“Bu oyunu oynamağı daha özümə borc bilmirəm”

“Bu oyunu oynamağı daha özümə borc bilmirəm”

Cümləsinin kəlmələri telefonda danışıq bitəndən sonra qırıq-qırıq siqnallar kimi səslənərək eşidilən bip-biplərə ayrıldı. Ürəyimdən gələn bu siqnallar dünyamı məhv etdi. Dünyamın ağı da, qarası da sənin gözlərinin qarasına, bəbəklərinin ağına bağlı idi.

Onsuz da o dünyaya məni həsrət qoymuşdun. İndi də səsinə. Əlbəttə ki, bu bir gün belə də olmalıydı. Amma elə bir zamanda məni tərk etdin ki, səninlə paylaşmaq istədiyim acı bir dərdim vardı.

Sən bir gün qayıdacaqsan, amma mən yox. Hər bir yolun sonunda nəsə görünür. Amma bu yolun sonunda heç nə görmədim. Çünki sən o yolu geri qayıdacaqsan. Mənə yol yoldaşı olmaq istəmədiyin anlarda bu yollarda nəinki yol yolçusu həyatının yolçusuna dönəcəksən.

Mənim üçün əziz xatirəyə dönən xəyallar sənin həyatının hər anını izləyəcək. Səni hətta nəfəs almağa qoymayacaqdır. Boğulacaqsan, heç nə bu boğuntunu, sıxıntını, havasızlığı sənin üçün əvəz edə bilməyəcək.

Ürəyini tutaraq bir tək bir cümləni söyləyəcəksən. “Axı bu gün mənə nə olub.”

Bəli, bu cümlə sənə çox baha başa gələcəkdir. Sadəcə sən hələ ki, hər bir zənginin mənasını kobud surətdə, xoş avazla olan “darıxmışam” kəlməsini “sevirəm” sözü ilə əvəz edərək başımı gicəlləndirməyə çalışmısan.

Ürəyinin zəngi “sıxılıram” kəlməsini “Hara baxıram səni görürəm” cümləsi ilə qəlbimdəki nisgili, incikliyi ələ alaraq o qəlbdə nələr baş verdiyini sanki hiss edərək “Biz heç vaxt ayrılmayacağıq” deyərək şirin söhbətlərinə davam edirsən.

Artıq biz səninlə neçə illərdir ki, uşaq oyunu “ortada qaldı” oyununu oynayırıq. Və beləliklə ortada sən qalırsan. Mən isə gedirəm. Bu oyunu oynamağı daha özümə borc bilmirəm.

Sənin ortada qalmağını istəməzdim, amma sevgi çələngindən hörülmüş qəm-qüssənin ortası boş qalmamalıdır. Mən hər zaman onun hörüyünün hərdən bir küncündən tutaraq sıxılıb qalmışam.

O hörüyün açılıb bizi birləşdirməyini gözləmişəm.

Hansısa bir dağın zirvəsindən başqa bir dağın zirvəsinə keçməyin üçün sənin yolunda möhkəm bir kəndirə dönmək istəmişəm. Bəli, sən mənim sənə olan sevgimin sayəsində bir zirvədən başqa bir zirvəyə qalxdın, amma o kəndir qırılmaq üzrədir. Saralıb qırılır, hörükləri açılır.

Səninsə bundan xəbərin yoxdur. Özünə inam hissi o kəndirin qırılmağı ilə bitəcəkdir. Sən hər dəfə kəndir qırılmaq istəyəndə ona düyün vuraraq qoymadın tamamilə qırılsın. Amma o kəndir o qədər düyünlərə məruz qalıb ki, artıq o düyünlərin ağırlığına tab gətirə bilmir. Sonuncu düyünü vuraraq sonrakı düyünü vuraram düşünmə.

Gəldik yolun sonuna. Sən o zirvələrə doğru elə acgözlüklə qaçırdın ki, hətta dağların səndən üz çevirdiyini, o kəndirin hörüklərinin düyünləri qarşısında aciz qaldığını hiss etmirdin.

“Mən dağam, amma sən balaca bir kəndsən. Sənin üzərində yeriyən dağ boyda bir insanın sənsiz heç nəyə qadir olmayacağını anlasaydı, mən dağ olmazdım” deyə dağ mənə səsləndi. Səni o biri üzdə gözləyən dağlar bir ah çəkmək istədilər. Yalvardım. Etmə. O ahın qarşısında sən sirkələnərsən o, yıxılar. Yıxma onu. Qaldır zirvənə.

“Yox” dedi.

“Mən o kəndir deyiləm ki, mənə düyün vura bilsin. Mən torpaqdan yaranmışam.Onun gözlərini qumla dolduraram ətəklərimdən sallanıb qalar. Yalvardım. Etmə, onsuz da onun gözlərini tor basıb, ayağının altındakı kəndirin saraldığını görmür.

“Yox, ay kəndir. Onun gözlərini hər dəfə zirvədən zirvəyə keçəndə toz dənəcikləri tutur. Çünki hər zirvədən zirvəyə o sənə bir düyün vurur. Bu dəfə o heç bir dənə də olsun düyün vura bilməyəcək. Çünki hardan düyün vursa sənə o düyün davam gətirməyəcək. Onu mən yox, o özü özünü yıxır. O mənim zirvəmdən başqa heç nə görmür. Mən də təpə olsaydım mənə tərəf baxmazdı.

Biz dağlar səni qırsaq da bizə sığına bilərsən. O yarı yolda yıxılıb iki dağın arasında qalacaqdır. Amma sən iki dağa yapışaraq bizim küncümüzə qısılacaqsan. Sən biz dağlara öz məharətinlə, cəsarətinlə dağ qoydun. Balaca bir kəndirsən, amma onu dağdan dağa keçirtdin. Sənə ona görə kömək etmək istəyirəm ki, məni sevgili yarım dağla azacıq da olsa birləşdirdin. Mən onun mənim əlimdən tutmaq istədiyini hiss etdim.

Biz dağlar sevdiyimiz qarşısında heç vaxt əyilmirik. Sən bizdən güclü çıxdın. Ona təpə oldun, yol yoldaşı oldun, kəndir oldun, ətək oldun, zirvə oldun, amma o bunu dəyərləndirmədi.Sən bir sevdiyim olsun, dayağım olsun deyərək onu Allahdan istədin. Bəli, sevdiyin oldu, amma sevənin o olmadı. Dayağın oldu, amma o olmadı. Sən onun duaçısı oldun, onun bütün dərdini Allahdan özün üçün istədin, amma onun sənin dərdindən heç xəbəri də olmadı. Daha doğrusu heç bilmək,maraqlanmaq da istəmədi.

Sən onun duaçısı oldun, onun bütün dərdlərini Allahdan özün üçün istədin, amma o, sənin heç dərdindən də xəbəri olmadı. Daha doğrusu, heç bilmək, maraqlanmaq da istəmədi. Sənə düyün ardıyca düyün vuraraq yoluna davam etdi. Onun sənin qarşında dağ boyda günahları var. Sən isə ona yenə də yar olursan.

Bu dağların üzərindən hünərlə addımlamağa ona hətta kömək edərək dəstək olursan.

Sən kəndirdənsən ya dəmirdənsən? Sən o düyünlərin açılmağını istəmirsən, amma taleyinin sənə vurduğu düyünləri də aça bilmirsən. İstəsən açarsan, sadəcə düşünürsən ki, taleyinin düyünlərini açsan kəndirinin düyünləri açılar və o yıxılar. Onun yıxılmağından qorxaraq özünü düyünlərə məhkum etmisən. Təki onun əlləri sənə dəysin deyə sən o düyünlərin çoxalmağına razısan. Bax, o düyünlər səni məhv etmək üzrədir. Sən istəsən də, istəməsən də onu buraxmağa məcbursan. Bizə sığın, o yıxılır.

“Səsləndim”.

Mən onu tutaram. Hörüklərimə ilişdirərəm. Dağ, hansı hörüklərdən danışırsan? Onlar qəmə, yasa batıblar. O hörüklərdir də ondan üz çevirib bir-bir qırılan, zəncirlər nazikləşib. Sən o zəncirlərə daha güvənmə. Onlar ipdəndi,dəmirdən yox.Lakin dəmir də əyilər, sonda qırılar. Amma dəmirə düyün vurmaq olmur.

Və beləliklə sən kəndir, o isə kəndirbaz. Gəldiniz oyunun sonuna. Kəndir qırılır, kəndirbaz isə yıxılır. Yox, ay dağlar, yıxılmasın.

Mən o ağlı qaralı  dünyamı qazanmaq üçün bir kəndir vasitəsilə ona sığınmaq istəyirəm. O, bir kəlməylə – sən nə qədər zəng vursan da mən sənin zənginə cavab verməyəcəyəm kəlməsi ilə qırdı o kəndiri. Hirslə, kinayə ilə deyilən o kəlmələr saraltdı o kəndiri. O kəndirin daxili aləmini oxumaq nə qədər də çətindir. Hər gün ürəyimdə ahu zar ellədiyim “Səni unuda bilmirəm” cümləsi sənin “Axı bu gün mənə nə olub” kəlməsinin yanında adi bir sözə çevriləcəkdir.

Günlərlə deyilən o sözlərin ağırlığı sənin bir gün deyəcəyin bir tək o cümlənin ağırlığından tərəzidə çox yüngül gələcəkdir. Axı bu gün mənə nə olub cümləsi sənin üzünə çox baha baxacaqdır.

Biz insanlar bir tək bunu bilsək nə qədər gözəl olardı.

“Bir ip ucu qədər ümüdlənmək nə qədər möhtəşəm və eyni zamanda dəhşət dərəcədə ağırdır”…

Cəmilə Vasifqızı