Babək Göyüş: İlyas Ərnəfəsin “səsi”

Babək Göyüş: İlyas Ərnəfəsin “səsi”

İlyas Ərnəfəs indi “Azərbaycan” nəşriyyatının “mühafizəçisidir”. İçəridə yox, bayırda qoruyur buraları. Özü də ağacın başından hər şeyi izləyir. Yəqin əlində binokl da var, gəlib gedənin addımına baxır. O sanki Somali sahillərində gəmi gözləyən dəniz quldurlarına bənzəyir. Başqa heç nəyə yaramır. Yarasaydı, onun da ev-eşiyi, arvad-uşağı, qəzet-jurnalların birində işi, çayxanalarda yeri, Vahid poeziya bağında çirkli “armudu stəkanı”… Yəqin xarici maşını da ola bilərdi. Hərdənbir şair dostlarını toplayıb dənizə aparardı, yolda da Əlisəmid Kürə sərinlənmək üçün şokolad dondurması alardı, hirslənəndə isə Seymur Baycanın “Körpüsalanlar” romanını Murad Köhnəqalanın qaşqasına sürtərdi ki, şəhərimizdə körpülərin sayı çoxalsın.

Haşiyə: Yaylağımızda dəlisov bir buğa var idi. Həmin yay camaat onun əlindən dəmir gəmirirdi. Onun qorxusundan arxaca sarı heç kəs getmirdi. Günlərin birində o buğanın beyni elə qızdı ki, qarşısına gələni buynuzu ilə ayırtdaya-ayırtdaya bulağa tərəf cumdu. Və onda hamını maraq bürüdü ki, onu bulağa cəlb edən nədir? İndi o mənzərəni kino lenti gözlərinizin qarşısına gətirin. Yuxarıda krana qoyulmuş videokamera obyektivini bulağın novuna  yaxınlaşdırır. Və orada başında qırmızı kəlağayısı olan bir qız uşağı səhənginə su doldurur. Təbii ki, digər kamera da buğanın ona sarı gələn trayektoriyasını lentə köçürür. Bu mənzərəni görənlər isə yerində donub qalır. Və hamı qızın son anlarını yaşadığını duyur. Buğa isə Aqata Kristinin romanlarındakı kimi qeyri-adi manevr edərək o səhnəyə yeni element gətirir. Qıza yaxınlaşanda sürətini elə azaldır ki, ayaqlarından çıxan toz yaylağı başına bürüyür və heç kəs bulaq başında cərəyan edən kadrların davamını görmür. Davamı isə çox sadə qurtarır. Buğa qıza yaxınlaşanda sanki dil açıb deyir ki, ey yaylaq gözəli, sən qırmızı geyinmisən, Antoni kimi. Və dili ilə onun qaşqasını yalayır. Qız da təbii ki, nə olduğunu anlaya bilmir və buğanın bu təvazokarlığı qarşısında bir azca utanır. Səhəngə dolan suyun isə özünə çığır açaraq başqa su yolu ilə üzüaşağı axdığını hamı görür.

Murad Köhnəqala müasir olmaq üçün həmişə qırmızı köynək geyinir. İlyas Ərnəfəsin köynəyinin rəngi isə bilinmir. Dünyanın bütün rəngləri onun köynəyində cəmləşib. Elə şalvarı da elədir. Yəqin corabı da. Əlində tutduğu siqaretin isə öz rəngi var. O siqareti ona Aqil Abbas verib. Aqil Abbas hamıya gücü çatandan  kömək edir. Görəsən, Aqil Abbas İlyas Ərnəfəsi “Çanaqqala” restoranına apararmı? Ya da bir dəfə Milli Məclisin kafesində onunla üzbəüz oturub çay içərmi? Həm aparar, həm də içər.

“Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsindəki kafenin iyi İlyas Ərnəfəsin paltarındakı iydən üfunətinə görə geri qalır. Aqil Abbas da ora tez-tez gəlir, İlyasın iyini isə çölə çıxanda çiyərlərinə çəkir.  O iylər nəşriyyatın əhatə dairəsində bir-birini tamamlayır və Azərbaycan jurnalistikasını ölməyə qoymur. Heç İlyas Ərnəfəsin özü də ölmək istəmir. İnsanlar niyə belədir, görəsən?

Ölsəm daşım özümdən qiymətli

bəlkə baş çəkən tapılar.

Nə qədər ki, varam – heç.

Dirilər sevilmək üçündür, yavrum,

Ölülər… bilmirəm.

Şair Sevinc Çılğın yüz faiz bu şeiri İlyas üçün yazıb. Bilir ki, İlyasın qəbir üstünə gələnlər olacaq. Birinci Salam Sarvan gələcək, sonra Elnur Astanbəyli, sonra da Ədalət Əsgəroğlu. Elə özümü də o siyahıya daxil edə bilərəm. Aqil Abbas da hər həftə gül alıb adaşım Babəki göndərəcək ora. Ora onsuz da insanların son yeridir. İndi hələlik İlyas Ərnəfəs hamını qabaqlayıb. İlyas diri olanda Sevinc Çılğın demişkən, sevilmədi, yəqin ölü olanda seviləcək. Deyilənə görə, onun Riqada sevdiyi bir qız olub. O, indi bəlkə də Latviyanın məşhur şairlərindən biridir. Çünki İlyasın sevdiyi qız yalnız şair ola bilər. Başqa sahənin adamı İlyaslıq deyil. Heç biz yazarlar da indu onluq deyilik. Onun öz dünyası, nəşriyyat adlı öz evi və öz iyi var. Səsi isə yoxdur. O, öz səsindən və özündən çoxdan imtina edib.

Özümdən imtina edirəm bu gün

Silirəm özümü özümdən.

Ürəyimdən qovdum axır ki, özümü

Özüm gözlərimdən başlayırdım

Daha heç kəs baxmasın gözlərimə.

İlyasın gözlərindən nə düşündüyünü duymaq olur. O, bizə dəli kimi baxır. Özünü isə ağıllı sayır. Ağıllı adamlar ağacda yaşayar, daha dəmir qutunun içinə girməz.

İlyas zamana adamı ola bilmədi. Robun Qud kimi meşələri, dərə-təpələri özünə ev bildi, Tarzan kimi budaqları tutacaq hesab elədi.

Əli yanmasın deyə…

Yaxşı ki əlləri var imiş, yoxsa Aqil Abbasın verdiyi siqareti də tutmağa bir şeyi olmazdı.. Şalvarını da kasıb-kusuba paylayıb, özü isə idman formasının içində qalıb. Nike şirkətinin İlyasdan xəbəri olsaydı, ona super idman geyimləri göndərərdi.

Və bir də namə… İçində də məhəbbət şeirləri.

Nike şirkətinin qızları İlyasdan tutumlu bir oğlana Avropada rast gəlməyiblər.

 Bəlkə daha məhəbbətdən danışmayaq?!

Bəlkə sevmək susmaqdır?!

Hər halda mən bunu bacarmıram…

İlyas bu sözləri oxuyanda əriyib yatdığı budaqdan aşağı düşərdi və yoldan keçən şair Qulu Ağsəs diksinib “Bıy” deyərdi. Qulu Ağsəsin İlyasa həmişə paxıllığı tutub, çünki ona heç vaxt Nike-dən nə idman paltarı, nə də məhəbbət naməsi gəlməyib. Ona uzaqbaşı yazıçı Rafiq Tağıdan bir Novruz sms-i gəlib.

İlyasın dili olsaydı, bunları Qulunun üzünə “çırpardı”, qaşqasına yox. Çırpa bilmirsə, deməli nə vaxtsa süddən kəsili qalıb…

Süddən kəsilmiş körpələrin dili olsaydı,

acanda ağlamaq yerinə

ayrılıq şeirləri əzbərləyərdilər.

Mənə bir qurtum süd…

Hardasan, ay ümid?!

İlyas ümid yerini harda axtarır. Bəlkə heç axtarmır. Ona bu ümidi nəşriyyatın “ağacı” verib. Özü isə çoxdan itib gedib. Onu axtaran o yoldan keçənlərin gözüdü. Üstlərinə vurduqları ətirlərdi, bir də dodaqlarında udqunub qalan sözləri..

Gözlərimin içinə baxırsan həmişə

Dodaqlarıma baxıb udqunursan

Əllərimi sıxırsan dərindən nəfəs alıb

Boynumu iyləyirsən, hansı ətirdir deyə

Həmişə nəsə axtarırsan elə bil,

Nəsə tapmaq hayındasan.

Həyatım, səninçün nəyi itirim?

İlyas özünü tapmaq üçün özünü itirib. Riqada qoyduğu sevgilisini də… “Ulduz” jurnalında dərc etdirdiyi hekayələrini də. Ürəyində yarımçıq qalan romanlarını da. Onun üçün hər şey itib. Heç sevmək qorxusu da yoxdu onda…

 Sevgi də qorxu kimidir

adamın iliyinə işləyir

adamın sümükləri gizildəyir.

Heyif ki mən hələ

Sevmək qorxusu yaşayıram.

İlyasın dili olsaydı, yəqin belə deyərdi: ”Mənim kimi yarımçıq adamlar yarımçıq sevgilərin yadigarıdır. Mən heç vaxt bütün ola bilməmişəm. Niyə?! Soruşursan?”.

Çünki onu soruşanların özləri dəlidir. İlyas isə İlyas Ərnəfəsdir…

Image result for babək göyüş\

Babək Göyüş

P.S. Yazı Rafiq Tağının ölümündən öncə qələmə alınıb.

Print Friendly, PDF & Email