikdə olduğum illərdə ən çox sevdiyim şeir Səməd Vurğunun “Ala gözlər” şeiri idi. Onu əzbərdən deyirəm:

Yenə qılıncını çəkdi üstümə,

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə,

Qələm qaş altında piyala gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin, yenəmi

Çəkdiniz sorğuya, suala, gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan;

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdənin minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa,

Yanıb şölə salır camala gözlər.

 

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədirbilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

 

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən bu gün can verir.

İllər xəstəsiyəm, yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər.

-Bəs özünüzün ilk yazdığınız şeir yadınıza düşürmü?

-İlk yazdığım əsərlər – şeirlərdir. 2004-cü ildə “Gecikmiş nəğmələr” adlı 304 səhifəlik bir şeirlər kitabım çıxdı. Ta orta məktəbdə oxuyandan şeir yazıram. Əsgərlikdə də yazdığım şeirləri dostlarıma verirdim və bəyənib-bəyənmədiklərini soruşurdum. Deyirdim ki, bəyənsəniz, yazacam, bəyənməsəniz, bir daha yazmayacağam. Ancaq bəyəndilər, şeirlərimin çoxunu da köçürüb əzbərlədilər. Əsgərlikdən gələndən sonra 1956-cı ildə Bakı Dövlət Universitetinə ən yüksək balla qəbul olundum. Oxudum, universitetin yataqxanasında qaldım. 1961-ci ildə ali təhsil aldıqdan sonra rayona getmədim, Elmlər Akademiyasının Tarix institutunda işləməyə başladım.  Sonra sənədlərimi aspiranturaya verdim. Elmi rəhbərim Həmid Araslı idi. Mövzu da verdi, işlədim, vaxtından əvvəl, 1968-ci ildə müdafiə etdim və filologiya elmləri namizədi alimlik dərəcəsi aldım. Sonra universitetdə keçirilən müsabiqədən keçdim və müəllim işləməyə başladım. 1987-ci ildə isə filologiya elmləri doktoru oldum. Mən heç vaxt heç bir vəzifədən ötrü küsənməmişəm. Ömrüm boyu müəllimliyimi etdim. BDU-da kafedra müdiri və dekan vəzifələrində də çalışdım. Dekanlıqdan da öz xahişimlə çıxdım.

-Qara müəllim bir yazıçı, bir alim kimi sizin neçə kitabınız çıxıb?

-30-a yaxın kitabım işıq üzü görüb. İlk kitabım – “Aşıq şeirinin inkişafı tarixindən” 1968-ci ildə dərc edilib. Son kitabım isə 2013-cü ildə çıxan “Ozan-aşıq sənətinin tarixi”dir. Təbii ki, bu sahədə olduğu kimi, hər sahənin də özünün tədqiqatçıları var. Televizorda belə insanlara tez-tez qulaq asıram, onlar da mənə qulaq asır.

-Eşitdiyimizə görə, Türkiyədə xəstələnibsiniz?

-Bəli. Orda yatdığım yerdə gecə yuxumda gördüm ki, sol qolumla, sol ayağım işləmir. Birdən yadıma düşdü ki, bu, yuxudur. Ancaq oyananda yoxladım ki, doğrudan da sol qolumla sol ayağım işləmir. Uşaqlara dedim, həkim çağırdılar və məni gecə təsili xəstəxanaya apardılar. Orda analiz etdikdən sonra məlum oldu ki, sol tərəfim iflic olub. 3 xəstəxanada, ümumilikdə 3 ay yatdım. Sonra baş həkim dedi ki, əfəndim, sizin ürəyiniz tamam sağlamdır. Sol qolunuzla sol ayağınızın əvvəlki vəziyyətinə qayıtması da özünüzdən asılıdır. Bunun üçün hərəkət edib yerimək lazımdır. Orda belə vəziyyətdə bir il qaldım. Az-az çəliklə yeriməyə başladım. Sonra Bakıya gəldim. Burda da kimsə kömək edəndə həyətdə çəliklə gəzirdim. Sonra gəzməyə ara verdim, ancaq yenə də qolumdan tutanda eyvana çıxıram.

-İş yoldaşlarınız sizə dəyməyə gəlirmi?

-Əlbəttə. Eşidənlərin hamısı evə gəlib, mənə baş çəkib. Fürsətdən istifadə edərək onların hamısına təşəkkürümü çatdırıram. Utanıb gəlməyənlərə də “canları sağ olsun” deyirəm.

-Başqa hansı ürək sözləriniz var?

-Ürək sözlərimiz budur ki, hər şeydən əvvəl hər kəs öz sağlamlığını və sabahını düşünsün. Çalışsınlar səhvlərə yol verməsinlər. Mənim də həyatda səhvlərim olub, qazandıqlarım isə daha çoxdur. İstəmirəm ki, insanlar mənim etdiyim səhvləri təkrar etsinlər. Həyat çox qəliz və mürəkkəbdir. Bu gün yaşayırsan, bilmirsən sabah necə olacaq. Sabah ortaya elə hadisələr çıxar ki,  o işi gördüyünə görə peşiman olarsan. Mən istəmirəm ki, mənim millətim, yaxınlarım peşimançılıq hissi keçirsin. İnsan gərək bu gün üçün yaşamasın, sabahını da düşünsün. Sabaha da bir qismət nemət qoysun, çünki o, sənə lazım olacaq.

Amirxeyir.com saytının oxucularına da birinci növbədə can sağlığı, uzun ömür arzu edərdim. Çalışsınlar, öz halal çörəklərini yesinlər. Halallıqla işləyən adamın çörəyi olur, heç vaxt acından ölmür.

Mənim həyatım da elə bu danışdıqlarımdır.

P.S. Bu müsahibədən 3 gün sonra Qara müəllim dünyasını dəyişdi. Bilərəkdən onun son şəkillərini çəkmədim, istəmədim ki, kiminsə xatirəsində Qara Namazov bu şəkildə qalsın.

Adı kimi böyük olan Qara Namazov şəkildə gördüyünüz bu sadə insandır…

Babək Göyüş, Amirxeyir.com

Print Friendly, PDF & Email