“Hər bir anımız Əmirxeyirlə bağlıdır” – VİDEO

“Hər bir anımız Əmirxeyirlə bağlıdır” – VİDEO

Arif Süleymanov Mustafa oğlu:


24 mart 2016-cı il

Amirxeyir.com xəbər portalı və informasiya bazası bugündən etibarən Əmirxeyir və Bəriabad kəndlərində yaşayan hər ailənin bir üzvündən ora haqda təəssüratını alaraq yayımlamağa başlayır.

Birinci olaraq Əmirxeyirin girişində yerləşən ilk evin sahibi Mustafa Süleymanovun oğlu Arifdən qısa xatirələrini aldıq.

“Əmirxeyirin hər suyunun damlası üçün darıxıram”

-Əmirxeyir mənim üçün həyat və gözəllik deməkdir.

-Mən orda doğulub boya-başa çatmışamsa hər dəqiqə, hər saniyə ora haqda fikirləşirəm. Atamın və qardaşımın qəbri orda olduğundan oralar üçün daha çox darıxıram. Əmirxeyir mənim üçün əziz bir yerdir.

-Kəndimizin hər torpağı, hər ağacı və hər suyunun damlası üçün darıxıram.

-Gödək silvi, Leyli bulağı, Yəhər gəzdəyi, Çalmalı, Yalax-yalax, Kalafalıq hər zaman yadımdadır.

-Əmirxeyir kəndini itirəcəyim heç vaxt ağlıma gəlməzdi, ancaq itirdik.

-Kəndimizə qayıtmaq şansı yaransa, elə bilərəm ki, həyatda yenidən doğulmuşam. Öz kəndimizin insanlarını daha çox sevərəm, çünki bu ayrılıq o qədər əzab verib ki, indi hər dəqiqə öz kəndçilərimlə bir yerdə olmaq istərdim. Əsil həyat budur. Elə bəlkə də yeni həyatımız o andan sonra başlayacaq.

-Mənim ağrılı günüm kəndimizi itirdiyim gün olub.

-Oranı hər dəqiqə gəzməyim mənim xoşbəxt günüm olub. At belində gəzməyim, kəndimizin uşaqlarını görməyim, kino verən Valotun siqnalını eşitməyim gözəl bir həyat idi. Orda yaşadığım anlar mənim üçün çox şən keçib. Çünki uşaqlıq illərimi orda yaşamışam.

-Bu yaxınlarda eşitdim ki, bizim kəndimizdə 10 alman ailəsi yaşayır. Onlar da internet vasitəsilə təsdiq edirlər ki, dünyada Əmirxeyirdən gözəl heç bir yer yoxdur. Kəndimiz yaşamaq üçün hər şeylə təchiz olunmuş bir yer idi. Gözəl və sıx meşəsi, dağ çayı, sərin bulağı olan bir yerdən ötrü necə darıxmayasan.

-Mənim atam kənddə arı saxlayırdı. İndi almanlar da kəndimizdə arı saxlayır. Oranın balı kimi dadlı bala heç yerdə rast gəlməmişəm. Həm müalicəvi idi, həm də yeməli.

-Mən Əmirxeyir üçün həmişə darıxmışam və  kövrəlmişəm.

Print Friendly, PDF & Email