Gecəqondularda yaşayanlar: ‘‘Bir gün uçacaq, altında qalacağıq’’- VİDEO+FOTOLAR

Gecəqondularda yaşayanlar: ‘‘Bir gün uçacaq, altında qalacağıq’’- VİDEO+FOTOLAR
Son günlər yağan güclü yağış paytaxt Bakıda xeyli problem yaratdı. Gecəqondularda, uçuq-sökük daxmalarda yaşayanların problemi isə ikiqat oldu. Onların küçələrini də su basdı, evlərini də. Həmin ailələr son 3-4 günü islanmış yorğan-döşəkdə yataraq,  dammasın deyə döşəməyə qab-qacaq düzərək keçirdilər. Söhbət 23 ildir ki, köhnə daxmalarda, acınacaqlı şəraitdə yaşayan məcburi köçkün ailələrindən gedir…
Belə ailələrdən bir hissəsi də Səbail rayonunundakı Arif  İsmayılov küçəsi,6-cı mədən ərazisində yaşayır. Burada əsəsən məcburi köçkünlərin məskunlaşıb.
Kommunal problemlər bir yana, evlərdə yaranan çatlar binanın hər an uça biləcəyindən xəbər verir.Taxta eyvanlar bir insanın ağırlığına tab gətirə bilməyəcək qədər qəzalı vəziyyətdədir. Uçuq-sökük vəziyyətdə olan binanın bir hissəsi taxtadan tikildiyindən indı qəzalı vəziyyətə düşüb. Divarlardakı, döşəmədəki rütubət insanların sağlamlığına mənfi təsir göstərir. Taxtalar çürüyərək binanı deformasiyaya uğradıb. Kənardan baxdıqda tikilinin uçma təhlükəsinin olduğunu aydın şəkildə sezmək olur.
Binanın həyətində köhnə tikinti materiallarında tikdikləri daxmalara sığınanların həyat şəraiti də ürək ağrıdır. Onlarla məcburi köçkün ailəsi binanın həyətində özlərinə kiçik daxmalar tikib yaşayırlar. Dediklərinə görə, yağış yağanda elə vəziyyət yaranır ki, kanalizasiya suları daşıb evlərin içinə dolur. Ətrafa yayılan üfunət qoxusu isə dözülməz olur.
Sakinlər illərdir ki, bu durumda yaşadıqlarını dilə gətirdilər: “Yaşadığımız bu bina sənəd  üzərində yox sayılır. Əvvəllər binada güclü yanğın baş verib, o zaman qeydiyyatdan çıxarılıb. 1993-cü ildə müharibə zamanı məcburi köçkünlər buraya sığındı. Ancaq qaçqınlardan əvvəl də burada yaşayanlar olub. Demək olar ki, ölkənin  hər bölgəsindən burada yaşayanlar var. İllərdir ki, şəraitsizlikdən əziyyət çəkirik. Bizimlə maraqlanan belə yoxdur”.
Məcburi köçkünlər binanın qəzalı durumda olması ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdilər: “İcra hakimiyyəti də vəziyyətimizdən xəbərdardır. Binada yaşayan 70-ə yaxın ailə ölümün bir addımlığındadır. Eyvanların taxtaları çürüyüb, divarlar çatlayıb, bünövrə isə suyun içərisindədir. Bir gün bina elə çökəcək ki, Allah uzaq eləsin, bir nəfər sağ çıxmayacaq. Bir neçə dəfə uşaqlar həyətdə oynayan zaman binadan qopan taxta, daş parçaları az qala başlarına düşəcəkdi. Bu bina haqqında qərar çıxarılıb ki, yaşanmağa yararlı deyil. Bir sözlə aidiyyatı qurumları bu qədər insanın taleyi maraqlandırmır. Neçə gündür ki, yağış suyu evlərimizə dolur. Dam yararsız olduğu üçün otaqların tavanından yerə o qədər damır ki, qab tapıb altına düzə bilmirik. Azyaşlı uşaqlarımız iki gündür ki, islanmış yorğan-döşəkdə yatırlar”.
Sakinlər deyir ki, təmirsiz daxmaların damı gəmiricilərin məskəninə çevrilib: “Gündüz ərzaqlarımızı yeyirlər, gecələr isə uşaqlarımıza hücum çəkirlər”.
Məcburi köçkünlər ümid edir ki, bu material dərc oldunduqdan sonra aidiyyatı dövlət qurumları  onların problemlərini həll edəcək, 23 ildir gözü yolda olan bu ailələri mənzillə təmin edəcəklər. (Musavat.com)













Print Friendly, PDF & Email