Oqtay Əsədov: Ayıb da olmasın, baronessa Koks heç atasını tanımır

Oqtay Əsədov: Ayıb da olmasın, baronessa Koks heç atasını tanımır
Milli Məclisin payız sessiyasında çıxış edən deputat Məlahət İbrahimqızı sağlamlığında problem olan tələbələrin təhsil haqqından azad edilməsi barədə təklifini səsləndirdi. Ancaq spiker Oqtay Əsədov bildirdi ki, qanunvericilikdə belə bir güzəşt əksini tapıb. 
Deputat Qənirə Paşayeva da xanım həmkarının dediklərini müdafiə etdi: “Əgər bu məsələ həllini tapıbsa da, bəzi universitetlər bu qaydaya əməl etmir. Bu yaxınlarda görmə qabiliyyətində problem olan tələbələr bizə də müraciət etmişdilər”.
Q.Paşayeva Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkının həbs təhlükəsi ilə üz-üzə qalmasına da diqqət çəkdi. Dedi ki, Hollandiyadakı diaspor fəalımız qondarma erməni soyqırımına etiraz etdiyi, Xocalı soyqırımı ilə bağlı fikirlər söylədiyi üçün məhkəməyə verilib. Deputat bizim vəkillərin diaspor fəalını müdafiə edəcəyinə əminliyini ifadə etdi.
Deputat Aydın Mirzəzadə parlamentin bir iclasının Gəncədə keçirilməsi barədə vaxtilə qaldırılan təklifi xatırlatdı: “Qarşıdan dövlətçiliyimizin bərpasının 25 illiyi gəlir. Mən təklif edirəm ki, bu bayram münasibətilə Gəncədə, Lənkəranda, yaxud Mingəçevirdə parlamentin xüsusi iclasları keçirilsin”.
Deputat Fazil Mustafa Q.Paşayevanın qaldırdığı məsələyə toxundu: “İlhan Aşkın Hollandiyada Xocalı abidəsinin qoyulmasının müəllifidir və bu gün ona təzyiq olur. Azərbaycanın da borcudur ki, onu müdafiə etsin. Azərbaycanı tez-tez ittiham edirlər ki, mitinqə çıxan insanları həbs edirsiniz. İndi biz bu məsələni Avropanın qarşısında ciddi şəkildə qoymalıyıq. XİN və Diaspora Komitəsi bu məsələni nəzarətdə saxlamalıdır”.
F.Mustafa Nuru Paşanın adının əbədiləşdirilməsi barədə yenidən məsələ qaldırdı: “Türkiyədə Nuru Paşanın məzarı təmir olundu. Yaxşı olardı ki, Azərbaycan tərəfi də heç olmasa simvolik olaraq ora vəsait ayırardı. Moskvanın, Sankt-Peterburqun azad olunması dövlət səviyyəsində qeyd olunur. Biz də Bakının işğaldan azad olunmasına ciddi ciddət verməliyik. Azərbaycana heç bir aidiyyatı olmayan kommunist Mustafa Sübhinin adına küçə var. Amma Azərbaycanı xilas edən adamın adına heç bir ünvan yoxdur. Hətta küçə adı da. Biz mütləq bu məsələyə baxmalıyıq”.
Deputat Bəxtiyar Əliyev Britaniya parlamentinin təmsilçisi baronessa Koksun işğal olunmuş Azərbaycan ərazilərinə saysız-hesabsız qanunsuz olaraq səfər etdiyinə diqqət çəkdi. Bildirdi ki, ermənipərəst deputat baronessa Koks erməni hərbçilərlə görüşərək onların xristianlıq uğrunda döyüşdüyünü deyir.
Spiker “Ayıb olmasın, baronessa Koks atasını da tanımır”, – deyə məsələyə reaksiya verdi.
Deputat Elmira Axundova ailə qurmazdan əvvəl gənclərin tibbi müayinədən keçərkən ortaya çıxan fəlakətli nəticələrə diqqət çəkdi. Dedi ki, 87 min müayinə olunan gəncdən 9 mini talassemiya, 700-ü siflis və SPİD daşıyıcılarıdır. Xanım deputat bu gənclərin müalicə olunandan sonra ailə qurması üçün onlarla profilaktik söhbətlər aparılmasını təklif etdi. Dedi ki, lazım gələrsə, onların valideynləri bu müzakirələrə cəlb olunmalıdır.
Asim Mollazadə ölkədə keçirilən Bakı Humanitar Forumundan bəhs etdi. Dedi ki, qonaqların arasında olan parlament rəhbərləri və təmsilçiləri Azərbaycana kömək etmək, Xocalı soyqırımını ölkələrində tanıtmaq istəyən isanlar var. A.Mollazadə Bundestaqın üzvü olan türk deputat Erməni Milli Komitəsi tərəfindən mükafatlandırılıb. Təklif edərdim ki, Azərbaycan parlamenti Xocalı soyqırımını tanıyan parlamentarları mükafatlandırmaq üçün medal verək, yaxud təşəkkür elan edək.
Spiker dedi ki, Azərbaycan medal da verməsə, dəyərləndirmə ilə əlaqədar müəyyən addımlar atır: “Biz hətta bəzi deputatlara medal da vermişik. Ermənilər isə milli xəyanatkarlar olanları mükafatlandırır”.
 
Deputat Aqil Abbas özünəməxsus qeydi ilə həmkarı Fazil Mustafanın Nuru Paşa ilə bağlı təklifini müdafiə etdiyini bildirdi: “Türklər özləri Nuru Paşanın qəbrini 67 ildən sonra tapdılar. Qənirə xanım da orada iştirak və çıxış etdi. Amma deyirəm görən Nuru Paşaya abidə qoysaq, türklərin xətrinə dəyməz ki?”.
 
Deputat Qüdrət Həsənquliyev 2016-cı ildə Azərbaycanın xaricə oxumaq üçün tələbə göndərə bilməməsindən bəhs etdi. Dedi ki, Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır: “Ona görə də xüsusi bir qanun layihəsi qəbul etmək lazımdır. Biz yaxın 10 ildə hər il heç olmasa, 100 istedadlı tələbəni xarici ölkələrin yüksək ali təhsil müəssisələrinə göndərməliyik. Azərbaycanda çox yüksək ixtisaslı hüquqşünaslara ehtiyacı var”. (Musavat.com)
Print Friendly, PDF & Email