Rafiq Tağının qardaşı İlham Əliyevə müraciət etdi – SƏBƏB

Rafiq Tağının qardaşı İlham Əliyevə müraciət etdi – SƏBƏB

2011-ci ilin noyabrında qətlə yetirilən Azərbaycanın tanınmış yazıçısı Rafiq Tağının qardaşı İlqar Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Image result for ilham əliyev

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!
Mən, 2011-ci ildə müəmmalı şəkildə qətlə yetirilmiş yazıçı-jurnalist Rafiq Tağının qardaşıyam. Qardaşımın qətlilə bağlı Siz dərhal cinayətin operativ və obyektiv araşdırılması, qatillərin tez bir zamanda tapılaraq, qanunla mühakimə olunması göstərişini vermişdiniz. Hadisədən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq istintaq orqanları Sizin göstərişlərinizi yerinə yetirməmişdir. Nəinki qatillər tapılmamış, hətta heç bir nəfər də olsun şübhəli şəxs qismində saxlanılmamış, xəstəxanada 3 gün ərzində qardaşımın sağlamlıq durumuna, yaşamaq şansına cavabdeh olmalı həkimlər belə heç bir məsuliyyətə cəlb edilməmişdir. Bu müddət ərzində İstintaq orqanlarının istintaq hərəkətsizliyi görünməmiş dərəcədə özünü sərgilədi. Ailə olaraq bizim hər hansı müraciətimiz də vaxtaşırı protokol cümlələri ilə daim “yola verilmişdir”. Cənab Prezident, biz ailə olaraq bu cinayət əməlinin üstünün haçansa açılacağına az da olsa ümidliydik. Ümid edirdik ki, cinayətkar gec, ya tez tapılıb, cəzalandırılacaq. Gecikməyinin səbəbini, izi itirməkçün sui-qəsdin qaranlıqda törədilməsilə, hadisənin kameralarda həqiqətən də qeydə alınmamasıyla əlaqələndirirdik…
Lakin, son iki ildə şəxsən üzləşdiyim açıq dələduzluq faktıyla əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və ardıyca da Ağır Cinayətlər Məhkəməsinin bu işin istintaqına qeyri-obyektiv, açıq qərəz nümayiş etdirməsini ailəmizə qarşı fiziki-mənəvi-maddi repressiya hərəkəti kimi, qardaşıma qarşı təşkil olunmuş sui-qəsdin məntiqi davamı olaraq dəyərləndirirəm. Mənə qarşı aşkar baş vermiş və “iki vur iki” kimi sadə həlli olan cinayət əməlini “görə bilməyən” istintaq orqanlarının, qardaşıma qarşı qaranlıqda törədilmiş cinayət əməlini ifşa edəcəyinə ümid etmək artıq mümkün deyil. Bu, ya istintaqı aparanların ifrat korrupsiyaya qurşanmalarına, ya hər iki cinayəti özlərinin birbaşa himayə etmələri , ən yaxşı halda hədsiz səriştəsiz olmaları qənaətinə gəlməyə vadar edir.
Belə ki, 2014-cü il 27 iyuldan etibarən bir qrup dələduz vasitəsilə mütəşəkkil cinayətkarlıq faktıyla üzləşmişəm. Beləliklə, mənzil şəraitimi yaxşılaşdırmaqçün əlimdə olan 100000(yüz min) manat pulumu 5 nəfərdən ibarət cinayətkar qrup saxta sənədləşmə yoluyla məni aldadıb, pulumu mənimsəməklə öz aralarında bölüşdürmüşlər. Nəticə etibarilə 4 nəfər kənarda qalmaqla məsuliyyəti “Daglar” MTK-nın sabiq sədri Ş.Əliyev üzərində fokuslayaraq, onu həbs etmişlər və dələduzluq yoluyla 5 nəfərin mütəşəkkil cinayət yoluyla mənimsədiyi məbləğ qaytarılmamışdır, onlar cinayət məsuliyyətindən kənarlaşdırılmışlar, nəticə etibarilə istintaqın və məhkəmənin qərarı məbləğin qaytarılması və onların cəzalandırılması şansını da yox dərəcəsinə endirmişdir. Bu qanunsuzluq zəncirinin yaxın bir ay müddətində Bakı Apellyasiya məhkəməsində tamamlanması gözlənilir… Nəticə etibarilə mən 2 ildir ki, mənzilsiz qalmışam və maddi-mənəvi sıxıntılara məruz qalmışam.
Cənab Prezident!
Son ümid yeri kimi şəxsən Sizi bilərək, bu müraciətimlə əlaqədar olaraq, ailəmizin üzləşdiyi faciəli ölüm faktı və mənim şəxsən üzləşdiyim evsiz qalmağımla nəticələnmiş mütəşəkkil dələduzluq faktıyla bağlı hər hansı ölçü götürməyinizi və şəxsi nəzarətinizlə hər iki iş barədə müstəqil istintaq qrupu yaradılması üçün müvafiq göstəriş vermənizi xahiş edirəm.”

Print Friendly, PDF & Email