Çempionlar Liqası: Qrup mərhələsinin 4-cü turuna start veriləcək – Bu gün

Çempionlar Liqası: Qrup mərhələsinin 4-cü turuna start veriləcək – Bu gün

Noyabrın 1-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turuna start veriləcək.

Turun ilk günündə “A”, “B”, “C” və “D” qrupunda ümumilikdə 8 görüş oynanılacaq.

“A” qrupunda İsveçrənin “Bazel” komandası Fransanın PSJ klubunu qəbul edəcək. Eyni qrupda İngiltərənin “Arsenal” klubu isə Bolqarıstanda “Ludoqorets” ilə üz-üzə gələcək. Üç turdan sonra bu qrupda “Arsenal” və PSJ 7 xalla birinci və ikinci yerləri bölüşdürür. Komandalar görüşünü qələbə ilə başa vuracağı təqdirdə onaltıdabir final mərhələsinə vəsiqəni təmin edəcəklər.

“B” qrupunda çıxış edən İstanbulun “Beşiktaş” klubu İtaliyanın “Napoli” komandasını qəbul edəcək. Türkiyə təmsilçisi qələbə qazanacağı təqdirdə qrupda liderliyi ələ keçirəcək. Digər oyunda isə “Benfika” (Portuqaliya) “Dinamo”nu (Kiyev) qəbul edəcək.

Gecənin mərkəzi görüşü isə “C” qrupunda yer alan “Mançester Siti” və “Barselona” klubları arasında olacaq. Qrup lideri olan kataloniyalılar məğlub olacağı təqdirdə belə ilk sıradakı mövqelərini itirməyəcəklər. Mançester təmsilçisi növbəti mərhələyə yüksəlmə şansını saxlamaq üçün evdə qələbə qazanmalıdır. Bu, həm də Xosep Qvardiolanın “Mançester Siti”nin baş məşqçi postunda sabiq komandasına qarşı ikinci görüşü olacaq. İlk oyunda “Barsa” “Nou Kamp”da 4:0 hesablı qələbə qazanıb. Almaniyada oynanılan paralel matçda isə “Borussiya” (Mönxenqladbax) “Seltik”lə (Şotlandiya) qarşılaşacaq.

“D” qrupunda “Atletiko Madrid” Rusiyanın “Rostov” klubunu sınağa çəkəcək. İspaniya klubu qələbə qazanacağı təqdirdə növbəti mərhələyə adını yazdırmış olacaq. Almaniya çempionu “Bavariya” klubu isə Hollandiyada “PSV Eyndhoven”in qonağı olacaq. Münxenlilər də üç xal qazanacağı halda onaltıdabir final mərhələsinə yüksələcəklər.

Print Friendly, PDF & Email