17 pyesin Şekspir tərəfindən yazılmadığı təsdiqləndi

17 pyesin Şekspir tərəfindən yazılmadığı təsdiqləndi

Oksford Universiteti Nəşriyyatı apardığı tədqiqat nəticəsində dramaturq Kristofer Marlounun Şekspirin üç pyesində imzası olduğunu təsdiq edib.

Tezliklə sözügedən nəşriyyatda çap olunacaq Şekspir toplusuna “VI Henri” pyesi Şekspir və Marlounun həmmüəllifliyi ilə salınacaq.

Toplunun redaktoru Qary Taylor Marlounun Şekspirin əsərlərinə dəstəyinin kifayət qədər diqqətə çarpan olduğunu qeyd edir: “Şekspir və Marlounun təkcə bir-birindən ilham almırdılar, həm də bir yerdə yazırdılar. Rəqiblər bəzən birlikdə işləyirlər”.

Redaktor Marlounun həmmüəllifliyinin tamamilə sübut edildiyini vurğulayıb: “XVIII əsrdən bəri “VI Henri”nin bəzi hissələrində Marlounun “barmağı” olduğu deyilsə də sübutumuz yox idi. Müəyyən sözlərin və ifadələrin müxtəlif yazıçılar tərəfindən hansı sıxlıqda istifadə edildiyini araşdırdıqda Marlounun “VI Henri”dəki barmaq izləri çox aydın görünür”.

Dünyanın bir çox ölkələrindən gəlmiş 23 mütəxəssisin iştirakı ilə aparılan tədqiqata görə Şekspirin 44 əsərindən 17-də həmmüəlliflik var. Bu tədqiqatlar hələ də davam edir.

Oksford Universiteti Nəşriyyatının tədqiqatı iki metodla aparılıb. Əvvəlcə mətnşünaslar Şekspirin və Marlounun əsərlərinin lüğət tərkibini, sintaksis quruluşunu və üslubunu analiz ediblər. Oxşar sözlərin təhlili üçün xüsusi bilgisayar proqramlarından da istifadə olunub.

Redaktor başqa versiya da irəli sürüb: “Biz onların hansı formada əməkdaşlıq etdiyini də tam bilmirik. Ola bilər ki, Şekspir Marlounun redaktoru imiş. ”

Şekspirin müasiri olan Kristofer Marlounun (1564-1593) “Doktor Faust” əsəri çox populyardır. Dramaturq başqa bir neçə pyesə də imza atıb.

Şekspirşünas professor Karol Rutter isə məsələ ilə bağlı fərqli düşünür: “İnsanlar istədikləri kimi düşünməkdə azaddırlar. Oksford Universiteti Nəşriyyatının adı belə bir çoxlarına inandırıcı gəlməyə bilər. Şekspirin bir çox insanla birlikdə çalışdığını bilirəm, ancaq Marlounun onlardan biri olması məni təəccübləndirir. Şekspirin pyesləri yazılan ərəfədə Marlou məşhur dramaturq idi. Məni bu cür düşünməyə vadar edən məhz bu səbəbdir. Şekspir nəyə görə onunla bir yerdə işləməyi qəbul etsin ki?”. (BBC)

Print Friendly, PDF & Email