Babək Göyüş: Bir cümləlik yazı…

Babək Göyüş: Bir cümləlik yazı…

Bir cümləlik yazı…

Əslində onun özünü də  bir cümləlik yazıya yerləşdirmək olar.

“Bu, şeir deyil. …Bu, kəbindi əslində…”

Səndə sığar ikən cahan

Sən bu cahana sığmadın…

Mənsə

Boyuna biçildim

Həm zamanın,

Həm cahanın…

Qoca Şərqdə

Gənc bir qadın

Nə yaşaya bilərdisə yaşayıram…

2008-ci ildə I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qalibi  seçilmiş Cavidanın boynuna biçilib bu sətirlər.

İndi onu tanıyanlar elə sətirlərindən tanıyır. Özünü tanıyanlar çox azdır. Bəlkə də tələbə dostlarından və yaşadığı Lənkəran şəhərinin küləyindən başqa heç kəs onu tanımır. 10 ildir ki, onun ayağı Bakıya dəymir. Yerə dəyir. O yer onun xəzəl kimi səpələdiyi ağ kağızlardır. Bir də gözünün nuru…

Gözümün nuru,

Sən onları bağışla…

Çünki onlar

Neylədiklərini bilmirlər…

Heç Cavidanın özü də nə elədiyini bilmir. Gah likor götürüb dəniz qırağına gedir, gah da tənha dənizə tənha olmayan qumlardan evcik qurur. Evcik qurur ki, sahilə çıxanda daldalanmağa yeri olsun. Günəşdən qorunmağın tək usulu budur. Lap yeri gələndə barmağını uzadır ki, dişləyəsən. Dənizə uzatmır, sahildə ona tərəf gələn bir nəfərə uzadır.

Nişan üzüyü istəmirəm,

Barmağımı dişləsən yetər…

Yetərmi? Onun bir cümləlik romanında hər şey yetər.

…İt kimi yorulmuşam. İt kimi deyəndə ki,  səhərdən elə it kimi də küçələrdə veyillənirəm. Veyillənirəm deyəndə ki, süpürgəçimizi axtarıram…

Sonu və özü məlum olmayan bir roman… Bir qəzet əməkdaşının süpürgəçini axtarmaqda məqsədi, yəqin onun yeni personaj axtarmağı imiş… O, insanlara inanmır, daha çox inandığı şey elə küləyin özüdür, boynundan öpməyə də yalnız ona icazə verir…

Başımı azacıq sağa əyəcəm,

Saçlarımı verəcəm arxaya,

gözləyəcəm boynumdan öpməyini..

sənin yox ki, küləyin bəlkə…

Qısa və konkret. İnsanlara inanmayan bir qızcığaz. Bəlkə elə buna görə də Bakıya gəlmir. Elə əyalətdə otura-otura roman çızma-qara edir, povest yazmağa cəhd göstərir. Ancaq onda alınan şeirdir. Heç öz dəyərini onun özü də bilmir…

kim bilir,

bəlkə heç alınmadım deyə,

bəlkə heç satılmadım deyə

dəyərimi

heç bir zaman bilməyəcəm..

Ancaq bildiyi şeylər də var Cavidanın… O istəyir ki, üç dəfə şumlanmış tarla boyunca onunla yürüyəsən, dəli melodiyanı duya-duya, azadlıq hissini keçirə-keçirə dayanıb onun səsini eşidəsən, qollarını yana açıb ürəyini dinləyəsən və orada həm də bir az ot ola, bir az dəniz, bir az meşə, bir az da külək…

Yenə də külək. Küləyi sevən insan küləksiz Lənkəranda necə yaşayır görəsən? Bəlkə yaşamır. Elə ən uzaq sabahın, ən uzun anından sel kimi axıb gedir, ən yaxın dünənin, ən qısa saatına doğru…

Və dodaqları  quruyur. İnsanın dodaqları quruyanda Tanrı yadına düşür, çünki tək-tənha, yovşan iyi verən, boynu bükük, dəvətikanının məskəni olan quru səhrada ona kömək edə biləcək ilahi qüvvə yalnız Tanrı ola bilər. Və Tanrının sözü.

İnsan Tanrının Yerə düşən sözüdür…

Elə Cavidan da Lənkərandan bizə boylanan söz oyunudur.

O, oyun oynamağı sevənlərdəndir. Çünki belələrı həmişə xaos axtarır, çabalayır, soyuyur, donur və sonda ürəyində mərhəmət hissi oyanır. Bilirsiniz nəyə görə? Bütün bu xaosların, soyuqların, donmaların və mərhəmət hisslərinin çapar  yolu sevgidə kəsişir. Sevgini duyanlar daha çox pıçıldamağı xoşlayır, özü də baharın ilk bazar günü. Baharın ilk bazar günündə insanlar səmaya vurulur, səma da insanların gözlərinə… Sonra günorta çağı Günəşi  sevməyə başlayırsan, gecələr də çıxan Ayla ulduzları… Bu vaxt küləklər də sevilir, elə mələklərin özləri də. Hətta, dağ boyunca üzüaşağı  axan sular da… Ay işığında dağ çayında yuyunmağın ayrı ləzzəti varmış… Bunu  Ayı sevənlər bilir. Gecələr – insanları sevmək üçün yaranmayıb, gecələr – insan hissinin yerə çırpıldığı vaxtdır…

Belə duyğulu insanlar həmişə çalışır ki, çay sahilində kiçicik bir süfrə açsın, bir qaşıq balı bir loxma çörəyin üstünə yaxsın.. Və meşənin səsinə qulaq asa-asa onun şirinliyini duysun…

mən o səsi

axtarıb da hər tərəfə

boylandım

və gördüm ki

indiyədək sevdiklərim

rəqs edirlər

və gördüm ki

indiyədək sevdiklərim

dönüb məni sevirlər…

Cavidan belə anlarda 40 gün ağlamağı sevir. Ağlamağı kim sevmir ki? Ağlayanda insanlar özlərinə bənzəyir. Qrimsiz, suflyorsuz.. Hətta, gözlərindən axan göz yaşlarının da fərqinə varmır. Bəlkə elə sanır ki, göz yaşları elə torpaq üçünmüş, gözlər üçün yox.  İnsan bu anda hər şeyi unudur, elə özünü də. Yadına yalnız Tanrı düşür, bir də sevdiyi pişiyi. Ya da sevdiyi küləyi…

İnsanların ömürlərinə ömür qatan insanlar da bəzən yada düşür və onlarla elə çay qırağında rəqs etmək istəyir… Və ölümə doğru gedir. Sevgi insanı yaşatmaq üçün yox, öldürmək üçün uydurulub. Elə Günəş də, Ay da, ulduzlar da, mələklər də, hətta  küləklərin özləri də rəqs edə-edə sevgilərindən uzaq düşürlər. Onların bəlkə də ən inandıqları sevgi insan sevgisidir. İnsan həmişə özlərinə aid olmayan hər şeyi sevirlər. Və bir gün ürəklərində ağrı duyub hiss edirlər ki, qapalı bir məkandadırlar və hər tərəf al qana boyanıb.

Yaz gələndə lalələrlə dolu çəməndə uzananda belə olur. Yatırsan, ölürsən və oyananda elə bilirsən ki, al qanın içindəsən. İnsanlar elə hər yerdə tənha qalmağı xoşlayırlar, istər o yer çəmənlik olsun, istərsə də qaranlıq çay qırağı…

Lap istərsən qara buludla dolu səhralıq.

Dörd yanında da ocaq qalansın, dəvətikanının iyi burnuna gəlsin, başının altında da yovşanla dolu çanta. Qədimdə sevgililər bir-birinə yovşanla dolu çanta göndərirmişlər. “Dədə Qorqud” dastanında da belə bir boy var.

Ana həmişə öz balasının boyuna sevinir. Cavidanın da balaları var. Onları görməmişəm, facebook.com saytında şəkillərini görmüşəm. Cavidanın özü kimi şirindirlər, yəqin həm də acı. Çünki insan həmişə şirin olmaz, onda şəkərə dönər. Elə acı olsa da bibərə bənzəyər.

Göz yaşları da acı olur. Deməli, insan öz yaxınını ağlayanda onun üstünə acısını tökür. Şirinliyini yəqin öz şirinliyi üçün saxlayır.

Ruhum soyunacaq ölüm önündə,

Çılpaq varlığıyla nazlanar elə,

Ömrün son, ölümün ilkin günündə

Hər nə yaşamışdım, dönəcək külə…

Bütün şairlər ölümdən yazır. Bilmirəm, ölüm onların nəyinə lazım? Bəlkə ölənlərin hamısı son nəfəsində şair olurlar. Qəribə tapıntıdır. İnsanlar öləndə yəqin üşüyürlər.

Üşüdər ruhumu Tanrı baxışı,

Utanar özünün çılpaqlığından,

Yağacaq üstünə ulduz yağışı,

Dönər bu dünyaya söküləndə dan…

İnsanlar ölməyi xoşlamır, dönməyi xoşlayırlar. Başqa bir məkandan dönəndə sanki yeni dünyaya gəlir, köhnə yox. Köhnə şey heç kəsin xoşuna gəlmir. Cavidan da tez-tez yeni əsərlərini yaradır, yeni mövzular axtarır, hətta özü demişkən, ədəbiyyata yenilik gətirmək istəyir. Heç onun özü də duymur ki, o yeniliyi o, artıq çoxdan gətirib.

Nişan üzüyü istəmirəm,

Barmağımı dişləsən yetər…

Bu sətirlərin möhtəşəmliyi onu oxuyandan sonra bilinir, baxandan sonra yox. Sanki insan o an alışır, sönür, səmalarda quş kimi süzür və sonra sakitcə Yerə enir.

Əyninə geyməyə bir bədən axtarır.

Cavidanın şeirlərinə görə bu şəhərdə hamı başını itirib. Bəlkə elə bu baxımdan özü bu şəhərdən uzaqlaşıb.

Cavidanın şeirlərinə görə şəhərin küçələrində kəllələr diyirlənir, pəncərələrdən yaş damır, divarlardan iniltilər eşidilir…

“Bu, şeir deyil!”

Bu, Cavidanın şeirlər kitabının adıdır. Özü də bu yaxınlarda işıq üzü görüb. Kitabda “Sev”, “Bu, şeir deyil!”, “Yerlə göy arasında”, “qadın.az”, “Nirvana”, “Cavidan nə vaxtsa əminliklə yazmışdı:” bölmələri daha çox diqqəti cəlb edir.

O,  öz kitabı haqqında belə yazıb: ”Yazdıqlarımın heç birini kağıza endirmək fikrim yoxdur…  arada ağlıma gəldisə də, son anda yenə də imtina etdim. Nə yazmışamsa, nə yazacağamsa… yalnız və yalnız İnternet dünyasında mövcud olacaq… təbii ki, bu dünyanın mənə verdiyi və verəcəyi imkan daxilində…”.

Amma görünür ki, “saçlarını küləklər, taleyini fələklər oynadan”, “Allahı kişi kimi, kişini Allah kimi sevən” bir qadının pıçıltılarının eşidilməsi daha məqsədəuyğun sayılıb…

Elə kitabın sonluğunu da Cavidan özünəməxsusluğu ilə belə bitirib: “…Bu, şeir deyil. …Bu, kəbindi əslində… Məni həyatıma və SÖZə bağlayan kəbin…”.

P.S. Qadın sancısı dünyada ən güclü və ən ağır sancılardan birincisidir. Bu fikri də Cavidan deyib…

Image result for babək göyüş

Babək Göyüş

Print Friendly, PDF & Email