Azərbaycan televiziya və radiosunun yubileyi münasibətilə təntənəli mərasim keçirilib

Azərbaycan televiziya və radiosunun yubileyi münasibətilə təntənəli mərasim keçirilib

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər. Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təntənəli mərasimdə çıxış edib.

Azərbaycan radiosunun 90 illik və televiziyasının 60 illik yubileyi münasibətilə teleradio işçilərini təbrik edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, cəmiyyətin informasiya və mədəni tələbatının təmin edilməsi, geniş xalq kütlələrinin maarifləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin, estetik baxışların, humanist duyğuların və incə zövqün formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolu əvəzsizdir. Televiziya və radio həm də böyük səfərbəredici və təbliğat imkanı olan qüdrətli idarəetmə vasitəsidir. Hazırda dünyanın bütün ölkələri teleradio yayımı ilə əhatə olunub. Televiziya hələ də dünyada ən populyar informasiya, əlaqə və mübadilə mənbəyi hesab edilir. Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolu haqqında danışan Prezidentin köməkçisi deyib ki, bu informasiya vasitələri mətbuatın fərqli forması kimi bir əsrə yaxındır həyatımıza daxil olub. Mətbuat, o cümlədən teleradio milli inkişafdan ayrı, əlahiddə fəaliyyət göstərə bilməz. Bu iki dəyər bir-birini tamamlayaraq, formalaşdıraraq zənginləşir və öz mövcudluğunu qoruyur.

Azərbaycanda teleradionun yaranması və inkişafı tarixinə qısa ekskurs edən Əli Həsənov deyib: “Keçmiş SSRİ-də ilk radio verilişi 1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra — 1926-cı il noyabrın 6-da yaradılıb. Mexaniki televiziya Sovet İttifaqında 1931-ci il oktyabrın 1-də yayıma başlasa da, Azərbaycan televiziyası bundan 25 il sonra — 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxıb. Müqayisə üçün bildirim ki, qardaş Türkiyədə radio 1927-ci il mayın 6-da, televiziya isə 1968-ci il yanvarın 31-də fəaliyyətə başlayıb. İranda radio 1926-cı ildə, televiziya isə 1959-cu ildə qurulub. Göründüyü kimi, Azərbaycan bu sahədə də müsəlman Şərqində birinci mövqedə dayanır. Azərbaycanda teleradionun inkişaf tarixini şərti olaraq iki dövrə ayırmaq olar: sovet və müstəqillik dövrləri. Hər bir dövrün fərqli xüsusiyyətləri olsa da, teleradionun bir sıra universal cəhətləri bütün zamanlarda öz aktuallığını qoruyub saxlayıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, hər bir xalqın teleradiosu onun görən gözü, danışan dili, eşidən qulağı olmaqla bərabər, həm də ictimai həyatının güzgüsü, bir növ vizit kartıdır. Teleradio proqramlarının məzmunu və keyfiyyəti hər bir xalqın milli-mənəvi dünyası, mədəni və sosial-iqtisadi inkişaf səviyyəsi barədə təsəvvür yaradır. Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, milli korifeyləri yetişdirir, formalaşdırır, təbliğ edir və bununla da xalqımızı, dövlətimizi dünyada tanıdır. Teleradio həm də başqa xalq və toplumları, fərqli mədəniyyətləri öz auditoriyasına tanıtmaq imkanına malikdir. Televiziya bizim xalqımızı, mədəniyyətimizi, ən gözəl nümunələrimizi dünyaya təqdim etməklə yanaşı, dünyadakı ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini də yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün, mənəvi həyatının zənginləşməsi prosesində iştirak edir”.

Azərbaycanda teleradionun inkişafının sovet dövrünün, xüsusilə də ötən əsrin 70-80-ci illərinin çox əhəmiyyətli olduğunu vurğulayan Əli Həsənov deyib ki, məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub. Sovet dövründə Heydər Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik üsulu xalqın milli-mənəvi dirçəlişində xüsusi rol oynayıb. Məsələn, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm qeyd edilməsi imkan yaradırdı ki, cəmiyyətimizin tanınmış simaları xalqımızın taleyüklü problemlərini, keçmişi və gələcəyi ilə bağlı olan mühüm konseptual fikirlərini üzə çıxarsınlar, sistemləşdirsinlər. Bu da, öz növbəsində, insanlarda milli düşüncənin güclənməsinə, böyüməkdə olan nəslin həm milli-mənəvi dəyərlərimizə, həm də mütərəqqi ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşünün formalaşmasına müsbət təsir göstərirdi.

Milli ruhun yüksəlişinə təkan verən əsas şərtlərdən birinin də ana dili olduğunu diqqətə çatdıran Əli Həsənov bildirib: “Teleradio ana dilinin yaşamasının, zənginləşməsinin və saflığının qorunmasında birbaşa iştirak edir. Bu baxımdan Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan dilinə dövlət dili statusu verilməsi, bu mühüm müddəanın 1978-ci il Konstitusiyamızda təsbit olunması, eyni zamanda, teleradio məkanında Azərbaycan dilinin funksionallığının artırılmasına yönələn proqram siyasəti milli ideologiyanın formalaşması, gələcəyin müstəqil, yeni Azərbaycanının yaradılmasında mühüm amillərdən hesab edilməlidir. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə baş vermiş dəyişikliklər, ictimai və iqtisadi sahədə aparılmış köklü islahatlar və xalqın maddi rifahının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi Azərbaycanın müstəqilliyinə aparan tarixi yolun ən parlaq səhifələridir. Şübhəsiz, televiziya və radio bu səhifələrin yazılmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Həmin illərdə teleradionun mədəniyyət, ədəbiyyat, ana dili, tarix, sosial-iqtisadi inkişaf və digər sahələrlə bağlı hazırlayıb təqdim etdiyi proqramlar bütöv bir nəslin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayıb. Teleradio həm də xalqımızın keçdiyi inkişaf yolunun video-audio salnaməsini yaradır, qoruyur və gələcək nəsillərə çatdırır”.

Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan teleradiosunun müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışarkən qeyd edib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməmişdi. Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Buna görə də 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin taleyində müstəsna əhəmiyyət kəsb edən islahatlar sırasında kütləvi informasiya vasitələrinin, o cümlədən teleradionun fəaliyyətinin yenidən təşkilinə mühüm əhəmiyyət verib. Plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr Ümummilli Liderin siyasi iradəsi və böyük səyləri nəticəsində aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycanda söz və məlumat azadlığının təməl prinsip kimi təsbit olunması, 1998-ci ildə senzuranın ləğv edilməsi, 1999-cu ildə isə ən müasir tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda müasir, güclü, plüralist medianın formalaşdırılması istiqamətində mühüm addımlar olub.

Prezident Administrasiyasının rəsmisi deyib: “Bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti və ənənələri bütün sahələrdə olduğu kimi, media sahəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib, tənzimləmə mexanizmləri təkmilləşdirilib, Azərbaycan teleradioları daha da inkişaf edib, bu sahədə müasir texnologiyaların tətbiqi geniş vüsət alıb. 2004-cü ildə “İctimai Televiziya və radio yayımı haqqında” Qanun qəbul edilib. 2005-ci ildə ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və fəaliyyətə başlayıb. İctimai Televiziyanın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülüb. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, onun tərkibində “İdman Azərbaycan” və “Mədəniyyət” kimi yeni tematik kanallar açılıb. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Bununla da Azərbaycan teleradio yayımçılarının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.

Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı və milli maraqların təəssübkeşi olan KİV-lərin formalaşmasının və inkişafının dövlətin media siyasətinin fəlsəfəsini təşkil etdiyini diqqətə çatdıran Əli Həsənov deyib: “Xüsusi qeyd etməliyəm ki, Prezident İlham Əliyev son illərdə mediaya dövlət qayğısını sistemləşdirib və şəffaflaşdırıb. Bunun bariz nümunəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsini və 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. İndiyədək KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 30 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycan Prezidentinin 2011-ci və 2013-cü illərdə respublikada milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında imzaladığı sərəncamlarla üst-üstə 11 milyon manat vəsaitin ayrılması həm də televiziyaların inkişafına əlavə imkanlar yaradıb”.

Mətbuat işçilərinə də dövlət qayğısından danışan Əli Həsənov deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib, mənzillər 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanılıb. 2013-cü ildə Prezidentin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq jurnalistlər üçün 256 mənzilli yeni bina inşa olunur. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli radionun 90 və televiziyanın 60 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər.

Teleradio işçilərini əlamətdar yubiley münasibətilə bir daha təbrik edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: “Müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir. İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85 faizinin informasiya ehtiyacını ödəyə bilir. Odur ki, vətəndaşlarımız hələ uzun illər teleradio məhsullarını həvəslə istehlak edəcək, onun bəxş etdiyi sevincli anlardan zövq alacaqdır”.

Daha sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında “Koroğlu” operasından uvertüra səsləndirilib. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib.

Azərbaycan tarixinin öyrənilməsi, adət-ənənələrimizin qorunub saxlanılmasında milli televiziyanın və radionun oynadığı müstəsna rolu qeyd edib. O, ulu öndər Heydər Əliyevin bu sahənin inkişafı istiqamətində gördüyü əvəzsiz xidmətlərdən, Prezident İlham Əliyevin televiziya və radio sahəsinə göstərdiyi qayğıdan, bu sahədə aparılan modernləşmədən söhbət açıb.

Sonra Azərbaycan radiosunun fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının nümayəndələrinin təbrikləri çatdırılıb.

Yubiley tədbirində Azərbaycanın korifey sənətkarlarının ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş etdirilib, ölkəmizin tanınmış musiqiçilərinın ifaları dinlənilib.

Print Friendly, PDF & Email