“O, gəldiyi yolu beləcə davam edəcək”

“O, gəldiyi yolu beləcə davam edəcək”
Leksikoqrafiya, mübahisəsiz olaraq, dilçiliyimiz üçün ən mühüm bölmələrdən biridir. Dil normalarının yaranması, dilöyrənmə və dilin tədqiqi məsələlərinin aktuallığı isə ondan ibarətdir ki, məhz bu tədqiqatlar nəticəsində dilin inkişaf dinamikasını, həmin dinamikanın meyillləri haqqında nəticə çıxarmaq olur.
Leksikoqraflar, əlbəttə, həmin nəticələrin məhsullarının orfoqrafiya lüğətlərimizdə ifadə olunmasını təmin etməklə dilin üzvi imkanlarının evolisiyasını şərtləndirirlər.  Lüğətşünaslığımızın tarixi inkişaf mərhələlərinin yaranma dövrü qədim dövrlərdən başlamasa da bu gün leksikoqraflarımızın təqdim etdikləri etimoloji, frazeoloji, orfoqrafik, orfoepik, onomastik (xüsisi adlar) lüğətlər, sinonim, antonim, omonimlər lüğətləri, dialektlər lüğəti, tezliklər lüğəti, tərsinə lüğət kimi leksikanın müxtəlif tərəflərini təsvir edən lüğətlər bu istiqamətdə mütəxəssislərimizin geniş fəaliyyət arealından xəbər verir.
    1940-cı ildən akademik  Heydər Hüseynovun təşəbbüsü ilə başladılan elmi axtarışlar sonradan dilçiliyimizin maraqlı olduğu  qədər də zəruri bölmələrindən birinin inkişaf yoluna çevrildi. Minnətdarlıq hissi ilə qeyd edək ki, böyük elm və fikir adamının açdığı iz sonralar yola çevrildi.
Nəhayət, leksikoqraflarımız  Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə, Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadənin,sözün müstəqim mənasında titanik əməyi nəticəsində 1966-1987-ci illərdə  “Azərbaycan dilinin izahlı lüğəti”-nin hazırlanıb çap olunması isə ilk sanballı elmi uğurlardan sayılmalı idi və belə də oldu. 40000-dən artıq sözü izahla bərabər yazılı qaynaqlar vasitəsi ilə şərh edən bu lüğətin yazılması və nəşri Azərbaycan dilçiliyinin və ümumiyyətlə, Azərbaycan elmi və mədəniyyətinin mühüm hadisəsi kimi qəbul olundu. Hadisənin önəmi bir də onunla ölçülə bilər ki, bu fakt leksikoqrafiyamızda yeni axtarışlara impuls verdi.
Bu günə qədər həmin sahədə gərgin əməyin nəticəsi olaraq ortaya qoyulan lüğətlərin əhatə dairəsinin genişliyi də qarşıya qoyulan vəzifələrin tam yerinə yetirildiyini deməyə əsas vermir. Bunun isə başlıca səbəbi daha çox zəhmət və gərgin əmək tələb edən sahəyə  gənc elmi işçilərin elə də həvəslə gəlməmələridir. Sözsüz ki, bu həvəssizlik 40-50 il əvvəl də vardı.
Buna baxmayaraq, indiki Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulsa da Ermənistandakı növbəti deportasiya dalğasının Gədəbəyə atdığı, 1967-ci ildə o zanahki M.F.Axundov adına  Pedaqoji Dillər İnstitunu bitirən, orduda xidmətdən sonra həyatını AMEA Nəsimi Dilçilik İnstitutu ilə bağlayan İsmayıl Məmmədli elmi axtarışlar üçün leksikoqrafiyanı seçdi. Bu sahəni seçmək bəlkə heç təsadüf də olmayıb. Aşıq Vəlinin nəvəsi, Aşıq Orucun oğlu olan gənc alim üçün leksika bölməsi daha cəlbedici olmalı deyildimi? Buna görə onun namizədlik mövzusu başadüşüləndir. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alan İsmayıl Məmmədli bu gün vaxtı ilə araşdırmalara başladığı sahə üzrə  çoxlarının həsəd apara biləcəyi nəticələr qazanıb: 1993-cü ildə  “Azərbaycan dilinin etnolinqvistikası” mövzusunda müdafiədən sonra filologiya elmləri doktoru alimlik dərəcəsi almış İsmayıl müəllim 200-dən artıq elmi əsərin, 13 kitabın müəllifidir. Ölkəmizdən kənardakı nüfuzlu elmi nəşrlərdə alimin 4 elmi məqaləsi dərc edilib. Onun fundamental əsərlərindən biri-  “Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları”  bu sahə üzrə ən mötəbər ədəbiyyat nümunələrindən biri, bəlkə də birincisi sayılır.
   2008-ci ildə AAK tərəfindən “professor attestatı” təqdim edilən İsmayıl Məmmədli nəinki ölkəmizdəki elmi məclislərdə, həmçinin beynəlxalq konfrans və simpoziumlarda, habelə ölkəmizdən kənarda- Orconikidze, Mahaçqala, Maykop, Ufa, Şimali Kipr Respublikasında keçirilmiş beynəlxalq və ümumittifaq konfrans və simpoziumlardakı  maraqlı məruzələrlə çıxış etmiş,həmin çıxışlar nüfuzlu nəşrlərdə çap edilmişdir.
    Elmi araşdırmalarla yanaşı, İ.Məmmədli 1994-cü ildən AMEA Nəsimi adına Dilçilik İinstitutda fəaliyyət göstərən Dissertasiya Şurasınən üzvü olmaqla  bərabər, 20 nəfər aspirant və dissertanta rəhbərlik etmişdir  ki, indi onlardan 18 nəfəri filologiya üzrə fəlsəfə doktoru, iki nəfər isə filologiya elmləri doktorudur.
Professor Məmmədli ictimai işlərə də vaxt tapır: o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının, Milli Məclis Mədəniyyət Komitəsinin üzvüdür. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyi, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi isə İsmayıl Məmmədli yaradıcılıq mühitində boy verir. Təxminən 100 nəfərin rəsmi opponenti, 30-dan çox iddiaçının, publisistin, gənc yazarların əsərlərinin rəyçisi olmaq üçün də vaxt tapan professor çoxlarımız üçün vaxtı rasional bölə bilməyin nümunəsi ola bilər.
    Əlbəttə, hər bir alim ömrünün bələdçisi onun yaratdıqlarıdır. Bu nöqteyi-nəzərdən İsmayıl Məmmədli yenə çoxlarına örnək ol bilər. Onun “Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti” (şərikli), “Ekran, efir və dilimiz”, “Azərbaycanca-rusca danışıq kitabı”, “Azərbaycan dilinin izahlı lüğəti” (3 cilddə, tərtibçilərdən biri), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (tərtibçilərdən biri), “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Qəzet dilinin leksikası”  və yüzlərlə elmi məqalələri gərgin axtarışların yekunu kimi təqdim edilə bilər.
Ümumilikdə isə onu tanıyanlar professoru belə xarakterizə edirlər:  “Elmi fəaliyyəti, qiymətli əsərləri əslində son dərəcə orijinal bir şəxsiyyət olan İsmayıl Məmmədlinin alim obrazının güclü bir komponentidir, dərin zəkasının, yaradıcılıq siqlətinin işıqlı təzahürüdür. Əqidəsi, etiqadı, dünyagörüşü və fəal, iti analitik intellekti ilə yanaşı insanlığına, mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduqca belə bir qənaətə gəlirsən ki, İsmayıl Məmmədliyə məxsus ləyaqət, ucalıq fitri xilqətdir. Onun timsalında alim və insan sözləri adi leksik vahiddən estetik meyara, insanlıq və mənəvi gözəllik, müdriklik etalonuna çevrilmişdir”.
   Hesab edirik ki, bu, bir ömrün mükəmməl ifadəsidir.
   Yeri gəlmişkən, İsmayıl Məmmədli elmi fəaliyyəti zamanı vətəndaş mövqeyini ikinci plana keçirməyən alimlərdəndir- desək, inanmırıq ki, bu fikirlərimizi mübahisə predmetinə çevirən olsun. Bu yaxınlarda ciddi qələm adamlarından biri hesab olunan ziyalılarımızdan birinin  ölkə gündəmini zəbt edən “Sanki “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb”- fikrinə də obyektiv və zamanında cavab verən mütəxəssislərdən biri İsmayıl Məmmədli oldu.
   Əlbəttə, əslində sərt sayıla biləcək  “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Dövlət Dil Komissiyasının, Elmi Şuranın, Şərq-Qərb nəşriyyatının xeyir-duası ilə nəşr edilib. Lüğətin bütün tərtibçiləri də Azərbaycan dilinin qrammatikasından xəbəri olan elmlər doktorları, professorlardır”- cavabı professorun ilk növbədə diskussiya mədəniyyətinin nümunəsi ola bilər. Həmin cavabında İ.Məmmədli xatırlatmaları da zəruri sayırdı:   “Orfoqrafiya lüğəti”nin tərtibçilərindən biri Azərbaycan dilçiliyində oz dəst-xətti olan rəhmətlik akademik Ağamusa Axundov olub. Mən özüm elmlər doktoru, professor, Dövlət Dil Komissiyasının üzvü, lüğətin redaktoru və 30 ildir ki, lüğət şöbəsinin müdiriyəm. Bundan başqa, rəhmətlik  Bəhruz Abdullayev də ixtisasca dilçi olub, fars-şərq dillərini yaxşı bilib. Rəhmətlik Nərgiz Rəhimzadə də lüğətin tərtibçilərindən olub. Hazırda 49 ildir bizim şöbədə çalışan, tərtibçilərdən olan Nigar Ağayeva universiteti fərqlənmə diplomu ilə bitirib. Nəriman Seyidəli elmlər doktoru, Nadir Məmmədli tərtibçidir. Bu şəxslərin qrammatikadan  necə xəbəri yoxdur ki, biri akademik, biri professor,  biri aparıcı elmi işçidir?”.
   Əlbəttə, alim ciddi elmi məsələlərdə özünü alim sayanların belə iştirak arzusuna pis baxmır, lakin əsl ağsaqqal soyuqqanlığı ilə onlara yol göstərir:  “Orfoqrafiya lüğəti” Dilçilik İnstitutunun əmlakıdır və Dilçilik İnstitutu onu özü hazırlayır, indiyə kimi də elə olub. 700-dən çox söz əlavə etmək istəyirlərsə, təklif kimi bizə göndərsinlər, biz də nəzərə alarıq”.
   Növbəti xatırlatma isə cəfakeş elm adamlarının titanik zəhmətinin mənzərəsini rəqəmlərlə belə ifadə edir: “Azərbaycan dilinin orfoqrafiya lüğəti” təkmilləşdirilir. Hazırda 80 min sözdən ibarət lüğətimizin yeni nəşrində 100 minədək söz olacaq”.
   Hə, maraqlı cavabdır- pafossuz-filansız.
   O, ömrü boyu belə yaşayıb və yaradıb və inanırıq ki, uzun müddət yenə də neçə onilliklərdir gəldiyi yolu beləcə davam edəcək.
   Belə də demək olar: professor İsmayıl Məmmədli hesab edir ki, ən yaxşı əyanilik- nümunədir.
Mahirə Nağıqızı,
ADPU Müasir Azərbaycan Dili kafedrasının müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent.