Tofiq Məhəmmədov: Neftçi peşəsi çox çətin və şərəflidir

Tofiq Məhəmmədov: Neftçi peşəsi çox çətin və şərəflidir

Xəbər verdiyimiz kimi, 20 sentyabr – Neftçilərin peşə bayramı ərəfəsində ölkə Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi’’ medalına layiq görülənlərdən biri də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndində dünyaya göz açan “SOCAR-AQŞ”-nin baş direktorunun müşaviri Tofiq Məhəmmədov olub.

O, bu əlamətdar hadisə ilə bağlı təəssüratı belə bölüşüb:

“Xəbəri eşidəndə qürur hissi keçirdim. Bu təltifi 44 illik zəhmətimin rəsmi səviyyədə qiymətləndirilməsi kimi qəbul edirəm. Cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməyim həyatımın ən əhəmiyyətli hadisələrindəndir. Neftçi peşəsi çox çətin və şərəflidir. Ona görə də aldığım mükafatın sevincini yaşamaqla bərabər, mənə göstərilən etimadın məsuliyyətini də hiss edirəm. Bu nailiyyət tək özümün yox, həmçinin uzun müddətdir çalışdığım “SOCAR-AQŞ” kollektivinin də uğurudur.”

Tofiq Məhəmmədov 1972-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib. Məzun olduğu ildən 1979-cu ilə kimi Özbəkistan SSR-də Neft-qaz kəşfiyyatı birliyində çalışıb. O, əvvəlcə operator, geoloq, böyük geoloq, daha sonra isə sahə rəisi kimi müxtəlif vəzifələrdə çalışıb. Gənc kadr olaraq sovet respublikalarının neft-qaz sənayesində işləmək imkanı ona zəngin təcrübə qazandırıb.

“Mən Özbəkistan SSR-də quyuların mənimsənilməsi və sementlənməsi ekspedisiyasında işləməklə geoloji kəşfiyyatdan tutmuş quyu tikintisinin bütün mərhələlərinə dair təcrübi biliklərimi təkmilləşdirdim. İxtisasım geoloqdur deyə işimi yalnız bu çərçivədə məhdudlaşdırmadım. sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi, texniki xidmət və avadanlıqlara qulluq, yeni texnologiyalar və onların tətbiqinə dair özüllərdə həyata keçirilən bütün işlərlə dərindən maraqlandım və bilik sahələrimi getdikcə təkmilləşdirdim” deyən T.Məhəmmədov 1979-cu ildə Azərbaycana qayıdaraq 1988-ci ilədək Qaz Sənayesi Nazirliyinin Neft-qaz fontanlarının qarşısının alınması və ləvğ edilməsi üzrə Xəzər Xilasetmə Hərbiləşdirilmiş Hissəsində bölmə rəisi vəzifəsində çalışıb.

1988-ci ildən isə digər peşəkar neftçilərimizlə birgə Vyetnam Sosialist Respublikasına ezam olunaraq orada işləməyə başlayıb. “Bildiyiniz kimi, Azərbaycan neftçiləri Vyetnamın neft-qaz sənayesinin inkişafına böyük töhfələr veriblər. 1988-1992-ci illər ərzində mən “Vyetsovpetrol” MMC-də şöbə rəisi vəzifəsində işləmişəm.”

T.Məhəmmədov 1992-1995-ci illərdə SOCAR-ın Liman nəzarəti və hidrotexniki qurğuların təhlükəsiz istismarı idarəsində Baş mühəndis vəzifəsində çalışıb. 1995-2008-ci illərdə yenidən Vyetnam Sosialist Respublikasına ezam olunaraq orada “Vyetsovpetrol” MMC və “Petrovyetnam” şirkətində baş mühəndisin müavini və təhlükəsizlik idarəsinin rəisi vəzifələrində işləyib.

O, Vyetnam Sosialist Respublikasının dövləti tərəfindən 1991-ci ildə “Dostluq” medal və ordeni ilə, 2001-ci ildə Dövlət mükafatı və 2010-cu ildə isə ‘’Əmək’’ ordeni ilə təltif olunub.

2009-cu ildən bu günə kimi isə “SOCAR-AQŞ”-də baş direktorun müşaviri işləyir.

“Bu kollektiv mənə çox əzizdir. Bu gün “SOCAR-AQŞ” qazmaçıları Xəzər dənizində quyu tikintisini vaxtından əvvəl, təhlükəsiz, iqtisadi səmərəli və ətraf mühitə ziyan vurmadan yekunlaşdırır. Müəssisə peşəkar və istedadlı gənc kadrları cəlb edərək yeni texnika və texnologiyaları uğurla tətbiq edir” deyən baş direktorun müşaviri vurğulayır ki, əldə etdiyi təcrübəni gənc kadrlarla bölüşərək onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün səylə çalışır. Çünki gənclərlə işləmək ona xüsusi zövq verir. (http://ikisahil.az/?lang=aze&page=3&newsId=57822)