Faiq Hüsiyev: Qəti fikrimdir, bu gün jurnalistika …

Faiq Hüsiyev: Qəti fikrimdir, bu gün jurnalistika …

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının isə 60 illik yubileyi qeyd olunur. Bu münasibətlə həmkarlarımızı təbrik edir, ömürlərini teleradio sahəsinə həsr etmiş peşəkarlarla müsahibələr təqdim edirik.

Bu dəfəki həmsöhbətimiz Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Əməkdar Jurnalist, Filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyevdir.

–Faiq müəllim, Azərbaycan Radiosunun 90, Televiziyasının isə 60 illik yubileyidir. Sizcə qocaman Teleradiomuz zamanla ayaqlaşa bilirmi?

–Ömrünün 23 ilini Azərbaycan Televizyası ilə bağlayan bir insan kimi deyə bilərəm ki, reqional miqyasda heç kəsdən geri qalmırıq, ölkə daxilində isə ən azından bir addım öndəyik. Mən həmişə AzTV-ni yüksək əyarlı peşəkar telekanal adlandırmışam! Bildiyiniz kimi Milli Teleradionun müasir tarixi öz ənənələrinə sıx bağlıdır. Mənəvi dəyərlərə sədaqət, milli özünüdərk və Azərbaycançılıq ruhu Ana televiziyamızın hər bir verilişində hiss edilir. Bu gün Azərbaycan Televiziyasının fəaliyyətinə qiymət verəndə də bu yanaşma mütləq dominanat olmalıdır. Müasir trendlərə meyl, zamanla ayaqlaşma önəmli əhəmiyyət kəsb etsə də millilik hər bir yanaşmanın fövqündə durmalıdır. Hər gün dəyişən dünyamız, informasiyanın ildırım sürətilə məkanda yayılması teleradionun işinə mütəmadi şəkildə təsir etsə də müəyyən məqamlarda statik olmaq, ümummilli maraqlar və dövlətçilik ideologiyasının qorunması baxımından bəzən subyektiv yanaşma nümayiş etdirmək çox önəmlidir. Mən bütün verilişlərdə “mühafizəkar” yanaşmanın tərəfdarı deyiləm. Çünki hər bir müasir telekanal dinamika-“drayv” tələbi ilə yaşayır. Odur ki, orta xətti tapmaq mütləqdir. Ulu öndər Heydər Əliyev Azərbaycan Televiziyasını xalqımızın milli sərvəti adlandırmışdı. Bu qiymət hər bir əməkdaşımız üçün böyük məsuliyyətdir. Efirimizi daimi izləyənlər müasir tələblərə cavab verən xeyli yeni verilişin ərsəyə gəldiyinin şahididirlər. Dekorasiyalardan tutmuş qrafik başlıqlara qədər hamısı müasir səviyyədədir. Maddi-texniki baza mükəmməl şəkildədir. Eyni sözləri Azərbaycan Radiosunun ünvanına da səsləndirmək olar. Burda öz peşəsinin vurğunu olan, öz işlərinə həssas yanaşan əməkdaşların çalışdığı şübhəsizdir….

Image result for faiq hüsiyev

 -Bəlkə , başqa cür düşünənlər də var…

–Kim necə istəyir elə də düşünsün. Bayramımız ərəfəsində müasir dövrün jurnalistikası və ümumiyyətlə peşə fəaliyyətinin dumanlı gələcəyi barədə yazılara imza atan müəlliflərlə mübahisə etmək fikrim yoxdur. Çünki hər kəs öz görmə bucağından hadisələrə qiymət verməklə məşğuldur. Odur ki, kimlərisə susdurmağa çalışmıram! Qoy öz düşündüklərini desinlər. Əslində susmaq razılıq və ya biganəlik əlaməti deyil. Məncə susmaq heç müdriklik əlaməti də deyil. Hərdən elə düşünürəm ki, susmaq mövcud əlacsızlığa verilən ən düzgün reaksiyadır.

-Hansı mənada deyirsiniz?

–Məncə indi jurnalist peşəsi ümumilikdə erroziyaya uğramaqdadır. Bu bir növ öz missiyasını başa vurmuş missionerin aralıqda gəzməsinə bənzəyir. Qəti fikrimdir –bu gün jurnalistika etimad böhranı yaşayır. Əşyaların-maddi nemətlərin sözə qalib gəldiyi bir zamanda ən böyük problem elə sözün təsir qüvvəsinin itməsidir. Əgər auditoriya jurnalistin yazdıqlarına inanmırsa, müxbirin verdiyin məlumatlar sırf korporativ marağa xidmət edirsə bu artıq ənənəvi jurnalistikanın sonudur. O ki, qaldı mətbuat xidmətlərinin məlumatlarını yaymağa bunun klassik jurnalistikaya nə aidiyyatı var?

Image result for faiq hüsiyev

-Bir qayda olaraq həmişə jurnalistikaya təbliğatın əsas mexanizmi kimi baxılıb, məgər belə deyil?

–Əgər ümumilikdə mətbuatdakı bu tendensiyaya baxsaq, jurnalistlər təbliğatçıya və təşviqatçıya çevrilirsə, bu sadəcə mövcud reallıqlardan irəli gələn biznes marağından və ya korporativ maraqdan başqa bir şey deyil. İctimai fikrə təsir edən, auditoriyanı riqqətə gətirən hər hansı bir jurnalist araşdırması və ya publisist yazısına və yaxud televiziya verilişinə çox az hallarda rast gəlmək olur. Cəmiyyətin ənənəvi güvənc yeri olan mətbuat bufer rolunu itirirsə, fikir müxtəlifliyi yeknəsək-monoton çalar alırsa, demokratik cəmiyyətin əsas sütunu sayılan söz azadlığı madiyyat buxovlarında sıxılırsa bunun günahını ancaq iqtisadi böhranda və korporativ maraqlarda axtarmaq lazımdır. Əgər müstəqil Azərbaycanın jurnalistikasını on illiklərə ayırsaq, 1991-2001, 2001-2011 və indiki dövrümüz -burada hər zamanın öz reallıqlarından irəli gələn aktul yanaşmanın şahidi olarıq…..

-Sizcə bu günkü jurnalistikanın problemi nədədir?

–Əslində bu çox dərin cavab tələb edən bir sualdır. Birinci problem jurnalistlərin sırf xidməti personala çevrilməsidir. İkincisi peşəyə hörmət indeksinin aşağı düşməsi, bəzi hallarda peşə məsuliyyəti anlayışının itməsidir. Kimliyindən asılı olmayaraq, heç bir halda jurnalist sensasiya xatirinə dövləti maraqları zərbə altında qoymamalıdır. Ən böyük problem isə məncə qələm əhli arasında peşə həmrəyliyinin olmamasıdır. Dəyərlərin təhrif olunması, elementar etik normaların yoxluğu da bir problem kimi ortalıqdadır. Jurnalist adı altında jurnalist rolunun ifa edən şoumenlərin, müğənnilərin, biblioqrafların, nə bilim daha kimlərin Bizim jurnalistikaya nə aidiyyatı var? Sifarişlə hərəkət edən bu ordunun məqsədyönlü şəkildə bir məcraya yönəlməsi ölkəmiqyaslı auditoriyanı əsaslı şəkildə bayağı zövqə və primitiv düşüncəyə kökləyir. Güclü, ağıllı və istedadlı jurnalistlərin potensial təhlükə mənbəyi hesab edilməsi onların sıradan çıxarılmasına, susdurulmasına səbəb olur. Təəssüflər olsun ki, auditoriya tərəfindən jurnalistlər eyni arşınla ölçülür. Milli mətbuatımız yarandığı gündən xalqımızın milli təfəkkürünü formalaşdıran ziyalılarımızla zəngin olub. Onların adları Azərbaycan tarixinin ən şərəfli səhifələrini bəzəyir. Jurnalistika ilə zaman-zaman məşğul olanlar bizim gələcəyimizin inkişaf konturlarını cızıblar, bizim üçün ilk demokratik dövlət qurublar, ədəbi dil normalarını yaradıblar. İndiki mətbuatımız isə “iynə vurmaqla”, “şpaqat açmaqla”, “pres yığmaqla”, “manıs razborkalarıyla” …daha hansısa ekzotik hərəkətlərlə yadda qalan, Azərbaycan dilinin ədəbi normalarına təcavüz edənlərlə zəngindir. Əksər tok şoular isə məhəllə “besedka”larındakı dedi-qodu, qiybət xarakteri daşıyır. Ancaq və ancaq reytinqlərə hesablanmış belə verilişlər məncə təhlükə mənbəyidir. Ola bilər ki, belə verilişləri bəyənənlər də var. Amma mən belə hesab edirəm ki, bütün bunların fonunda AzTV ən azından mübarək bir missiyanın öhdəsindən layiqincə gəlir – Bizim milli ruhumuzu, milli dəyərlərimizi qoruyur!

Image result for faiq hüsiyev

–Elə tamaşaçılar var ki, sadəcə ekran qarşısında daha əyləncəli verilişlərə baxmaq istəyir.Odur ki, belə auditoriyanın tələblərini ödəmək üçün təklif də olmalıdır…

-Əslində, zövqlər müxtəlifdir, bu həmişə belə olub. Amma hər bir televiziyaçı bilməlidir ki, ona baxanların arasında ilk növbədə öz yaxınları- ailə üzvləri də var. Bir sözlə, inkişafa meyilli olmaq lazımdır….

–Televiziya yaradıcılığında inkişaf yolunu nədə görürsünüz?

–Hazırkı dövrdə yeni layihələri reallaşdıra bilən cəsarətli, məsuliyyətli və savadlı jurnalistlərə ehtiyac var. Televiziyada jurnalist tədqiqatlarının nəticələrini efirdə uğurlu, orijinal layihəyə çevirən, müasir dövrün sürət və keyfiyyət tələblərinə cavab verən prodüsserlərə, rejissorlara ehtiyac var. Bu gün dünyada azərbaycanlı şairləri, bəstəkarları, müğənniləri daha çox tanıyırlar, nəinki bizim jurnalistləri. İndi Azərbaycan tamaşaçısının dünya telekanallarına sərbəst şəkildə baxdığı bir zamandır. Dövlətimizin dinamik inkişafa qədəm qoyduğu bir dövrdür. Azərbaycanın dünya miqyasında imicinin artığı bir tarixi mərhələdə jurnalistlərimiz yeni çağırışlara hazır olmalıdırlar. Dünya müqayisə olunaraq dərk edilir. İndi gəlin baxaq bu müqayisələr bizim xeyrimizədir ya yox…..

-Sizcə səbəb nədir?

–Əvvəla istedadlı jurnalistə, prodüsserə ilk növbədə şərait yaratmaq və qiymət vermək mütləqdir. Qısqanc və paxıl həmkarlardan da onları qorumaq lazımdır ki, iş prosesinə mane olmasınlar. İnanın ki, bu çox önəmli məqamdır. Həmfikir insanların bir komandada çalışmalarını təmin etmək lazımdır. Jurnalistika yaradıcılıq elementləri olan peşədir. Odur ki, bu sahəyə ən azından yaradıcı potensialı və müsbət insani keyfiyyətləri olan, savadlı, müasir düşüncəli, çevik adamlar rəhbərlik etməlidirlər. Məhz bu cür insanlar mülayim yaradıcılıq mühiti formalaşdırıb keyfiyyətli televiziya məhsulunu ərsəyə gətirə bilərlər. Çünki hər bir telekanalın efiri ilk növbədə onun rəhbərinin simasıdır. Amma heyif ki, elə özümüz deyib-özümüz eşidirik. Baxın, bu gün dünyanın əksər aparıcı dövlətlərində KİV iqtisadiyyata təkan verən, qazanc gətirən bir sahədir. Dünyada televiziya məhsulu bazarı mövcuddur. Biz kimlərinsə hazır formatlarını milli auditoriyaya uyğunlaşdırmaqdansa öz məhsulumuzu ərsəyə gətirə bilərik. “Milli brend” anlayışı televiziya sahəsində də uğur qazana bilər. Bu sahədə bir beyin mərkəzi yaratmaq da olar. İnformasiya mübadiləsini yeni mərhələyə qaldırmaqla dövlətimizin inkişafına, xalqımızın uğurlu sabahına jurnalistlər daha böyük töhfə verə bilərlər. Media sənayesinin kapitanları bu tendensiyanın da üzərində əsaslı şəkildə düşünməlidirlər. İstehsal edilən televiziya məhsulu rəqabətə davamlı, maraq doğuran, ictimai dəyər kəsb edən, eyni zamanda kommersiya baxımından uğurlu layihə kimi də ərsəyə gəlməlidir. Dünya telekanallarının təcrübəsində buna kifayət qədər nümunə göstərmək olar! Ölkəmizdə analoq yayımının dayandırılması, kanalların rəqəmsal yayıma keçməsi texnoloji inkişaf mərhələsi olmaqla bərabər verilişlərin ideya -məzmun dolğunluğuna da təsir etməlidir. Çünki televiziya sahəsində inkişaf hərtərəfli və sistemli şəkildə getməlidir!

Image result for faiq hüsiyev

-Müsahibəyə görə təşəkkür edirik!

-Mən də sizə minnətdaram! Çox sağ olun ki, unutmursunuz! (A24.az)

Print Friendly, PDF & Email