Rauf Mirqədirov İsveçrədən siyasi sığınacaq istəyib

Rauf Mirqədirov İsveçrədən siyasi sığınacaq istəyib

Bu ilin martında 6 illik həbs cəzası 5 il şərti cəza ilə əvəz edilmiş Ayna-Zerkalo qəzetinin jurnalisti Rauf Mirqədirov İsveçrədə siyasi sığınacaq üçün müraciət edib.

Hazırda İsveçrədə olan jurnalist özü bu barədə BBC Azərbaycancaya danışıb.

Onun sözlərinə görə, həbsindən sonra həyat yoldaşı və iki övladına sığınacaq vermiş İsveçrənin Miqrasiya mərkəzinə sığınacaqla bağlı bazar ertəsi rəsmi müraciət ünvanlayıb.

O, bu addımının səbəbini yenidən həbs edilmə ehtimalı ilə bağlayır.

“Azərbaycan kimi nə olacağı proqnozlaşdırlması mümkün olmayan ölkədə bu ehtimal ola bilər”, o deyib.

“23 aylıq həbs macəram kifayətdir” deyən cənab Mirqədirov, jurnalist kimi fəaliyyətini davam etdirəcəyini də bildirir.

“Ayna-Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra “dövlətə xəyanət” ittihamı ilə həbs edilib.

Özünə qarşı olan ittihamları heç vaxt qəbul etməyən jurnalistə 2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il həbs cəzası verib.

Bu ilin martında isə Bakı Apellyasiya Məhkəməsi Rauf Mirqədirovla bağlı hökmü dəyişdirərək 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Beynəlxalq insan haqları təşkilatları jurnalistin həbsini “siyasi motivli” hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edib.