Televiziyanın udduğu adam

Televiziyanın udduğu adam
Onun 60 yaşının tamam olduğunu eşidəndə içimdən Rövşən Vəliyev barədə yazmaq keçir və yaxından tanısam da tərcümeyi-halı ilə bağlı səthi məlumatım olan jurnalist haqqında təsəvvürümün genişlənməsi üçün internet resurslarından bəhrələnmək istəyirəm.
Cəhdlərim nəticə vermir.
Google-nin zəngin informasiya bazası ilk olaraq qarşımıza Rövşən Lənkəranskini çıxarır və sonda digər rövşənlər gəlir. O rövşənlərin cərgəsində – haradasa bir güncdə axtardığımız şəxs barədə səthi bir məlumat yerləşdirilib:
1956-cı il noyabr ayının 12-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub, o vaxtkı Lenin adına APİ-ni bitirib, Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.
Vəssalam.
Hansısa dövlət mükafatı bir tərəfə, heç olmasa rəhmətlik Oqtay müəllimin genişləndirdiyi, Davud müəllimin davam etdirdiyi “Qızıl qələm”lər siyahısında da (halbuki həmin siyahıda işğal altındakı  torpaqlarımızdan üzü bəri, az qala bütün peşə sahibləri yer alıb) adı yoxdur.
Beləcə də ürəyimdən bu hisslər keçir: televiziyanın udduğu adam.
Yox, söhbət ondan getmir ki, Rövşən Vəliyev televiziyanın mahiyyətini klassik anlamda qəbul edən və ona sadiq olan yaradıcı insanlardan biridir və həmin yaradıcı adamlar günü bu gün də hesab edirlər ki, televiziyaya kommersiya maraqları baxımından yanaşmaq cəmiyyət üçün yaxşı nəsə vəd etmir.
O adamlar hesab edirlər ki, istənilən janr və formatdakı televiziya verilişləri, ya filmləri tamaşaçıya daha çox maarifçi missiyasında yanaşmalıdır – birmənalı olaraq. Həmin birmənalılığın nə cür gözlənildiyi barədə danışmaq istəməsək də 7-dən 77-ə qədər Azərbaycan teleməkanının tamaşaçıları ilə epizodik söhbət aparmaq bəs edər ki, əslində vəziyyətin nə yerdə olduğunu biləsən.
Onların yadında qalanların siyahısı isə bizim Elgizlə başlayır, Zaurlarla bitir.
Buna görə də Rövşən Vəliyev kimi, sözün əsl mənasında, istedadlı adamları  Azərbaycan teleməkanı udur.
Yox, söhbət ancaq televiziyadan getmir. Yazılı jurnalistikamızda  jurnalistikaya aidiyyəti olmayan nə qədər  “media kapitanları”  (onlar da rəhmətlik İlhamə xanım kimi gurultulu adlarla çağırılmağı sevirlər)  var…!
Hələ onların, həmin “media kapitanları”nın iddialarına baxasınız…
Hə, onlar jurnalistikanı zəbt eləmiş insanlardır – təxminən ermənilərin Qarabağı işğal etməsi kimi. Fərq ondadır ki, beynəlxalq təşkilatların dəstəyi ilə Qarabağın azad olunmasına inansaq da jurnalistika əldən gedib…
Dəhşətli olsa da  faktdır ki, jurnalistikada birmənalı olaraq ab-havanı həmin iddialı adamlar yaradır.
Ona görədir ki, riyaziyyat üzrə ali təhsil alsa da nəşriyyat sahəsində, daha sonra – 1986-cı ildən Azərbaycan Televiziyasında çalışmaqla həyatını jurnalistikaya verən Rövşən Vəliyev üçün televiziyanın timsaha çevrilməsində binəva efirin elə də günahı yoxdur…
Onun isə günahı var və bu “günah”  ondan ibarətdir ki, Rövşən Vəliyev nəinki televiziyaya, ümumilikdə jurnalistikaya  birmənalı olaraq maarifçilik ruporu kimi baxdı. Amma həqiqətdir ki, o da digərləri kimi fəaliyyətini kommersiya istiqamətinə çevirsəydi, azından, indi Sulutəpədə –  Əzrayılın belə tapa bilməyəcəyi hansısa daxmada batıb qalmazdı.
Mən Rövşən Vəliyevi Azərbaycan Televiziyasının ekranından tanımışam və telepublisistikanın klassik nümunələrindən birini – “O kənd bizim kəndimizdir”  verilişini onun müəllif proqramında uzun müddət izləmişəm.
Əlbəttə, Ahmet Kutsinin  ötən əsrin 30-cu illərində ədəbi gündəmi zəbt edən və ruhu ilə yeni bir türk gəncliyinin tərbiyəsində Atatürkdən az xidməti olmayan “Orda bir köy var, uzakta…”  şeirinin leytmotivi ilə ərsəyə gələn layihənin məramı aydın idi – gəncliyimizə işğal altındakı Vətəni göstərib ora getməyin lazım olduğunu əxz etdirmək:
                                Orda bir köy var, uzakta,
                               O köy bizim köyümüzdür.
                               Gezmesek de, tozmasak da
                               O köy bizim köyümüzdür.
Rövşən Vəliyev bu gün Azərbaycan Televiziyasında işləmir.
Bu, bəlkə də elə belə olmalıdır.
Amma elektron kütləvi informasiya vasitələri bazarındakı cansıxıcı basırıqda  onun təsisçiliyi və baş  redaktorluğu ilə fəaliyyət göstərən  xeberlenti.com  saytına baş vuran hər kəs saytın tematikasında 60 yaşınacan qələmi öz şərəfi bilən (innən belə də belə biləcəyinə şübhəmiz yox)  bir kişinin əsl sifətini görə bilər. Mərhumiyyətlərin, şəxsi ağrıların və kasıblığın sındıra bilmədiyi bu kişi yenə öz oxucusuna Ahmet Kutsinin şeiri ilə üz tutur və hədəfi göstərir:
                                   Orda bir yol var, uzakta,
                                  O yol bizim yolumuzdur.
                                  Dönmesek de, varmasak da
                                  O yol bizim yolumuzdur.
Image result for Firuz Kazımoğlu
Firuz Kazımoğlu
Print Friendly, PDF & Email