Tramp Klintonu hədələdi: Səni həbs etdirəcəm

Tramp Klintonu hədələdi: Səni həbs etdirəcəm

ABŞ-da prezidentliyə namizədlər Donald Trampla Hillari Klinton arasında ikinci teledebat oktyabrın 11-nə keçən gecə Vaşinqton Universitetində baş tutub.

Bu teledebat Donald Trampın qadınlar haqda vulqar ifadələr işlətdiyi qalmaqallı videosunun yayılmasından sonraya təsadüf edirdi. Teledebata bu dəfə iki moderator – Martha Raddatz (ABC News) və Anderson Kuper (CNN) ev sahibliyi ediblər.

Bu dəfəki debatın formatı fərqli olub. Aparıcılardan gələn suallar əvəzinə namizədlər studiyaya dəvət edilmiş adi vətəndaşların verdiyi sullara cavab verməli olublar. Bəzi suallar isə sosial şəbəkə istifadəçilərindən gəlib.

Demək olar ki, debat, vaxtından əvvəl başlayıb. Belə ki, iki gün əvvəl Trampın 2005-ci ildə televerilişlərin birində qadınların ünvanına işlətdiyi xoşagəlməz ifadələr mətbuata sızdırılıb. Bu səbəbdən hər iki partiya tərəfindən və sosial mediada kəskin tənqid edilən Tramp, cavabında diqqəti Klintonlar ailəsinin problemlərinə yönəltməyə çalışıb. Trampın debat qabağı matbuat konfransında Bill Klintonu müxtəlif vaxtlarda layiqsiz davranışda ittiham etmiş 4 qadın iştirak edib.

Təbii ki, hər iki həssas məsələ debat zamanı da qaldırılıb. Elə ilk sual hazırki seçkilərin xoşagəlməz atmosferi barədə olub. Tramp 2005-ci ildə dediklərinə görə peşmanlığını ifadə edib. Əslində qadınlara qarşı heç vaxt pis əmələ yol vermədiyini vurğulayan Tramp, bunu Bil Klintonon etdikləri ilə müqayisə etməyə çağırıb.

Klinton bu hadisənin yalnız son damla olduğunu və rəqibinin indiyə qədər qadınlar, meksikalılar, afro-amerikalılar, müsəlmanlar və hətta fiziki qüsuru olanlar haqqında ifadələrini onun prezidentliyə uyğun olmamasının sübutu kimi gördüyünü bildirib.

Image result for hillary clinton

Tramp daha sonra rəqibinin seçkilər zamanı verdiyi sözləri heç vaxt tutmadığını və xüsusilə son “e-mail məsələsi”ndə etibarı itirdiyini deyərək, prezident seçiləcəyi təqdirdə Klintonu həbs etdirəcəyini deyib, onun  cinayət məsuliyyətinə cəlb ediləcəyini söz verib. “Mən xüsusi prokuror təyin edəcəyəm ki, electron poçt məsələsini araşdırsın”-Tramp deyib. Klinton isə FTB-nin bir ildən artiq davam etmiş təhqiqatının heç bir nəticə vermədiyini yada salıb.

Aktiv müzakirə obyektlərindən biri tibbi sığorta olub. Klintonun da dəstək verdiyi, prezident Obamanın sigorta islahatı çoxları üçün siğortanın qiymətinin qalxmasına səbəb olub. Trampın önə çəkdiyi bu məqamı Klinton da etiraf edib, lakin rəqibindən fərqli olaraq, müsbət tərəfləri dəçox olan islahatı ləğv etməyi yox, nöqsanlarını aradan qaldırmağı məqsədyönlü hesab edib.

Aparıcı Donald Trampa verdiyi sualda müsəlmanların ölkəyə daxil olmasına qoyacağı qadağa barədə sözlərini şərh etməyi xahiş edib. Tramp, əvvəl dediklərinin əksinə olaraq bunun qadağa deyil, ciddi yoxlama olacağını bildirib. Suala mövqeyini bildirən Klinton bu cür ifadələrin müsəlman müttəfiqlərlə münasibətlərə pis təsir etdiyini və terrorçuların xeyrinə olduğunu deyib.

Image result for donald tramp

Rusiya ilə münasibətlərə debat zamanı bir neçə dəfə toxunulub. İlk olaraq, Hilari Klinton, Wikileaks tərəfindən yayılmış məlumatları şərh edib və bunda Rusiya izi olduğunu bildirib. Klintona görə, Putin, bu yolla ABŞ seçkilərinə təsir etməyə və Trampın qalib gəlməsinə çalışır. Daha sonra isə Alepponun bombalanmasına münasibətini ifadə edərkən, Rusiyanın və Assad rejiminin cinayətlərinin araşdırılmasın lazım bilib. Tramp da Rusiyaya qarşı kəskin mövqe lazım olduğunu desə də, həmçinin, İŞİD-lə mübarizədə əməkdaşlığı vacib hesab edib.

Tramp, nəhayət ki, vergilərdən yayınması sualına aydınlıq gətirib. O, qanuni əsasla bəzi vergiləri ödəmədiyini etiraf edib və qeyd edib ki, Klintonun seçki kampaniyasını maliyyələşdirən bir çox varlı adamlar da eyni güzəştlərdən istifədə edir.

Hər iki namizəd öz vergi siyasətlərinin orta təbəqənin xeyrinə quracaqlarını iddia edir. Enerji siyasətində Klinton alternativ energetikanın, Tramp isə daxili hasilatın artırılmasını lazım bilir.

Əvvəl olduğu kimi, xarici siyasətdə Klinton dövlət katibi kimi uğursuz fəaliyyətdə, Tramp isə heç bir konkret planının olmamasında ittiham edilib. Klinton ilk olaraq diqqəti Suriyada humanitar vəziyyətə, Tramp isə İŞİD-lə mübarizəyə yönəltməyi düşünür. Bununla belə, heç bir halda, regionda yeni ABŞ qoşunlarının yerləşdirilməsi müzakirə obyekti deyil. Maraqlıdır ki, Klinton Assada qarşı kürd qüvvələrini silahlandırmağıtəklif edib və bunun hansı problemlər yaradacağını bildiyinə də işarə edib.

Ümumilikdə, bu debat, son günlərdə rəy sorğularında aşağı düşən Tramp üçün itirdiyini qaytarmaq, Klinton üçün isə mövqelərini bir az da möhkəmləndirmək imkanıdır. Hansı namizədin uğur qazandığı isə tezliklə rəy sorğularının nəticələrində özünü göstərməlidir.

CNN telekanalının ORC şirkəti ilə birlikdə keçirdiyi rəy sorğusuna əsasən Hillari Klinton bu debatda da rəqibinə qalib gəlib. Rəyi soruşulanların 57 faizi debatı Klintonun udduğunu bildiriblər, 37 faiz isə Trampı qalib hesab edib. Bununla belə 63 faiz rəyi soruşulanlar hesab edir ki, Tramp əvvəlki debata nisbətən bu dəfə daha inamlı idi.

Son teledebat Oktyabrın 19-da, Nevada Universitetində keçiriləcək. (Virtualaz.org)