Şimali İrlandiya yığmasının müdafiəçisi: “Azərbaycanı əliboş yola salmalıyıq”

Şimali İrlandiya yığmasının müdafiəçisi: “Azərbaycanı əliboş yola salmalıyıq”

“Ağır zədədən sonra artıq özümə gəldiyimi deyə bilərəm. Hər oyunda olduğu kimi, Azərbaycana qarşı da 90 dəqiqə mübarizə aparmağa hazıram”.

Bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Kris Brant deyib.

Image result for Kris Brant irlandia

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisini qəbul edəcək britaniyalılarda 31 yaşlı futbolçunun start heyətində yer alması gözlənilir. Ağır zədə ucbatından yayda Fransada keçirilən Avropa çempionatını buraxan Brant milli forma altında yenidən meydana çıxmaq əzmindədir.

Yerli mətbuata danışan “Vest Bromviç” klubunun üzvü hədəflərinin “Vindzor Park”da 3 xal qazanmaq olduğunu bildirib: “Milli karyeramı bitirmək barədə düşünə bilərəm. Amma bu barədə qərarı dünya çempionatından sonraya saxlamışam. Hazırda yığma formasını geyinməkdə davam etdiyim üçün müasir futbolun tələblərinə cavab verməliyəm. İndi bütün diqqətimi Azərbaycanla matça yönəltmişəm. Ümid edirəm ki, öz azarkeşlərimiz önündə qələbə qazanaraq, hazırkı hədəfimiz olan ikinci pilləni ələ keçirəcəyik. Oyun Belfastda keçirildiyindən, qələbə bizim üçün daha önəmlidir. Uzun müddətdir ki, bu stadionda məğlub olmuruq. Bu seriyanı davam etdirməliyik. Qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün Azərbaycanı əliboş yola salmalıyıq”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (apasport.az)